Əsas Səhifə > Ölkə, Manşet > SAHİBKARLAR İCRA BAŞÇISINA QARŞI ÜSYAN EDİR

SAHİBKARLAR İCRA BAŞÇISINA QARŞI ÜSYAN EDİR


18-11-2013, 13:47
SAHİBKARLAR İCRA BAŞÇISINA QARŞI ÜSYAN EDİR
«BİZ PREZİDENTİMİZİ DƏSTƏKLƏYİRİK»

DİA.AZ: - «Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev sahibkarlardan pul yığmağa başlayıb». Bu sözlər DİA.AZ-a Astaradan göndərilən müraciətdə deyilir.

Müraciət müəllifləri bildirir ki, Qəzənfər Ağayev Masallıdan Astaraya göndəriləndən sonra bu rayonda yeni qaydalar tətbiq etməyə başlayıb: «Biz onunla bağlı məlumatları hələ Masallıda icra başçısı olarkən oxuyurduq. Mətbuatda onun bir mafioz başçı olduğu təəssüratı var idi bizdə. Hətta bu barədə Əhəd Abıyev Masallının deputatı olarkən də parlamentdə çıxışlarında deyirdi.

Biz də o, Astaraya göndəriləndə bu barədə məlumatları mətbuatdan axtarmağa başladıq. Yəni yeni başçımızdan xəbərdar olmaq istədik və təəssüflər olsun ki, yaxşı heç nə tapa bilmədik. Elə eşitdiyimiz o oldu ki, Masallıda sakinlərə düşmən kəsilib və yalnız öz qohum-əqrəbası üçün çalışıb. Xalqa yaxşı nəsə etməyib ki, bu gün Masallıda yaxşılığa doğru adı hallanmır».

Müraciət müəllifləri bildirir ki, Astaraya gələndən sonra da Qəzənfər Ağayev eyni qaydada işləməyə başlayıb: «Bizim günümüzü qara edib. Hər addımda sahibkarları «yada salır». Amma yaxşı mənada yox. Peşman olmuşuq. Astarada bütün abadlıq işləri bizim hesabımıza həyata keçirilir.

Halbuki prezident bu ilin 12 fevral tarixində icra başçıları ilə görüşündə bəyan etmişdi ki, sahibkarlar buk imi işlərə könüllü olaraq cəlb edilməlidir. Amma Astarada belə deyil. Bizdən töycü yığırlar sanki»…

Sahibkarlar artıq icra başçısının əməllərindən cana doyduqlarını bildirirlər: «Biz etiraz aksiyası hazırlayırıq. Yəqin ki, yaxın günlərdə səsi eşidiləcək. Amma biz indidən xəbər almışıq ki, Qəzənfər Ağayev bizimlə bağlı «yuxarılara» «müxalifətin adamlarıdır» deyə hesabat-təqdimat verib. Amma bildiririk ki, bizim müxalifətlə və ümumiyyətlə, siyasətlə qarışacağımız yoxdur və prezidentimizi dəstəkləyən adamlarıq. Sadəcə olaraq bizim narazılığımız icra başçısından və onun siyasətindəndir».

Qarşı tərəfin də mövqeyini öyrənib, diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt