Əsas Səhifə > Gündəm, Manşet > AZYAŞLI QIZI QAÇIRILAN ATANIN FƏRYADI

AZYAŞLI QIZI QAÇIRILAN ATANIN FƏRYADI


12-11-2013, 14:11
AZYAŞLI QIZI QAÇIRILAN ATANIN FƏRYADI
CƏLİLABAD SAKİNİ İKİ HƏFTƏDİR Kİ, AZYAŞLI QIZINDAN XƏBƏR TUTA BİLMİR

DİA.AZ: - Redaksiyamıza Cəlilabad rayon Alar kənd sakini şikayət məktubu ilə müraciət edib. Bildirək ki, bu şikayət məktubunu oxuyanda bir atanın övladı üçün üsyana qalxdığı açıq-aydın duyulsa da, nədənsə aidiyyatı qurumlar Cəlilabad sakini Nağıyev Rahil Nağı oğlunun üzləşdiyi problemi nəinki aradan qaldırmağa səy göstərir, onu hətta cəncələ də salırlar.

Söhbət qız qaçırmadan gedir. Bildirək ki, bu ənənə Azərbaycanda bineyi-qədimdəndir. Hətta İslamdan da öncəyə aid olunur. Və daha çox Şərq xalqlarına yaxın olan bu ənənə müasir qanunlarla cinayət hesab olunur. Və hətta adam oğurluğu kimi anlaşılır.

DİA.AZ-a müraciət edən Nağıyev Rahil Nağı oğlu bildirir ki, onun da azyaşlı - cəmi 14 yaşı olan qızını qaçırıblar. Hər halda, bu cür evlənmə mentalitetimizə uyğun olsa da, bir azyaşlının ata-ana xeyir-duası olmadan və ümumiyyətlə, 14 yaşlı bir qızın ailə qurmağa vadar edilməsi faktiki olaraq cinayətdir.

Elə bunu Rahil Nağıyev də sübut etməyə çalışır: «Mənim qızım - 14 yaşlı Aytəkin Nağıyeva bu ilin 28 oktyabr tarixində Bakı şəhərinə zorla qaçırılıb. Bu işdə heç bir razılığım olmayıb. Və qızım yoxa çıxandan sonra «102»yə zəng etdim və oradan da aidiyyatı üzrə işin araşdırılmasını 13-cü polis bölməsinə tapşırdılar. Amma həmin tarixdən etibarən qızımın qaçırılması ilə bağlı heç bir təhqiqat aparılmır».

Narazı vətəndaş həm polisdən narazıdır və həm də bu işin ört-basdır edilməsindən şikayətçidir: «Mən elə güman edirəm ki, bu işi ört-basdır edirlər. Sizdən xahiş edirəm, mənə heç olmasa, qızımın yerini deyin. Mən atayam və məni başa düşün».

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt