Əsas Səhifə > Hadisə > "FACEBOOK" MƏHKƏMƏSİ BAŞLADI

"FACEBOOK" MƏHKƏMƏSİ BAŞLADI


15-11-2013, 11:27
"FACEBOOK" MƏHKƏMƏSİ BAŞLADI
"ACCESSBANK" KEÇMİŞ İŞÇİSİ İLƏ ÜZ-ÜZƏ

Noyabrın 14-də Şirvan Apellyasiya Məhkəməsi “Facebook işi” üzrə hazırlıq iclasını təxirə salıb. Hazırlıq iclasının təxirə salınması Accessbank-ın vəkillərinin sənədlərinin qaydasında olmaması ilə əsaslandırılıb.

Şirvan Apellyasiya Məhkəməsi Astara Rayon Məhkəməsinin Mikayıl Talıbovu İnternetdəki ifadələrinə görə cinayət məsuliyyətinə cəlb edən hökmündən şikayətə baxır.

Media Hüququ İnstitutunun məlumatına görə, “Facebook işi” ilə bağlı Azərbaycan Cinayət Məcəlləsiniun 147 və 148-ci maddələri böhtan və təhqirə görə cinayət cəzaları nəzərdə tutur. Parlament 14 may 2013-cü ildə həmin maddələrə cəzaları daha da sərtləşdirən dəyişikliklər edib. Dəyişikliklərə əsasən həmin maddələr İnternetdə yayılan ifadələrə də tətbiq edilir.

Dəyişikliklər qüvvəyə mindikdən sonra Astara Rayon Məhkəməsi 2013-cü ilin iyulunda Accessbank-ın keçmiş işçisi Mikayıl Talıbovu İnternetdəki ifadələrinə görə cinayət məsuliyyətinə cəlb edən hökm çıxarıb.

M.Talıbov əvvəllər AccessBank Qapalı Səhmdar Cəmiyyətdə çalışıb. İşindən çıxarılmasını qanunsuz saydığından bununla bağlı əlaqəli qurumlara şikayət edib. M.Talıbov eyni zamanda Facebook-da “Accessbank – Haqsızbank” adlı səhifə yaradaraq bankın işini sərt ifadələrlə qamçılayıb. Bank həmin səhifəni diffamativ məzmunlu sayaraq məhkəmədən M.Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb etmişdi. Məhkəmə mətnlərdəki “Accessbank- Haqsızbank”, “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “bankda 50 000 manata 5 000 manat şapka alınır” və digər oxşar ifadələrin böhtan məzmunlu olduğu qənaətinə gəlib. Məhkəmə M. Talıbovu Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən 147.1 maddəsi ilə təqsirli bilərək aylıq qazancının 20%-ni dövlətə almaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edib. Məhkəmə həmçinin M.Talıbovun üzərinə Facebook-da təkzib vermək vəzifəsi qoyub.

Məhkəmədə M. Talıbovu Media Hüququ İnstitutunun vəkilləri təmsil edirlər.

“Facebook işi” üzrə məhkəmənin hazırlıq iclası noyabrın 25-də keçiriləcək.

Geri qayıt