Əsas Səhifə > Ölkə > SƏFİRLƏRİN DÖYÜŞÜ

SƏFİRLƏRİN DÖYÜŞÜ


30-01-2012, 16:09
SƏFİRLƏRİN DÖYÜŞÜ

TÜRKİYƏ SƏFİRİ FRANSA SƏFİRİNƏ CAVAB VERDİ

Türkiyənin Azərbaycandakı səfirliyi Fransa səfirinin APA-ya müsahibəsinə cavab olaraq açıqlama yayıb. Səfirlikdən APA-ya göndərilən açıqlamada deyilir:

“Fransa Milli Assambleyasının və Senatının Türkiyə və əslində bütün türk milləti əleyhinə qəbul etdiyi qərar haqqında mətbuatda səfirimizin müsahibələri və səfirliyimizin açıqlamaları dərc edilib. Bütün türk dünyasının hüquqlarını müdafiə etməyi nəzərdə tutan, Türkiyə və Azərbaycanda həmrəyliyin yüksək səviyyədə olduğunu göstərən mövqeyimizin bəzi dairələrdə narahatlıq yaratdığı Fransanın Azərbaycan Respublikasındakı səfirinin APA Agentliyində 25 yanvar 2012-ci il tarixdə yayımlanan ifadələrində təəssüf ki, açıq-aşkar görünür. Fransa səfiri məsələni başqa tərəfə çəkməyə çalışaraq Türkiyə, Azərbaycan və bütün türk dünyası əleyhinə atılmasına cəhd edilən addımları, bəsit siyasi divident əldə etmək naminə böyük millətimizə “soyqırımçı” yamağı vurmaq səylərini gizlədə bilməz. Çünki Azərbaycan mətbuatında minnətdarlıqla izlədiyimiz xəbərlər və şərhlərdə ictimai rəyin hansı tərəfə meyl etdiyini çox gözəl göstərir. Bu xəbərlərin ən maraqlısı “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı” başlığı ilə “Xalq Cəbhəsi” qəzetinin 26 yanvar 2012-ci il tarixli sayında dərc olunub. Həm Milli Məclis üzvlərindən, həm də vətəndaş cəmiyyəti təmsilçilərindən gələn şərhlərdə, Fransa səfirinin ifadələrinin açıq-aydın şəkildə tənqid edildiyi diqqəti çəkir. Türkiyə Respublikasının Azərbaycandakı səfirinə nəyin yaraşdığı və ya yaraşmadığı məsələsi isə təbii olaraq səfirin fəaliyyəti ilə birinci dərəcədə əlaqəli olan Türkiyə və Azərbaycan rəsmiləri və ictimaiyyəti tərəfindən qiymətləndirilə bilər. Bununla əlaqədar olaraq təbiidir ki, keçən il Senatda rədd edilən qanunun qısa müddət əvvəl Qanunlar Komissiyası tərəfindən Konstitusiyaya zidd olduğu bildirilməsinə baxmayaraq, bu il eyni Senat tərəfindən qəbul edilməsinin səbəbinin izahını Azərbaycan ictimaiyyəti Fransa səfirindən gözləyir. On minlərlə türkün bu irqçi qanun səbəbilə milli heysiyyətlərini qorumaq üçün Paris küçələrində təşkil etdiyi nümayişlər onu göstərir ki, bu insanlar dinclik tapa bilmirlər və narahatlıq keçirirlər. Bunu nəzərə alaraq Fransa səfirinin Fransadakı türk toplumunun narahatlığının səbəbi ilə əlaqədar təkrar şərh verməsi məntiqli bir davranış olardı. Fransada yaşayan türk toplumu qəlbimizin bir parçasıdır. Onlara həqarət etdiyimizi hesab edənlər bilməlidirlər ki, həqarət ilə sevgi sözlərini bir-biri ilə qarışdırırlar. Səfir ölkəsində yaşayan 2 etnik icmadan birinin ifadə və düşüncə azadlığını qadağan edərək digər etnik qrupun ifadə və düşüncə azadlığına sərbəstlik verilməsini, görəsən, necə izah edəcək? Bu fakt Fransanın üç şüarından biri olan “bərabərlik” anlayışına uyğun gələ bilərmi? Fransa səfirinin aşıqlamasında Fransanın yaxın keçmişdə törətdiyi qətliamlara görə öz məsuliyyətini dərk etdiyi kimi izah oluna bilən ifadəsi dərin peşmanlıq hissi ilə günahını yumaq cəhdi hesab oluna bilər. Bununla yanaşı, bir millətin tarixində yer alan qəbuledilməz hadisələrin millətimizin tarixində də eyni şəkildə yer aldığını irəli sürməyə çalışmaq, mövcud durumun dəhşətli olduğunu göstərmək üçün kifayətdir. Burada bir məsələni unutmamaq lazımdır ki, üçüncü tərəflərin əsassız iddialarına əsaslanaraq hərəkət edən bəzi siyasətçilər müəyyən mənafelər güdərək tarix yaratmaq yolunu tutmuşdur. Tarixçi olmayan bəzi fransız senatorların yüz il bundan əvvəl baş verən və isbat edilməmiş bir hadisənin inkarının cəzalandırılmasına səs verməsi, tarixi, elmi mərkəzlərdən çıxararaq siyasətə həvalə etməsi yolverilməzdir. Parlamentlər məhkəmə olmadığı kimi, siyasətçilər də hakim deyildir. Hüquqa, tarixə və insanın təbiətinə zidd olan bu qanunu Fransa xalqının və çox sayda millət vəkili və senatorun qəbul etmədiyi məlumdur. Millətimizi üzən və vicdanını acıdan bu irqçi qanun xalqlar arasında hüzursuzluğu artıracaq, etimadsızlığı gücləndirəcək, ksenofobiya və irqçilik kimi cəmiyyət travmalarını dərinləşdirəcək. Fransanın ən nüfuzlu hüquqi qurumu olaraq bilinən Konstitusiya Şurasının bu irqçi qanunu ləğv edərək Fransa xalqını böyük tarixi və hüquqi yanlışlıqdan çəkindirməsi və bu irqçi qanunu tarixin zibilliyinə göndərməsini gözləyirik. Azərbaycanda çox sayda rəsmilərin, siyasi partiyaların nümayəndələri, qeyri-hökumət təşkilatları, ziyalılar, mütəfəkkirlər Dağlıq Qarabağ probleminin həlli prosesində ATƏT Minsk Qrupunda Fransaya dərin etimadsızlıq duyduqlarını və Fransanın bu qrupdan çıxmalı olduğunu açıqlamışlar. Bu durumda məsələnin həllində tərəf saxladığı aydın görülən Fransanın Minsk Qrupundan ən qısa müddətdə çıxmasını gözləyirik. Türkiyə hüququ, təməl bəşəri dəyərləri və ictimai vicdanı heçə sayan bu haqsız qərara qarşı bütün qanuni yollarla mübarizə aparmağa qərarlıdır. Bu çərçivədə, qardaş Azərbaycanın indiyə qədər bu haqlı mübarizəmizdə hər səviyyədə bizə verdiyi, yüksək qiymətləndirdiyimiz dəstəyi davam etdirəcəyinə inanırıq”.

Geri qayıt