Əsas Səhifə > Cəmiyyət > HƏRBİDƏ KORRUPSİYA İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB

HƏRBİDƏ KORRUPSİYA İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB


26-01-2012, 16:56
HƏRBİDƏ KORRUPSİYA İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB

84 FAKT ÜZRƏ ARAŞDIRMA GEDİR

Azərbaycan hərbi prokurorluq orqanları ötən il korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində 84 fakt üzrə cinayət işi başlayıb.

Trend-in məlumatına görə, bu barədə Respublika Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə keçirilən kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev deyib.

Hərbi prokuror bildirib ki, Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi kommisarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı respublikanın bir neçə rayon hərbi komissarları barəsində Cinayət Məcəlləsinin 311.1, 313, 341.1 maddələri ilə cinayət işləri başlanıb.

Həmin cinayət işlərindən Bakı şəhəri Suraxanı, Xətai rayon hərbi komissarlıqları, həmçinin Cəlilabad və Ağdam rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində aparılan cinayət işləri üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Binəqədi rayon, Sumqayıt şəhər və Gəncə şəhər Nizami rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində başlanmış cinayət işləri üzrə istintaq isə yekunlaşma mərhələsindədir.

Hesabat dövründə Hərbi prokurorluq orqanları mənimsəmə və ya israf etmə, vəzifədən sui-istifadə etmə, qulluğa səhlənkar yanaşma və bu qəbildən olan digər cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın günahkar şəxslərin hesabına ödətdirilməsi istiqamətində müəyyən işlər görərək vurulmuş maddi ziyanın 50,6 faizinin istintaq zamanı ödənməsini təmin ediblər.


Geri qayıt