Əsas Səhifə > Siyasət, Manşet > RUSLAR BAKININ DİZİNİ YERƏ QOYA BİLƏCƏKMİ?

RUSLAR BAKININ DİZİNİ YERƏ QOYA BİLƏCƏKMİ?


30-10-2013, 12:04
RUSLAR BAKININ DİZİNİ YERƏ QOYA BİLƏCƏKMİ?
AVRASİYA BİRLİYİ İDEYASI AZƏRBAYCANA HANSI QİYMƏTƏ BAŞA GƏLƏCƏK?

DİA.AZ: - Hələ bir neçə il əvvəlindən Rusiyanın prezidenti Vladimir Putin anons etmişdi ki, 2015-ci ildə Avrasiya Birliyi yaradılacaq. Əslində bu birliyin ilkin bazaları artıq mövcuddur. Bir yandan müxtəlif adlar altında ideoloji institutlar yaradılır, digər yandan da Avrasiya Birliyinin rüşeymi kimi təqdim olunan Gömrük İttifaqı siyasəti gücləndirilir.

Və bu gün Azərbaycanla bağlı baş verən olaylar da məhz Avrasiya Birliyi ideyası fonunda izahlanmaqdadır ki, bu səbəbdən sözügedən ideya ilə bağlı müəyyən araşdırmalar apardıq. DİA.AZ-ın araşdırmalarına görə, Avrasiya Birliyi ideyası əslində Rusiyanın alternativ güc formalaşdırma təşəbbüslərinin nəticəsində ortaya çıxıb.

Sovetlər Birliyi dağıldıqdan sonra dünyanın ənənəvi qütbləşməsi böyük zərbə aldı. Və təkhakimiyyətlilik əldə edən Amerika illərdir ki, dünya miqyasında fironluq edir. Alternativ gücün olmaması səbəbindən ABŞ-ın məlum siyasətini nə durduran var, nə də bu siyasətə etiraz edən. Yalnız adda-budda narazılıqlardır ki, bu da daha çox «yıxdığının başını kəsmə» yalvartısına bənzəyir.

Belə bir şəraitdə dünya üzərindəki təsiri itirmə təhlükəsini hiss edən Rusiya üçün Avrasiya Birliyi modeli ən uğurlusu idi. Çünki Amerika SSRİ-dən qopan dövlətlər üçün artıq Avropa Birliyi modelini yaratmışdı. Və zamanında Osmanlı İmperiyasına qarşı düşünülmüş xristian tacirlər birliyi iedyasının kökləri üzərində dayanan Avropa Birliyi üzvlərinin böyük əksəriyyəti köhnələrdə Rusiyanın nəzarət zonası hesab olunan dövlətlərdir və bu birliyin digər əskirus nəzarəti məkanlarının hesabına genişləndirilməsi planı da mövcuddur.

Bu illər ərzində özünün iqtisadi qüdrətini yenidən gücləndirən Rusiya isə Avropanın cəlbeidici həyat tərzinə alternativ «rahat həyat şərtləri»ni formalaşdırma siyasətini də yürütməkdədir. Avropadan fərqli olaraq ruslar hansısa dəyərin ixracını yox, birbaşa olaraq maddiyyata söykənən həyat tərzini təklif edirlər ki, bu gün sözügedən ideyalar bir çox ölkələr üçün kifayəd qədər cəlbeidicidir.

Hətta bu gün Türkiyə belə Avropa Birliyinə üzv olmayacağına əmin olduğundan Rusiyanın Avrasiya Birliyi modelinə maraq göstərməkdədir. Sonuncu dəfə MDB ölkə başçılarının toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin «Türkiyə də Gömrük İttifaqına qoşulmaq istəyir» fikirlərini işlətməsi əslində Rusiyanın birbaşa maraqlarına aid olan bir məsələ idi. Doğrudur, həmin toplantıda qazax prezidentin bu ifadələri o qədər də ciddi reaksiyaya nədən olmadı. Amma rusların Türkiyə ilə bağlı planlarının olması faktı danılmazdır.

Hələ 10 il əvəl Ərdoğan iqtidarı ilə Kreml arasında bu istiqamətdə məxfi danışıqlar da olmuşdu. DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, zamanında Sovetlər Birliyinin Türkiyədəki elçisi olmuş, hazırda Putinin müşaviri vəzifəsini tutan diplomatlardan biri bu danışıqların həm təşkilatçısı və həm də iştirakçısı olub. Amma həmin ərəfədə Ərdoğan iqtidarı Rusiyaya rədd cavabı verdi.

Və bu rədd cavabının bu gün Türkiyədə solçuların «gəzi parkı» qiyamı ilə qarşılanmasına şübhə etməmək lazımdır. Bu günlərdə «gəzi parkı» aksiyalarının kökündə Rusiyanın birbaşa maraqlarının yatdığı tam olaraq sübuta yetirildi. Hətta mətbuatda belə bir məlumat da yayıldı ki, İsrailin məxfi qurumları rəsmi Ankaraya «Taksimdəki olayların arxasında Rusiya dayanır» xəbərdarlığını da yollayıb və bu iddialarını sənədlərlə sübuta yetirib.

Beləcə, aydın olanı o idi ki, Rusiya hətta Türkiyəni belə özünün Avrasiya Birliyində görə bilməsi üçün çaba sərf etməkdədir. Və Nursultan Nazarbayevin Ərdoğanın adından çatdırdığı son ismarıc isə artıq «gəzi parkı» siqnalının rəsmi Ankara tərəfindən layiqincə qiymətləndirilməsi anlamına gəlir.

RUSLAR BAKININ DİZİNİ YERƏ QOYA BİLƏCƏKMİ?

Belə bir şəraitdə Azərbaycanın Rusiya kimi nəhəngin qarşısında duruş gətirə biləcəyi inandırıcı görünməsə də, hələlik rəsmi Bakı çox ciddi müqavimət sərgiləyir.

Bu gün bir rus Yeqorunu bəhanə edərək azərbaycanlılara qarşı başlanan kampaniya da əslində Rusiyanın məlum siyasətinin tərəfdarları tərəfindən yönəldilən bir proses idi. Ssenari quruldu və bu gün də icra olunur. Sabah da davam edəcək. Çünki hələlik Bakı razılıq verməyib. Bunu rusların tanınmış simaları da aşkar surətdə etiraf edirlər ki, Azərbaycan gömrük ittifaqına qoşulmayana qədər Rusiyadakı vətəndaşlarının durumu gərgin olacaq. Bakı isə Moskvaya «hə» demir.

Bundan sonra nə baş verəcək? Bunu isə yaşayıb görəcəyik. Putinin vaxtına isə az qalıb. Daha doğrusu, Putinin dediyi vaxta - 2015-ci ilə…


Geri qayıt