Əsas Səhifə > Gündəm, Manşet > ZAKİR HƏSƏNOVLA BAĞLI ŞOK FAKTLAR AÇIQLANDI
ZAKİR HƏSƏNOVLA BAĞLI ŞOK FAKTLAR AÇIQLANDI13-11-2013, 11:36 |
TANINMIŞ HƏRBİ EKSPERT NAZİRLİKDƏ KİMLƏRİ HƏDƏFƏ ALDI VƏ NECƏ? DİA.AZ: - Tanınmış hərbçi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, Müdafiə Nazirliyindəki yeni kadr islahatları ilə bağlı yeni şok faktlar açıqlayıb. Ekspertlər sözügedən məlumatları özünü facebook səhifəsində paylaşıb. Statusu DİA.AZ olaraq olduğu kimi sizlərə təqdim edirik. "Dəyərli dostlarım, artıq neçə gündür ki, Müdafiə Nazirliyi (MN) ilə bağlı xəbərləri paylaşmıram deyə, dostlar bərk narahatdırlar. Telefon zənglərinin ardı-arası kəsilmir. İstəyirdim ki, heç olmasa noyabrın 23-nə kimi səbrimi basım və ondan sonra bəzi fikirlərimi bölüşəm. Amma, görürəm ki, MN kimi qurumda çox, özü də çox ciddi səhvlərlə müşayiət edilən kadr təyinatları və yerdəyişmələri həyat keçirilir. Faktiki olaraq, yeni nazir general-polkovnik Zakir Həsənovun hələ vəziyyəti tam nəzarətinə ala bilməməsindən istifadə edərək onun başabəla birinci müavini - Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov istədiyini kobud şəkildə edir və ona dur deyən hələliksə bir kimsə yoxdur. Mənə ünvanlanan saysız-hesabsız müraciətlərdə ordunun içində olan zabit və hətta gələcəyin zabitləri olan müdavimlər, əsgər valideynləri son dərəcə narahatdırlar. Hesab edirəm ki, onlar çox haqlı olaraq öz narazılıqlarını və narahatçılığını bildirirlər. Açığı deyim ki, özüm bu günlər ərzində bilərəkdən heç bir məlumatı paylaşmadım ki, görüm bizim MN-in informasiya siyasətini həyata keçirən dostlar mətbuatla necə işləyirlər. Və ümumiyyətlə işləyə bilirlərmi? Beyləqan Hərbi Birləşməsindəki məlum hadisə ilə bağlı verilən məlumatdan sonra, başa düşdüm ki, deyəsən, kimlərsə konkret olaraq yeni nazir Zakir Həsənovu həm mətbuatın, həm də cəmiyyətin gözündən salmaqda israrlıdırlar. Və onun adından və imzası ilə həyata keçirilən kadr təyinatları da ordu daxilində böyük təəssüf hissi ilə qarşılanır. Peşəkarlar deyil, biznes maraqlarından irəli gələn təyinatlar isə şəxsi heyətdə sabaha ümidsizlik yaradır. Son günlər edilən 2 təyinat haqqında yazacam və digərləri haqqında isə yaxın günlərdə. Uzun illər Respublika Hərbi Komissarlığının Biləcəri Toplanış məntəqəsinin çağırış məntəqəsində çalışmış, baş leytenant rütbəsindən polkovnik rütbəsinə kimi orada vəzifə pillələrini keçən polkovnik Hikmət Xalıqov MN Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini təyin edilməklə rəisin vəzifələrini icra edilməyə buraxılıb. Bu yaxınlara kimi bu vəzifəni general-leytenant Yaşar Aydəmirov icra edirdi. İndi ortaya çox asan və asan olduğu qədər aydın bir sual yaranır. Dünənə kimi, MN-nin Elm, Hərbi Təhsil və Tədris şöbəsində baş zabit olan dostumuz Hikmət Xalıqovun yenidən çağırış məsələlərini həyata keçirilməsində "vacib işlərə" gətirilməsində məqsəd nədir? Cavabını orduda kimi hara və necə yerləşdirilməsini gözəl bilən hər bir Azərbaycanlı əsgər və ya çavuş atası əla bilir. Məqsəd, isə 2014-cü ilin yanvar ayından SQ üzrə bütün çağırışları TAM NƏZARƏTə almaqdır. Allah bazar verməsin!! Dünən isə, nəhayət ki mətbuatın çoxdan gözlədiyi daha bir kadr təyinatı həyata keçirilib. Adı sabiq nazir Səfər Əbiyevin kadrları sırasında davamlı çəkilən MN Hərbi Nəşriyyatının rəisi, sabiq hərbi komissarlıq işçisi istefada olan polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilib. Onun yerinə isə, bu sahə ilə ümumiyyətlə heç bir əlaqəsi olmayan, bir müddət Binə Aeroportunun Hərbi Komendantlığında çalışan polkovnik-leytenant Rəşad Abuzərov təyin edilib. Buna qədər isə, adı çəkilən zabit C. Naxçıvanski adına Hərbi Litseydə xidmət keçirdi. Yeri gəlmişkən, R. Abuzərov HHQ və HHM qoşunlarının sabiq komandanı general Rail Rzayevin bu yaxınlarda MN-də vəzifəyə təyin edilmiş qardaşı Rəfael Rzayevin Binə Aeroportunda köməkçisi işləmişdir. Diqqət yetirdinizsə, son 2 kadr təyinatlarından yazdım. Amma, elə xəbərlər var ki, onları burda yazsaq, rüsvayçılığın biri 1 qəpik olar. Hörmətli Zakir müəllim, Cənab müdafiə naziri! Cəbhə bölgəsində bəzi yerlərdə artıq qar-şaxta var. Olmaz ki, bu kadr yerdəyişmələrini Siz bir qədər saxlayıb, ordunun qış hazırlıqları ilə məşğul olasınız??? Nə belə ciddi zərurət var ki, Siz, iddiaları baş alıb gedən, ordudan daha çox öz varlanmasını gecə-gündüz fikirləşən və Sizə başağrısı gətirən Nəcməddin Sadıqovun hikkəsi ilə həm öz adınızı, həm SQ adını, Sizə bəslənən ümidlərin üzərindən belə addımlarla xətt çəkirsiniz? Hər halda, artıq cəmiyyətdə bəzi ümidsizliklər baş alıb getməkdədir. Məndən yazmaq, Sizdən isə bunlara əhəmiyyət verib-verməmək. Uğurlar və yaxın günlərdə ŞOK açıqlamalar ümidi ilə". Geri qayıt |