Əsas Səhifə > Gündəm, Manşet > HEYDƏR BABAYEV YENİDƏN HAKİM ELİTAYA BURAXILIR

HEYDƏR BABAYEV YENİDƏN HAKİM ELİTAYA BURAXILIR


29-10-2013, 08:51
HEYDƏR BABAYEV YENİDƏN HAKİM ELİTAYA BURAXILIR
SABİQ NAZİRƏ TƏKRAR ETİMAD GÖSTƏRİLİR: İQTİSADİ SAHƏDƏ İŞ VERİLƏCƏK

DİA.AZ: - Keçmiş nazirlərdən biri təkrar etimada layiq görülüb və ona vəzifə verilə bilər. Bu barədə redaksiyamıza daxil olan informasiyalardan aydın olur ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev üçün “yuxarılar” tərəfindən “yaşıl işıq” yandırılıb. Və ona maliyyə təşkilatlarının birində yeni post təklifi ediləcək.

Onu da bildirək ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin hazırda harada yaşadığı, hansı fəaliyyətlə məşğul olduğu barədə mətbuat tez-tez müxtəlif məlumatlar yayır. Bu isə təbiddir. Çünki Heydər Babayev vəzifə başından getdikdən sonra mətbuatdan uzaq durmağa çalışır. Amma buna rəğmən bu vaxta qədər sabiq nazirin bizneslə məşğul olması faktı da mövcuddur ki, bu da qələm sahiblərinin nəzərindən yayınmayıb.

DİA.AZ-ın əldə etdiyi bilgilərə görə, Heydər Babayev vəzifədən getdikdən sonra Bakıdakı bağ evində yaşamağa üstünlük versə də, prosesləri diqqətlə izləməkdədir. Məlumatı verən mənbə iddia edir ki, bu günlərdə sabiq nazirlə danışıq aparılıb və ona bir neçə vəzifə təklifi edilib.

Qeyd edək ki, H.Babayev mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 1997-ci ildən Rusiyadakı “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən H.Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. O, 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan H.Babayev “ABU” şirkətlər qrupunu yaratmışdı. 2005-ci il, oktyabrın 19-da H.Babayev prezident İlham Əliyev tərəfindən yeni vəzifəyə - iqtisadi inkişaf naziri postuna təyin olundu. Amma cənab Babayev bu nazirlikdə çox işləyə bilmədi. 2008-ci il, oktyabrın 30-da iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu. Məlumatlara görə, H.Babayev hazırda bizneslə məşğuldur. Onun gah Azərbaycanda, gah da xaricdə olduğu bildirilir.

Geri qayıt