Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT «BOŞ ŞTATLARIN» LƏĞVİ QƏRARINI VERİR
HAKİMİYYƏT «BOŞ ŞTATLARIN» LƏĞVİ QƏRARINI VERİR28-10-2013, 09:04 |
«MÜFTƏYEYƏN» MƏMURLARIN SAYI DAHA DA ARTIB: 600 NƏFƏR İŞSİZ QALACAQ DİA.AZ: - «Azərbaycan hakimiyyəti adından yaxın günlərdə çox ciddi islahat xarakterli addımlar atılacaq. Və bu zaman sərt qərarların veriləcəyi də istisna olunmur». Bu ilginc məlumatı DİA.AZ-a ötürən hökumət içindəki mötəbər mənbə iddia edir ki, Nazirlər Kabinetinin yeni heyətinin təsdiqi zamanı nəzərə çarpan struktur islahatlarının davamı olacaq. Mənbənin söylədikləri: «Struktur islahatlarının davamı gözlənilir. Ayrı-ayrı nazirliklərə məxsus bir sıra qurumların ləğvi də nəzərdə tutulub. Lakin burada önəmli olan odur ki, nəzərdə tutulan islahatlar nəticəsində təxminən 600-ə yaxın məmur işsiz qala bilər. Məhz bu baxımdan islahatların hansı şəraitdə həyata keçirilməsi və islahatlardan sonra işsiz qalan kadrların yerləşdirilməsilə bağlı qəti qərar verilməyib». Xatırladaq ki, bir neçə gün əvvəl ixtisarların olacağı haqda xəbəri diqqətinizə təqdim etmişdik. Həmin məlumatımızda deyilirdi ki, ayrı-ayrı nazirliklərdə, dövlət komitələrində, dövlət xidmətlərində təxminən 300-ə yaxın ştatın artıq olduğu müəyyənləşdirilib. Əslində bu fakt hökumətə çoxdan bəlli olsa da, həmin ştatların ləğvi məhz bu dönəmə nəzərdə tutulub. Məlumatda həmçinin o da vurğulanırdı ki, əsasən nəqliyyat nazirliyinin strukturlarında «büdcəni boşuna yeyən» 60-dan artıq ştat mövcuddur: «Həmin ştatlar da bu dönəmdə ləğv ediləcək. Bütün bu proses nəticəsində isə dövlət büdcəsinə bir ay üçün ən azından 150 min manat qazandırılmış olacaq». Təbii ki, ixtisara düşən məmurların da aqibətlərinə indidən aydınlıq gətirilir: «Həmin işçilər isə yaş senzi ilə əlaqədar təqaüdə göndəriləcək kadrların yerinə gətiriləcək. Bu yöndə də müəyyən tədarüklər var». DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, əslində «müftəyeyən» ştatlar kateqoriyasına aid yüzlərlə vəzifələr mövcuddur: «Bu vəzifələrin böyük əksəriyyətində nüfuzlu məmurların yaxınları «çalışır»: «Əslində həmin vəzifələr heç bir işə yaramayan, lakin büdcədən maliyyələşən ştatlardır. Və bu vəzifələr yüksək ranqlı məmurlara ona görə lazımdır ki, karyerasını irəlilətməyi düşündükləri yaxınlarını məhz həmin postlarda təcrübə və staj toplamaları üçün fürsət qazandırır. Həmin postlara təyin edilən məmur yaxınları müəyyən müddətdən sonra daha ciddi mövqeyə çəkilir». Artıq bu kimi postların sayı ilə bağlı dəqiqləşdirmələrin aparıldığını bildirən mənbəmiz onu da əlavə etdi ki, əslində dövlətin büdcəyə qənaət niyyəti heç də büdcənin sıxlaşdırılma niyyətindən irəli gəlmir. Geri qayıt |