Əsas Səhifə > Sosial, Manşet > NAZİR QARDAŞI OLAN İCRA BAŞÇILARI DA DƏYİŞƏCƏK

NAZİR QARDAŞI OLAN İCRA BAŞÇILARI DA DƏYİŞƏCƏK


31-10-2013, 10:38
NAZİR QARDAŞI OLAN İCRA BAŞÇILARI DA DƏYİŞƏCƏK
FİZULİ ƏLƏKBƏROVUN QARDAŞI PROBLEM YARATDIĞI KİMİ, BAŞQALARI DA…

DİA.AZ: - Nazirlər Kabinetinin heyətinin təsdiqindən sonra bir sıra rayonların icra hakimiyyəti başçılarının da görəvlərindən azad ediləcəyini xəbər vermişdik. Və bildirmişdik ki, öz vəzifələrində hətta yeni olan icra başçılarından - Neftçala və Sabirabadın rəhbərləri belə hədəfə alınıblar. Onu da qeyd etmişdik ki, kürsüləri laxlayan digər icra başçıları ilə bağlı davamlı olaraq xəbərləri diqqətinizə təqdim edəcəyik.

DİA.AZ-a hökumət içindəki mötəbər mənbənin verdiyi informasiyalardan aydın olur ki, bu gün Siyəzənin, Qaradağın, Xızının, Xaçmazın icra başçıları daha erkən dəyişdirilə bilər. Eyni zamanda Lerik və Astaranın da rayon rəhbərləri üçün belə bir aqibət gözləniləndir.

Mənbənin söylədikləri: «Lerikin icra başçısı Rövşən Bağırov hələ bu ilin ortalarında vəzifəsindən alınmalı idi. Amma ona əlavə vaxt verildi. İndi isə həmin müddət başa çatıb. Astaranın icra başçısı Qəzənfər Ağayevə gəlincə isə bu adam kifayət qədər ciddi dəstəyə, himayəyə malikdir. Elə bunun nəticəsidir ki, Masallıdan sonra onu Astaraya göndərdilər. Amma Astarada Qəzənfər Ağayevin gəlişindən sonra sosial narazılıqlar baş qaldırdı. Hətta Qubada baş verən məlum hadisələr ərəfəsində Astarada da bir oyanma müşahidə olunmuşdu ki, bu da unudulmayıb və indi də Qəzənfər Ağayevlə bağlı qərarın verilməsinə təsir edir».

Mənbə bildirir ki, eyni zamanda iri şəhərlərin də icra başçıları ilə bağlı qərarlar verilə bilər: «Elmar Vəliyevin kimin qardaşı olması məlumdur. Amma elə məqamlar var ki, kimin qardaşının kim olması önəm daşımır. Məsələn, İsmayıllının icra başçısının qardaşı nazir idi. Amma elə bir vəziyyət yarandı ki, icra başçısı olan qardaş həm öz mövqeyini və həm də qardaşının mövqeyini təhlükə altına atdı. Yəni bu gün hətta nazir qardaşı olan icra başçılarının da əbədi mövqe sahibi olacağını kimsə iddia edə bilməz. Gəncənin icra başçısı Elmar Vəliyev də belələrindəndir.

Eyni zamanda Şirvanın icra başçısı Mərdan Camalov da oynaq mövqedədir. Və onun da qardaşı Müdafiə Sənayesi naziridir. Qeyd etdiyimiz kimi, belə bir qohumluq əlaqəsi kiməsə əlahiddə status qazandırmır. Bunu hakimiyyət öz prinispilərində dəfələrlə sübut edib».

Mənbəmizin sözlərinə görə, daha bir neçə rayonun icra başçısı ilə bağlı da qərar verilib: «Bu qərarların icrasına ən tezi noyabr ayının ortalarından başlanılacaq. Yəni hələlik gözləmək lazımdır».

Geri qayıt