Əsas Səhifə > Gündəm, Manşet > YENİ BARIŞAN İKİ KOMİTƏ SƏDRİ ÖHDƏLİK GÖTÜRÜB

YENİ BARIŞAN İKİ KOMİTƏ SƏDRİ ÖHDƏLİK GÖTÜRÜB


30-10-2013, 09:22
YENİ BARIŞAN İKİ KOMİTƏ SƏDRİ ÖHDƏLİK GÖTÜRÜB
QƏRİB MƏMMƏDOVLA KƏRƏM HƏSƏNOVUN ARASINDAKI ƏZƏLİ ƏDAVƏT BİTİB

DİA.AZ: - Nazirlər Kabinetinin məlum heyətlə təsdiqindən sonra bütün iqtidariçi qruplaşmalar öz paylarını almış kimi göründülər. Yəni kimin artıq geridə qalan prezident seçkiləri dönəmini uğurla başa vurduğu göz önündədir. Məlum prosesdə diqqətçəkən əsas məqamlardan biri isə bəzi konfliktli məmurların NK-nın tərkibində daşınması qərarıdır.

Məsələn, faktdır ki, bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla münasibətləri heç də yaxşı deyil. Hətta bu münasibət gərginliyi zaman-zaman mətbuat səhifələrinə də yol tapıb. Lakin onların hər ikisi vəzifə başında saxlanıldı. Biz isə İlham Əliyev hakimiyyətinin bu cür prinsiplərlə işləmədiyini bilirik. Yəni İlham Əliyev ilk başdan münasibətləri qaydasında olmayan məmurlara qarşı sərt davrandığını nümayiş etdirib.

Məsələn, illər əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Əli Nağıyev o zamanlar təhsil naziri olan Misir Mərdanovla çəkişirdi. Bu çəkişmə hətta hakimiyyətin nəzarətində olan mətbuatın belə mövzusuna çevrilmişdi. İlk dəfə idi ki, nazirlər arasındakı sərinlik hətta telekanallara belə çıxırdı. Nə baş verdi? İlham Əliyev əvəlcə müşavirədə hər iki tərəfə xəbərdarlıq etdi və onlara «əgər siyasətlə məşğul olmaq istəyirsinizsə, buyurub istefa verin, bunu vəzifədən kənarda edin» çağırışını etdi.

Təbii ki, bu xəbərdarlığın ardından tərəflərə əməli reaksiya da verilməli idi. Verildi də. Münaqişə tərəflərindən biri olan Əli Nağıyev nəinki vəzifəsindən alındı, hətta mədəni sürgünə də göndərildi. Misir Mərdanov isə həmin dönəmdən sonra daha 7-8 il vəzifə başında saxlanıldı.

İndi isə Qərib Məmmədovla Kərəm Həsənovun eyni qaydada rəqabətdə olduğu faktı var. Həmçinin keçənlərdə Misir Mərdanovla çəkişən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin yeni nazir Mikayıl Cabbarovla da yola getmədiyi aydın olur. Və bəlkə də buna görədir ki, artıq Məleykə Abbaszadənin yerinə kadr axtarışına da çıxılıb. Yəni ənənəvi siyasət.

Elə bunun belə olduğunu DİA.AZ-a bu barədə danışan mötəbər mənbə də təsdiqləyir. Redaksiyamıza bu barədə danışan Nazirlər Kabinetindəki bilgili qaynaq iddia edir ki, Kərəm Həsənovla Qərib Məmmədov təsdiqlənməmişdən öncə aralarındakı ədavətə son qoyacaqları haqda öhdəlik götürüblər və bu məsələ bitib: «Onları barışdırıblar. Əgər tərəflərdən hansısa bir qaydaları pozarsa, o zaman ən sərt formada cəzalandırılacaq. Və hətta «mədəni sürgün»ə deyil, sözün əsl mənasında sürgünə rəva görüləcək».

Mənbəmiz bildirir ki, amma eyni şərtlərlə Məleykə Abbaszadəni dilə tutmayan rəsmi Bakı artıq TQDK-nın özünün də islahatlara uğrama zamanının yetişdiyi qənaətindədir: «Bu komissiya illərdir ki, eyni rəhbərlik altında fəaliyyətdədir. Halbuki bu məsələdə çeviklik və dəyişkənlik, yenilənmələr çox ciddi əhəmiyyətə malikdir. Kiminsə ali məktəblərə qəbul prosesini illər ərzində inhisara alması təhlükəli ola bilər. Odur ki, həm ədavətli olması və həm də bu kimi şərtlər TQDK sədrinin gedişini zəruri edir. Amma vəziyyət dəyişə də bilər ki, bu da daha çox iqtidariçi münasibətlərin inkişafından asılıdır».

Geri qayıt