Əsas Səhifə > Gündəm, Manşet > KREML AZƏRBAYCAN MƏMURLARINA ŞOK ZƏRBƏ HAZIRLAYIR

KREML AZƏRBAYCAN MƏMURLARINA ŞOK ZƏRBƏ HAZIRLAYIR


18-11-2013, 10:33
KREML AZƏRBAYCAN MƏMURLARINA ŞOK ZƏRBƏ HAZIRLAYIR
BU DƏFƏ MƏMURLARIMIZA AİD RUSİYADAKI OBYEKTLƏR HƏDƏFƏ ALINACAQ

DİA.AZ: - «Artıq Rusiya iki Cənubi Qafqaz ölkəsinə nəzarəti demək olar ki, əlinə alıb. Və indi də Azərbaycan hədəfdədir və Kremlin ölkəmizə qarşı basqıları daha da intensivləşəcək». Bu məlumat DİA.AZ-a diplomatik mənbələrdən ötürülüb.

Qaynaq bildirir ki, ruslar Saakaşvilinin gedişindən sonra Gürcüstan üzərində nəzarətlərini bərpa ediblər: «Əslində İvanaşvilinin başçılığı ilə «gürcü arzusu» koalisiyası Gürcüstanı Rusiyanın arzuladığı məcraya gətirdi. Bu gün artıq gürcülərin MDB-yə qayıdışı məsələsi belə müzakirə olunur. Doğrudur, yeni gürcü prezidenti ölkəsinin Avroatlantik məkana inteqrasiya yolunda yürüməyə davam edəcəyini bəyan edib. Amma faktiki olaraq durum tamam fərqlidir».

Mənbəmiz bildirir ki, artıq Kremllə rəsmi Tiflis arasında danışıqlar inkişaf edir: «Rusiya Gürcüstanı birbaşa olaraq gömrük ittifaqına gətirmək istəyir. Və Ermənistanla da bu siyasət davam etdirilir. Əgər belə olarsa, yəni Ermənistanın könüllü müraciəti fonunda, gürcülər də Kremlin xəttinə uyğun hərəkət edərlərsə, Azərbaycanın durumu daha da gərginləşə bilər».

Mənbəmizə görə, hələ də miqrantlarla bağlı məsələdə rəsmi Bakıya təzyiqlərini davam etdirən Kremlin bu siyasətindən vaz keçməsi də gözlənilən deyil: «Rusiya göründüyü kimi, tədrici xəttlə Azərbaycanı incidan addımlarını atmaqdadır. Əslində Moskvada bağlanan bazarlardan Azərbaycan tərəfi ikibaşlı zərər görür. Bir yandan həmin bazarlarda çalışan azərbaycanlılar işsiz qalır, incidilir və nəhayətdə vətənə dönmək zorunda qalır. Digər yandan isə, həmin bazarların sahibi olan azərbaycanlılar əllərindəki biznes imkanlarını itirməklə, böyük maddi ziyana uğrayırlar. Hətta faktdır ki, həmin bazarlardan bəziləri Bakıda vəzifə başında oturan məmurlarımıza aiddir».

Məlumatlardan aydın olur ki, Rusiyanın Moskvada bazarlarımıza qarşı başlatdığı siyasət miqyas baxımından genişlənə bilər: «Bu gün Rusiyada azərbaycanlı məmurlara aid təkcə bazarlar yox, həm də digər obyektlər də mövcuddur. Kiminin restoranlar, kiminin də otellər şəbəkəsi var. Kiminin zavod-fabriki, kiminin də başqa təmayüllü şirkətləri var. Yəni Bakıdakı məmurların, deputatların ən azından 30-40 faizinin Rusiya ərazisində biznesi mövcuddur ki, artıq ruslar məhz sözügedən istiqamətdən Bakını sıxmağa qərarlıdırlar».

Mənbəmizin iddialarına görə, Rusiya Azərbaycana qarşı siyasətinin ikinci dalğasında məhz sözügedən istiqamətdən zərbəsini vuracaq: «Təbii ki, burada əsas məqsəd yenə də rəsmi Bakını yola gətirməkdən ibarətdir. Buna Bakının nə qədər duruş gətirəcəyini indidən söyləmək mümkün deyil. Amma bugünkü real mənzərə ondan ibarətdir ki, hələlik tərəflər arasında ortaq dil mövcud deyil».

Geri qayıt