Əsas Səhifə > Gündəm, Manşet > RƏSMİ BAKI İKİ BÖYÜK GÜCÜN MƏNGƏNƏSİ ALTINDA

RƏSMİ BAKI İKİ BÖYÜK GÜCÜN MƏNGƏNƏSİ ALTINDA


8-11-2013, 11:04
RƏSMİ BAKI İKİ BÖYÜK GÜCÜN MƏNGƏNƏSİ ALTINDA
İLHAM ƏLİYEVİN YENİ SİYASİ DƏST-XƏTTİ VƏ OBAMANIN GECİKƏN REAKSİYASI

DİA.AZ: - Nəhayətdə Amerika prezidenti Barak Obamadan da təbrik məktubu daxil oldu. Hər halda, Obamanın bu addımı «demokratiya beşiyinin» Azərbaycanda keçirilən prezident seçkilərinə ədalı baxışı kimi dəyərləndirildi. Rəsmi Vaşinqton Azərbaycandan istədiklərini ala bilmədiyindən məhz bu cür davrandı. Yəni kimsə iddia edə bilməz ki, Obama seçkilərin saxtalaşdırıldığını iddia edərək məhz bu cür davranıb. Çünki əvvəlki prezident seçkiləri də eyni ittihamlarla dolu olurdu, amma Obama belə etməmişdi. Deməli, məsələ tamamən fərqlidir. Görüntüdə olan kimi, təqdim edilən kimi deyil…

DİA.AZ-a bu barədə danışan hökumət içindəki mötəbər mənbə bildirir ki, əslində rəsmi Bakının müstəqil siyasi dəst-xətt nümayişinə necə ki, Kreml tərəfindən xüsusi aqressiya müşahidə olundu, eləcə də Amerikadan eyni tövr sərgiləndi. Yəni dünyanın hər iki gücü Bakıdan narazı qaldı. Çünki Azərbaycanda artıq müstəqil dəst-xəttə söykənən bir siyasətin yürüdülməsinə start verilib.

Diqqət yetirin, Azərbaycanda prezident seçkiləri keçirilir və bu seçkilərə münasibətdə Rusiya Bakını sıxmağa başlayır. Hələ də həmin proses davam etməkdədir və Moskvada miqrantlara qarşı yürüdülən siyasət də əslində, antiAzərbaycan ovqatı fonunda cərəyan edir ki, bunu da rəsmi Bakı-Kreml münasibətlərindəki gərginliklər əlaqələndirmək vacibdir.

Okeanın o tayındakılar da Azərbaycandan narazı qaldıqlarını Obamanın təbrik məktubunu yubatmaqla ifadə edirlər. Hər iki tərəf öz aləmində Azərbaycana təzyiqlərini nümayiş etdirir. Rusiyanın Azərbaycana təsir imkanları bir neçə müstəvidə olduğundan bütün gücünü ortaya qoyur. Bir yandan Qarabağ probleminin həlli ilə bağlı məsələdə Ermənistana açıq dəstəyini ifadə edir və hətta Ermənistanda saxloadığı qoşunlarının komandanının dili ilə Bakını hərbi qüdrətilə hədələyir, digər yandan Rusiyada yaşayan azərbaycanlıları incidərək, onların vətənə məcburi dönüşünə nail olmağa çalışır və bununla da düşünür ki, Azərbaycanda sosial partlayış yaratmaqla rəsmi Bakının qanını qaraldacaq, başqa bir istiqamətdən isə Rusiya Azərbaycan müxalifətini, Rusiyadakı tanınmış azərbaycanlıları prosesə cəlb etməklə, onların hesabına rəsmi Bakıya maneələr yaratmağa çalışır.

Rusiyadan fərqli olaraq Azərbaycana tək bir silahla - demokratikləşmə silahı ilə hücum etmə fürsətinə malik olan Amerika az qala əliyalın kimi görünür. Tək bildikləri təbrik məsələsi idi ki, bunda da davamlı ola bilmədilər. Sanki oğlan evinə acıq edən qız evi kimi sonda üzüyü qaytarası olmadılar. Çünki okeanın o tayında da yaxşı bilirlər ki, rəsmi Bakı Qərbin Azərbaycandan imtinasının qeyri-mümkünlüyünə tam olaraq əmindir. Çünki bu hal baş verərsə Qərbin, xüsusən də ABŞ-ın milli dövlət maraqları fonunda cərəyan edən regional və çox ciddi əhəmiyyətə malik olan layihələr alt-üst olacaq.

Və bütün bu gerçəkliklərə yaxşı bələd olan İlham Əliyev və onun komandası artıq əlindəki fürsətdən yararlanaraq Azərbaycanı söz eşidən yox, söz deyən tərəfə çevirə bilməsi üçün əlindən gələni etməkdədir. Kimiləri bunu Azərbaycandakı siyasi hakimiyyətin möhkəmlənməsi kimi qəbul edirsə də, realda bu həm də Azərbaycan dövlətinin möhkəmlənməsi deməkdir.

Elə buna görə də Obamanın gecikmiş təbriki əslində rəsmi Bakının güc kimi doğuşunun etirafı olaraq qəbul edilməlidir. Tək qalanı isə Rusiyadır. Amerikadan fərqli olaraq Azərbaycanı sıxa bilməsi üçün əlində kifayət qədər ciddi rıçaqlar olan Rusiya bir neçə il əvvəl Gürcüstana qarşı etdiklərini təkrarlayırmış kimi görünür. Amma Kreml də yaxşı başa düşür ki, Azərbaycan Gürcüstan deyil və Azərbaycanda hakimiyyətdə olan qüvvələri Saakavşili iqtidarı ilə eyniləşdirmək doğru deyil. Bu fərq istənilən halda Rusiya-Azərbaycan toqquşmasında özünü biruzə verəcək. Onlar da bükə bilmədikləri əli öpmək zorunda qalacaqlar.

Geri qayıt