Əsas Səhifə > Siyasət, Manşet > DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ REGİONÇULUQ

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ REGİONÇULUQ


30-01-2012, 10:17
DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ REGİONÇULUQ

AYDIN ƏLİYEVİN MÜAVİNLƏRİ NƏDƏN EYNİ KƏNDDƏNDİRLƏR?

DİA.AZ: - Hakimiyyətin korrupsiya şousunu artıq başa çatmış saymaq olar. Digər bunaqədərki layihələr kimi antikorrupsiya kampaniyası da fiaskoya uğradı. Mütəxəssislər də hesab edirlər ki, əgər korrupsiya ilə mübarizə sahəsində ciddi tədbirlər görmək istənilirsə, bu iş korrupsiyaya qurşanmış məmurların hegemon olduğu strukturlara deyil, müstəqil ekspert və ictimai təşkilat nümayəndələrindən təşkil olunmuş müstəqil quruma həvalə edilərdi.

Korrupsiyaya qarşı »mübarizə» kampaniyasının başlanğıcında Gömrük Komitəsində də rüşvətin tamamilə yığışdırıldığı barədə məlumatlar yayılsa da, sonradan bunun yalan olduğu üzə çıxdı. Qeyd edək ki, Dövlət Gömrük Komitəsi bir sıra mal və məhsullara, xüsusilə də ölkəyə gətirilən avtomobillərə görə alınan böyük miqdarda rüşvət tələbini yalnız bir-iki gün dayandırdı. Hazırda yenə də gömrük işçilərinin ölkəyə mal gətirən sahibkarları soyub-taladıqları barədə ciddi xəbərlər gəlir. Gömrük Komitəsinin rüşvətin ən çox yayıldığı və ölkədə monopoliyalaşmanı stimullaşdıran əsas dövləq qurumu olduğunu nəzərə alaraq, orada baş verənlərə toxunmaq istəyirik.

Dövlət Gömrük Komitəsi dövlət qurumları arasında mətbuat və cəmiyyət üçün ən qapalı qurumlardan biridir. Bu baxımdan Komitəni hətta hərbi qurumlarla müqayisə etmək olar. Bu qapalılığın səbəbləri aydındır, rüşvət və korrupsiya yuvası olan Gömrük Komitəsinin rəhbərliyinin öz qara əməllərini cəmiyyətdən gizli saxlamasının başqa yolu yoxdur. Qapalılığın necə təmin edilməsinə gəlincə, elə qurumun rəhbərliyində təmsil olunan şəxslərin tərcümeyi-halına baxmaq yetər. Belə ki, DGK sədri Aydın Əliyevin 4 müavini var. Yəni, birinci müavini Səfər Mehdiyev Naxçıvanın Nehrəm kəndindəndir. O, 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər komitə sədrinin müavini vəzifəsində işləyib. Həmin vaxtdan sədrinin birinci müavini vəzifəsində çalışır. Aydın Əliyevin digər müavini xidməti gömrük xidməti general-leytenantı Əsgər Abdullayev də Nehrəmdəndir. İxtisasca iqtisadçı olan Əsgər Abdullayev 1996-2006-cı illərdə komitədə idarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. 2006-cı il iyunun 21-dən müavindir.

Digər müavin Rza Həsənəliyev də Naxçıvandandır. Gömrük Komitəsində əmək fəaliyyətinə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor vəzifəsində başlayıb. İşlər idarəsinin rəis müavini, sonradan həmin İdarənin rəisi vəzifələrində işləyib. 1999-cu ilin fevral ayında komitə sədrinin müavini təyin edilib. Aydın Əliyevin bir müavini də vaxtilə Ordubadda baytarlıq stansiyasında çalışan Nazim Məmmədovdur. Aydın Əliyevin özü isə kökəncə Qərbi Azərbaycandandır. Belə anlaşılır ki, bu Komitənin rəhbərliyi yerlibazlıq və qohumbazlıq prinsipilə formalaşdırılıb ki, bu da Komitənin qapalı bir quruma çevrilməsində mühüm rol oynayıb.

Hazırda Gömrük Komitəsində nəyin baş verməsini müəyyən etmək üçün ölkəyə gətirilən avtomobillər üçün alınan gömrük rüsumlarına diqqət yetirmək lazımdır. Lakin bu məsələyə toxunmamışdan öncə sabiq sədr Tahir Əliyev olan zaman ölkə başçısı ulu öndər Heydər Əliyevin keçirdiyi müşavirəyə diqqət yetirmək istəyirik. Çoxlarının yadında olar ki, müşavirədə nazirlərin və ölkə başçısının qarşısında hesabat verən zaman elə bir »quş» buraxdı ki, bu ona çox baha başa gəldi. Hesabat zamanı sabiq sədr Tahir Əliyev bildirdi ki, »Çoxları deyir ki, gömrük pul alır. Etiraf etməliyik ki, gömrük pul alır, oun içində rüsum da var». Ulu öndər isə rüsumun dövlətin qanuni işi olduğunu Tahir Əliyevin diqqətinə çatdıraraq əlavə aldıqları pulun nə olmasını ondan soruşdu. »Quş»ladığını görən Tahir Əliyev isə gülüş doğuracaq cavab verərək rüsumla pulu qatışdırdıqlarını bildirdi. Təbii ki, o, elə bu sözə görə vəzifədən uzaqlaşdırıldı. Bəli, bu gün Gömrük rüsumu alınır və onun içində pul da var ki, bu, rüşvətdir. Çünki vətəndaşlar ölkəyə xaricdən avtomobil alıb gətirərkən onlardan »rastomoşka» üçün »rüsum.az» saytında göstərilən qiymətdən artıq pul alınır. Amma Komitə sədri Aydın Əliyevdən əlavə aldıqları pulun nə olduğunu soruşan yoxdur. Ona görə də haqlı narazılıqlar baş alıb gedir.


Geri qayıt