Əsas Səhifə > Cəmiyyət > “BAKININ YÜKÜNÜ AZALTMAQ LAZIMDIR”

“BAKININ YÜKÜNÜ AZALTMAQ LAZIMDIR”


26-01-2012, 16:12
“BAKININ YÜKÜNÜ AZALTMAQ LAZIMDIR”

DEPUTATIN TƏKLİFLƏRİ VAR

“Bütün dünyada urbanizasiya prosesi gedir və dünya əhalisi şəhərlərə, şəhəryanı qəsəbələrə yerləşməyi üstün tuturlar. Bu məsələ Azərbaycan üçün də xasdır və ondan qaçmaq mümkün deyil”. SİA-nın xəbərinə görə, bunu millət vəkili Musa Quliyev deyib. O bildirib ki, regional əhəmiyyətli şəhərləri inkişaf etdirmək Bakının yükünü azaltmaq baxımından çox əhəmiyyətlidir. Onun sözlərinə görə, bu mənada Gəncənin inkişaf etməsi, yeni sənaye obyektlərinin qurulması, yeni infrastrukturun yaranması, xəstəxana, məktəblərin, ali məktəblərin açılması, sosial məsələlərin həlli təbii ki, uzaq dağ kəndindən gələn insanın paytaxtda yox, Gəncənin ətrafında məskunlaşmasına səbəb olacaq.

“Yəni regionların inkişafı birinci növbədə, urbanizasiya prosesinin sürətini azaltmaq, bütün regionlardan Bakıya axının qarşısını almaq baxımından çox əhəmiyyətlidir. Son illərdə Gəncənin əhalisi 30-35 faiz artıb. Bunun da əsas səbəbi bir tərəfdən yaşayış imkanlarının genişlənməsidirsə, digər tərəfdən kənara işləmək üçün gedənlərin geri qayıtması ilə bağlıdır. Yeni istifadəyə verilmiş Gəncə alüminium zavodu kompleksində işləyənlərin orta aylıq əmək haqqı 450 manatdan yuxarıdır ki, bu da respublika üzrə göstəricini xeyli üstələyir. Yəni yaradılan obyektlərin hər birində yeni iş yerləri var. Bunun da çoxu daimi və yüksək maaşlı iş yerləri olacaq. Digər tərəfdən, sosial infrastrukturun yaxşılaşdırılması, yəni qaz, işıq, su, kanalizasiya təchizatının olması insanların yaşayış səviyyəsinin keyfiyyətini yüksəldən amillər sırasındadır.Bu mənada iqtisadiyyatın inkişafı birbaşa əhalinin sosial rifah halının yüksəlməsini şərtləndirir. Gəncədə gedən proseslər də nəticə etibarilə Azərbaycan vətəndaşının sosial rifahını yüksəltməyə, onun həyat keyfiyyətini yüksəltməyə yönəlik işlərdir”, - deyə o əlavə edib.


Geri qayıt