Əsas Səhifə > Sosial, Manşet > SƏFƏR ƏBİYEV VƏ FİZULİ ƏLƏKBƏROV NƏDƏN ÇIXARILDI?

SƏFƏR ƏBİYEV VƏ FİZULİ ƏLƏKBƏROV NƏDƏN ÇIXARILDI?


6-11-2013, 09:22
SƏFƏR ƏBİYEV VƏ FİZULİ ƏLƏKBƏROV NƏDƏN ÇIXARILDI?
BU MƏSƏLƏDƏ SOSİAL SİFARİŞİN MÜSTƏSNA ROL OYNADIĞI SÖYLƏNİLİR

DİA.AZ: - Prezident seçkilərindən sonra bəzi beynəlxalq çevrələrlə sorun yaşayan rəsmi Bakı artıq bu problemini də geridə buraxıb. İndi isə islahatların vaxtının yetişdiyi bildirilir. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, əslində bəzilərinin «bahalaşma olacaq» anonsunun heç bir əsası yoxdur, əksinə, ciddi dəyişikliklər planlaşdırılır və özü də sosial sahədə.

Mənbənin söylədikləri: «Bu günə kimi bir sıra iqtisadi sahələr oliqarx məmurlar arasında paylaşdırılıb. Bəzi hallarda bunun mənfi fəsadları olsa da, bu kimi məsələlərdə siyasi dairələr bunun «xeyrini» də görə bilirlər. Elə bu dəfə gözləniləni də budur».

Mənbəmiz iddia edir ki, bu gün inhisarlaşmış iqtisadi sahələrdə hər hansı bahalaşmanın baş verməməsi üçün həmin «nəzarətçi» oliqarx-məmurlara ciddi şəkildə tapşırıq verilib: «Təbii ki, bu gün yumurtadan tutmuş, avtomobilə qədər - bütün sahələr əgər inhisar altındadırsa, deməli, hər hansı sahədə baş verən bahalaşmaya da məhz həmin inhisarçı səbəbkardır».

Mənbəmiz bildirir ki, hətta yanacağın qiymətinin artımı olsa belə, hər hansı sahədə bunun təsir ola bilməz: «Normalda yanacağın qiyməti qalxırsa, bütün sahələrdə bahalaşma olmalıdır. Amma bu halda belə Azərbaycanda belə bir artım gözlənilmir. Çünki cavabdehlər dərhal cəzalanacaq».

Mənbəmiz bildirdi ki, amma indiki halda heç bir sahədə bahalaşma gözlənilmir: «Nə benzinin, nə kommunal xidmətlərin və nə də ki hansısa sahənin, məhsulun qiymətində bahalaşma olmayacaq. Əksinə, bu hakimiyyətin işinə yaramır. Gün bu gün deyil və hakimiyyət bundan sonra məhz sosial problemlər məsələsinə ciddi diqqət ayırmağı qəsd edir».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Bəzən opponentləri belə bir fon yaratmağa çalışır ki, hakimiyyət xalqın rəyini nəzərə almır. Amma bu, heç də belə deyil. Ən azından Qubada və İsmayıllıda son icra başçısı dəyişikliklərinin nədənlərini xatırlamaq olar. Ola bilsin ki, hakimiyyət xalq etirazlarını kəskin qarşılasın. Hər halda, heç bir siyasi qüvvə hakimiyyətdən rahatlıqla getmək istəməz. Amma burada bir məqam var ki, narazılıq, problem yaradan komanda yoldaşlarından bu hakimiyyət asanlıqla imtina edə bilir.

Bunu həm də Fizuli Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri, Səfər Əbiyevin isə müdafiə naziri postlarından alınması ilə də görmüş olduq. Hər iki nazirlik kifayət qədər problemli günlərini yaşadı. Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları az qala günün hər saatında ƏƏSMN-nin bir işçisinin qollarını qandallayırdı. ƏƏSMN-nin kadrlarının az qala tən yarısı bu gün istintaq altında və yaxud da həbsxanadadır. Digər yandan da İsmayıllıda baş verən olaylar Fizuli Ələkbərovun gedişilə bağlı verilən qərara təsir etmiş oldu. Yəni yenə də diqqət etdinizsə, xalq etirazları fonunda…

Səfər Əbiyev isə o nazirlərdən idi ki, ona qarşı ayrıca olaraq etiraz aksyiası təşkil olunmuşdu. Bakıda və ölkənin ayrı-ayrı yerlərində əsgər ölümlərinin artması faktı əhalini küçələrə daşımışdı ki, bu məsələdə yeganə məsul fiqur olan Səfər Əbiyev NK-nın son təsdiqi zamanı vəzifəsindən uzaqlaşdırıldı. Yəni bununla hakimiyyət SOSİAL SİFARİŞİ nəzərə alması barədə xəfif də olsa, ismarıcını ünvanladı».

Geri qayıt