Əsas Səhifə > Gündəm, Manşet > ABŞ AZƏRBAYCANI SAVAŞ FİKRİNDƏN DAŞINDIRACAQMI?

ABŞ AZƏRBAYCANI SAVAŞ FİKRİNDƏN DAŞINDIRACAQMI?


31-10-2013, 09:28
ABŞ AZƏRBAYCANI SAVAŞ FİKRİNDƏN DAŞINDIRACAQMI?
AZƏRBAYCAN SAVAŞ HAQQINI ƏLDƏ EDƏ BİLMƏSİ ÜÇÜN YOLLAR AXTARIR

DİA.AZ: - Məlum olduğu kimi, artıq yeni nazirlər öz komandalarını formalaşdırma yolunda ciddi addımlar atırlar. Bu əsnada daha çox nəzərə çarpanı yeni müdafiə naziri Zakir Həsənovun həyata keçirdiyi dəyişikliklərdir. Bildirək ki, Zakir Həsənov illər ərzində kabinet generallarına çevrilmiş fiqurları bir-birinin ardından görəvdən alması ilə onun barəsində deyilən HÜCUM NAZİRİ ünvanını da doğrultmaqdadır.

Çünki «vurulan»ları əvəzləyənlərin demək olar ki, hamısının döyüşçü keçmişi var və hətta Ukraynada Müdafiə Nazirliyinə geri çağrılan general-mayor Aleksandr Vasyakı belə Azərbaycanda bir döyüşçü kimi yaxqı unutmayıblar. Xatırladaq ki, Aleksandr Vasyak Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik İdarəsinin rəisi postuna təyin edilib. Hər halda belə bir mühüm postun qeyri-azərbaycanlıya həvalə edilməsi həm Vasyaka olan etimadın göstəricsidir və həm də Vasyakın Azərbaycandakı xidmətlərinin mükafatıdır. Ən azından ilkin olaraq anlaşılanı budur.

Əsas məqamlar isə tamam fərqlidir ki, bu barədə də artıq düşmən Ermənistanda gərəkən təəssürat formalaşmaqdadır. İlk günündən Zakir Həsənovun təyinatını Azərbaycanın müharibə tədarükü kimi qiymətləndirən düşmən ermənilər demək olar ki, bütün mövqelərdə bu dəyişikliyə münasibət bildiriblər. Kabinet generallarının döyüşçülərlə əvəzlənməsini şərh edən düşmən tərəfin yekdil qənaəti budur ki, cəbhə xəttində Azərbaycan ordusu fəallaşacaq. Və bunun yetərincə əsasları da var.

Xatırladaq ki, DİA.AZ olaraq hələ Zakir Həsənov müdafiə naziri postuna təyin edilməmişdən əvvəl Azərbaycanın öz torpaqlarını hərb yolu ilə azad etməyə yaxın olması barədə faktları diqqətinizə təqdim etmişdik. Əslində burada elə bir ciddi münəccimliyə də ehtiyac yox idi. Və haqlı olaraq britaniyalı ekspertlərdən biri Bakıdakı hərbi paradı seyr etdikdən sonra belə bir fikir də işlətmişdi: «Azərbaycan bu silahlarla gül dərməyə gedənə oxşamır»…

Bu isə o demək idi ki, artıq özünün hərbi potensialını kifayət qədər gücləndirməyə müvəffəq olmuş rəsmi Bakının hər il dövlət büdcəsindən milyardlarla dolları məhz silahlanmaya sərf etməsi hansısa mühüm məqamın tədarükü kimi qiymətləndirilməlidir. Həmin mühüm məqam isə SAVAŞDIR - Azərbaycanın öz torpaqları naminə başlayacağı müqəddəs SAVAŞ!

Bununla bağlı redaksiyamıza hərbi mənbələrdən ötürülən informasiyalarda da qeyd olunur ki, artıq Dağlıq Qarabağ probleminin həlli missiyasını guya ki, öz üzərlərinə götürmüş beynəlxalq təşkilatlar da rəsmi Bakının müharibə tədarükündən əndişə keçirməyə başlayıblar. Məlumatdı mənbənin söylədikləri:

«Bu barədə rəsmi Bakıdan açıq şəkildə izahat belə istənilib. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıya nəzərdə tutulan səfərinin əsas məqsədi də bundan ibarətdir. Çünki Azərbaycanın savaş tədarükü və geniş miqyaslı hərbi əməliyyatların bərpası haqda ehtimalların yüksək olması bu sülh göyərçinlərini də narahat etməkdədir.

Lakin Azərbaycanın başqa bir çıxış yolu qalmayıb. Bunu rəsmi Bakı da gözəl anlayır. Və bu gün Azərbaycanın mövqeləri elə bir səviyyədədir ki, Qarabağın azadlığı naminə bazarlığa belə gedə bilir. Halbuki dünənə qədər Azərbaycan Qarabağla bağlı hansısa bazarlığı xəyalından belə keçirə bilmirdi.

Ən azından bu gün ruslar Azərbaycanı Avrasiya Birliyində görə bilmələri üçün 1 aylıq müharibəni sakitcə seyr edə bilərlər. Elə ruslarla yollaşmaması naminə rəsmi Bakının hərbi əməliyyatları bərpa etməsinə Qərb də bir o qədər müddətlik quru bəyanatlarla müşahidəçi mövqeyində qala bilər. Və bu şərait artıq yetişib».

Mənbəmiz iddia edir ki, müdafiə nazirliyiində həyata keçirilən bütün dəyişikliklər məhz savaş tədarükünə xidmət edir: «Bunu görməmək üçün kor olmaq lazımdır. Azərbaycan artıq öz torpaqlarını azad etmə qüdrətini özündə hiss edir. Kimlərəsə bu gün İlham Əliyevin qələbəsinin Obama tərəfindən tanınmaması rəsmi Bakının mövqeyinin zəifliyi kimi görünsə də, reallıqda mənzərə tamam fərqlidir. Bağlı qapılar arxasında gedən söhbətlərdən xəbəriniz varmı? Bilirsinizmi ki, Azərbaycanda bu vaxta qədər bütün hakimiyyətlər məhz Qarabağ problemi ilə bağlı oyunlar səbəbindən yıxılıb? Və bu gün Qarabağ uğrunda savaş qərarı verən Azərbaycan hakimiyyətinə qarşı olan basqılar da məhz müharibənin önlənməsi üçündür?

Bu gün normalda İlham Əliyev iqtidarı ABŞ başda olmaqla, Qərbi qane edir. Amma Obama seçkilərin nəticələrini tanımırmış kimi davranır. Sizcə, bu, demokratikləşmə naminə atılan addımdır? Təbii ki, yox».

Mənbəmizə görə, Azərbaycanı öz torpaqlarını savaş yolu ilə azad etməsi fikrindən daşındıra bilməsi üçün Qərbin təzyiqləri hələ bundan sonra da davam edəcək: «Ruslarla dil tapmaq Bakı üçün daha asanlaşıb. Hər halda, Qarabağ naminə müəyyən müddətə özümüzü Avrasiyada hiss etsək, indiki halımızdan fəna olmaz».

Geri qayıt