Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCAN QARABAĞI NECƏ AZAD EDƏ BİLƏR?

AZƏRBAYCAN QARABAĞI NECƏ AZAD EDƏ BİLƏR?


13-11-2013, 12:33
AZƏRBAYCAN QARABAĞI NECƏ AZAD EDƏ BİLƏR?
ARTIQ RUSLARLA DANIŞMAĞA HALIMIZ, DARTIŞMAĞA MÖVZUMUZ QALMAYIB

DİA.AZ: - Hələ Putinin Bakıya səfəri zamanı belə bir məlumat dövriyyəyə buraxıldı ki, rəsmi Bakı Rusiya prezidenti ilə danışıqlarda Qarabağın azadlığı məsələsini ciddi şəkildə müzakirə edib. Və xəbərlərdə deyilirdi ki, ruslar Qarabağın hərbi yolla azad edilməsinə göz yuma bilərlər, amma müəyyən şərtlərin daxilində…

Ruslar bizdən nə istəyir?

Əslində hələ də bütünlükdə olaraq Cənubi Qafqaza «Cənubi Rusiya» kimi yanaşan Kremlin Azərbaycandan nəyi istədiklərinin konturları cəmiyyətə tam olaraq məlumdur. Söhbət SSRİ-nin yeni modeli kimi, amma bir qədər genişləndirilmiş formatı olaraq təqdim olunan Avrasiya Birliyində Azərbaycanın da təmsil olunmasından gedir. Məlumdur ki, Putin hakimiyyətə gəlişindən sonra SSRİ-nin bütün atributları ilə yanaşı, onun ərazisini də özü üçün hədəf kimi müəyyən etdi. Və bundan sonra ortaya bir Avarasiya ideyası atıldı, hətta Türkiyənin belə bu birlikdə iştirakı Kremlin prioritet maraqları sahəsinə daxil oldu.

Bilgilərə görə, Rusiya keçmiş sovet məkanı hesab olunan Şərqi Avropa, həmçinin keçmiş SSRİ, Türkiyə və daha bir neçə ölkənin, hətta Monqolustanın belə iştirakı ilə yeni Avrasiya Birliyinin yaradılmasını planlaşdırır. Əslində romantik turançıların təsvir etdiyi Böyük Türk İmperiyasının konturları üzərində Putinin Böyük Rusiya qurma cəhdi kimi dəyərləndirilən bu plana Türkiyənin cəlb edilməsinin də əsas nədənləri hər kəsə aydındır. Çünki Putinin ideal kimi qəbul etdiyi Dəli Pyotrun vəsiyyətində açıq şəkildə qeyd olunur ki, Rusiya o zaman dövlət olacaq ki, Çarqrad (İstanbul) onun paytaxtı olacaq…

Yəni belə bir nəhəng planın içində Azərbaycanın Qarabağ maraqları olduqca kiçik görünsə də, bu gün Azərbaycan üçün Qarabağ probleminin həllindən böyük bir çətinlik mövcud deyil. Bunu ruslar da yaxşı bildiyindən məhz Qarabağ problemi üzərində manipulyasiyalarını Rusiya-Azərbaycan diplomatik münasibətlərində inkişaf etdirməklərindədirlər. Rusiya əslində Azərbaycana yeni nəsə vəd etmir. Onlardan ayrıldığımız zaman itirdiyimiz Qarabağı onlara döndüyümüz zaman geri verə biləcəyini deyir.

Azərbaycanın isə Qarabağın müqabilində müstəqilliyindən vaz keçməsi nə gözlənilən deyil, nə də inandırıcı. Bunu da yaxşı anlayan Kreml Avrasiya Birliyini Avropa Birliyinin anoloqu kimi qəbul entdirməyə çalışır. Amma görüntüdə olanı və barəsində danışılanı rusların sübut etməyə çalışdıqlarının tam əksini ortaya qoymaqdadır.

Azərbaycan ruslardan nə istəyir?

Təbii ki, Azərbaycanın Rusiyadan nə istədiyi hər kəsə aydındır: QARABAĞIN AZADLIĞI PROSESİNƏ GÖZ YUMULMASI… Ruslar da yaxşı bilirlər ki, artıq özünümüdafiə qüdrətini kifayət qədər gücləndirmiş Azərbaycanın Qarabağı rusların bir göz yumması ilə, bir göz qırpımında azad etməsi mümkündür. Və elə buna görə də Rusiya Azərbaycana bu fürsəti olduqca baha qiymətə - az qala müstəqilliyinin müəyyən hissəsindən imtina dəyərinə satmağa qalxıb.

Azərbaycan isə hövsələ nümayiş etdirir. Amma bu da müvəqqəti prosesdir. Elə bunun fərqinə varan Rusiya Azərbaycanı Qarabağı azad etmə yolundan yayındıra bilməsi üçün çaba sərf etməkdədir. Buna da şahidlik edirik. Artıq Rusiyada azərbaycanlıların yaşaması imkansızlaşıb və get-gedə tamamən mümkünsüz bir hala çevriləcək. Və bu işin arxasında birbaşa olaraq rəsmi Moskvanın dayanması faktdır.

Ruslar azərbaycanlıları incidirlər, əzirlər, öldürürlər. Ki, azərbaycanlılar geri dönsünlər. Və geri dönənlər də var. Onların da sayları günbəgün artmaqdadır. Amma Rusiyanın istədiyi tam bu deyil. Yəni bu gün Putinə Maoskvanın, həmçinin digər rus şəhərlərinin azərbaycanlılardan təmizlənməsi lazım deyil. Putinə bu faktın Bakını narahat etməsi lazımdır. Amma Bakı üçün Rusiyanın məlum təhdidləri o qədər təhlükəli hesab olunmur. Hətta sayları 3 milyonun üzərində göstərilən bütün Azərbaycan vətəndaşlarının geriyə dönüşü belə Azərbaycanda rusların anons etdiyi sosial partlayışa gətirib çıxara bilməz. Çünki şərait və vəziyyət tamam başqadır və Rusiyanı tərk edən azərbaycanlıların artıq böyük hissəsi öz bizneslərini qardaş Türkiyəyə köçürməkdədirlər. Yəni bazar hər yerdə bazardır…

Bundan isə itirən ruslar olacaq. Və artıq Azərbaycanın Rusiyanı qane etməyəcək prosesdə ciddi qərarlılıq nümayiş etdirməsi də aşkar surətdə duyulandır. Söhbət Qarabağın hərb yolu ilə azad olunmasından gedir.

Bu barədə DİA.AZ-a daxil olan faktlar da təsdiqləyir ki, Azərbaycan Qarabağın hərb yolu ilə azad edilməsi üçün çox ciddi tədarüklər içindədir və bu da müharibənin artıq qapımızda olmasından xəbər verir. Gələn məlumatlara görə, Azərbaycan qısa müddətli hərbi əməliyyatlar hesabına Xankəndini azad etməyi planlayır. Buna görə də ruslar Azərbaycanı hətta Ermənistandakı hərbi güclərinin komandanının dili ilə də hədələdilər. Amma ruslar da yaxşı bilir ki, Azərbaycanın hazırki hərbi qüdrəti hətta Ermənistan qoşunlarına Rusiyanın dəstəyilə birgə qələbə qazanması üçün də yetərlidir. Yəni Rusiyanın Ermənistanda saxladığı hərbi baza dəstək versə belə, Azərbaycanı Qarabağı güc yolu ilə azad etməkdən durdura bilməyəcək.

Ən əsası, Azərbaycan Gürcüstan deyil. Və Azərbaycanın Rusiya ilə aylarla savaş apara bilməsi üçün də imkanları yetərlidir. Və Azərbaycana Rusiyanın hər hansı açıq hərbi müdaxiləsi də dünya birliyi tərəfindən sakitliklə qarşılana bilməz. Çünki Gürcüstandan fərqli olaraq Azərbaycan Avropa və Amerika üçün həm də regionun enerji təhlükəsizliyinin qarantı hesab olunur.

Bu faktlar isə rusları da düşündürür. Azərbaycanın isə düşünməyə vaxtı yoxdur. Çünki Sərkisyan o qədər qudurub ki, Azərbaycan torpaqlarında hərbi təlimlər də keçirir…

Geri qayıt