Əsas Səhifə > Gündəm, Manşet > SƏLİM MÜSLÜMOV KÖHNƏ NAZİRİN KADRLARINA QARŞI

SƏLİM MÜSLÜMOV KÖHNƏ NAZİRİN KADRLARINA QARŞI


8-11-2013, 12:06
SƏLİM MÜSLÜMOV KÖHNƏ NAZİRİN KADRLARINA QARŞI
ƏSLİNDƏ BUNUN ADINA «KADR İSLAHATI» DEYİLMƏSİ ÇOX ÇƏTİN OLACAQ

DİA.AZ: - Dövlət Sosial Müdafiə Fondundan nazir vəzifəsinə irəli çəkilən Səlim Müslümov total kadr islahatlarına start verib ki, bu da bir çox yerlərdə narazılıqla müşahidə olunmaqdadır. Çünki aparılan kadr islahatlarının arxasında başqa bir marağın da yatdığı ortadadır. Belə ki, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin yerlərdəki təşkilatlarının rəhbərlərinin dəyişdirilməsi prosesinə start verən yeni nazirin adamları Fizuli Ələkbərovdan qalma kadrları rəsmən sıxışdırmaqla məşğuldur.

Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Fizuli Ələkbərovun kadrlarına qarşı hücuma keçən yeni nazir bu məsələni nazirliyə vəzifəyə gətirdiyi adamlarından birinə həvalə edib: «Həmin şəxs bir-bir ƏƏSMN-nin yerlərdəki kadrlarını Bakıya çağırır və onlarla vəzifədə qalıb-qalmamaları ilə bağlı sorğu-sual edir. Bu sorğu-sual zamanı vəzifədə qalmaq istəyənlərə konkret məbləğ deyilir. Yəni hər bir görəvin öz qiyməti var. Bu isə təbii olaraq köhnə kadrlarda narazılıq yaradıb. Çünki onların arasında elələri var ki, heç bir illəri tamam olmayıb. Amma buna baxmayaraq, yenidən vəzifələrinin bədəlini ödəmək zorundadırlar».

Məlumatı verən bir məqamı da vurğuladı ki, Səlim Müslümovun adından aparılan bu prosesdən çıxmayan əyalət məmurları ilə bağlı yaxın günlərdə qərar veriləcək: «Təbii ki, mətbuatda bu proses yeni nazirin «kadr islahatı» kimi təqdim olunacaq. Və kimsə durub etiraz etməyəcək ki, pulu çatmadığına görə və yaxud da pul vermədiyinə görə, vəzifəsində qala bilməyib. Ona görə ki, bu gün ƏƏSMN-nin yerlərdəki nümayəndələrinin böyük əksəriyyətinə anında cinayət məcəlləsinin konkret maddəsi ilə ittihamı mümkündür. Elə korrupsiyaya qarşı mübarizə idarəsinin son illərdə ƏƏSMN-nin strukturlarında həyata keçirdiyi antikorrupsiya tədbirləri də belə deməyə əsas yaradır ki, yetərimncə korrupsiyalaşmış bu qurumda cinayətkar tapmaq asandır. Odur ki, yeni nazirin məlum kampaniyasına qarşı hər hansı ictimailəşən etiraz dalğası gözlənilən deyil».

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt