Əsas Səhifə > Siyasət, Manşet > ARDNŞ-İN QARŞISINDA ETİRAZ AKSİYASI OLA BİLƏR

ARDNŞ-İN QARŞISINDA ETİRAZ AKSİYASI OLA BİLƏR


1-11-2013, 09:41
ARDNŞ-İN QARŞISINDA ETİRAZ AKSİYASI OLA BİLƏR
ƏGƏR XOCAHƏSƏN SAKİNLƏRİNİN TƏBİİ QAZ PROBLEMİ HƏLLİNİ TAPMAZSA...

DİA.AZ: - Redaksiyamıza daxil olan şikayət məktubunda narazı Binəqədi sakinləri təbii qazla bağlı təchizatda yaranmış problemdən giley-güzar edirlər. Qarşıdan qarı qışın gəldiyini xatırladan vətəndaşlar DİA.AZ-a ünvanladıqları müraciətlərində yerli rəhbərliyin sakiblərin probleminə biganə qaldığını da xüsusi olaraq vurğulayırlar.

Sakinlər yazır ki, icra başçısı Xaləddin İsgəndərova dəfələrlə müraciət etsələr də, onların problemini həll edən olmayıb: “Təkcə icra başçısına yox, bütün aidiyyatı qurumlara müraciət etmişik, amma sanki sirrli bir məsələ olduğundan problemimizə baş qoşan yoxdur”.

Hər halda, 21-ci əsrin neft və qaz ölkəsi olan Azərbaycanın paytaxtında təbii qaz probleminin yaşanılması ən azından məmur özbaşınalığının təzahürü kimi qəbul olunmalıdır. Sakinlərin yazdıqlarından belə aydın olur ki, Binəqədi rayon Xocahəsən qəsəbəsinin qazla təminatı sırf olaraq yerli idarə işçilərinin tamahkarlığının qurbanıdır.

Məktubda deyilir: «Binəqədi rayon Qaz İstismar Sahəsinin rəisi və sözügedən idarənin baş mühəndisi Xocahəsən qəsəbəsinin təbii qazla təminatını müxtəlif bəhanələrlə əngəlləyirlər. Davamlı olaraq evlərə qaz verilməsində fasilələr yaranır».

Şikayətçilər bunu qəribə, lakin Azərbaycan üçün ənənəvi olan bir səbəblə izah edirlər: «Təbii ki, burada məqsəd əhalidən pul yığılmasından ibarətdir. Məqsədli olaraq qazı kəsirlər. Sonra da sakinlərdən və iş yerləri sahiblərindən müəyyən məbləğdə pulu aldıqdan sonra qaz verilir. Amma bu da müvəqqəti olur. Çünki bir neçə gündən sonra eyni problem yaranır. Yəni rəhbərliyin pulları qurtaranda «razvadnoy» açarı götürüb, evlərin və obyektlərin qazlarınıi kəsirlər».

Sakinlər şikayət məktublarında onu da bildirirlər ki, dəfələrlə müxtəlif instansiyalara müraciət etsələr də, səslərini eşidən olmayıb: «İndi son çarəmiz Dövlət Neft Şirkətinin qarşısına getmək, orada problemimizin həllini tələb etməkdir. Qarşıdan qış gəlir. Biz iki tamahkarın ucbatından qışı soyuqdan dona bilmərik».

Geri qayıt