Əsas Səhifə > Gündəm, Manşet > QAFQAZIN ƏN BÖYÜK XƏZ DÜKANININ ƏN KİÇİK YALANI
QAFQAZIN ƏN BÖYÜK XƏZ DÜKANININ ƏN KİÇİK YALANI24-10-2013, 09:02 |
BU YALAN HESABINA MÜŞTƏRİLƏR ALDADILIR, PATRONLAR MİLYON QAZANIR DİA.AZ: - Təbii ki, Qafqazın ən böyük xəz-dəri dükanının Azərbaycanda yerləşməsi ölkəmiz üçün təqdirəlayiq bir hadisədir. Amma… «Amması» ondan ibarətdir ki, artıq «Karolina Valiant» adlı bu xəz-dəri dükanı ilə bağlı cəmiyyət arasında heç də xoş olmayan rəylər formalaşmaqdadır ki, bunların da yetərincə əsasları var. Bununla bağlı DİA.AZ olaraq araşdırma aparmışıq və ortaya çox ciddi faktlar çıxıb. Gətirilən mallar Çində istehsal olunur… Alıcılar bu günə kimi «Karolina Valiant»ın məhsullarının keyfiyyətsizliyindən şikayət ediblər. Daha doğrusu, iddia olunan keyfiyyətə uyğun olmamasından. Şirkət iddia edir ki, onların satışa çıxardıqları məhsullar Avropa ölkələrinin istehsalıdır. Və bu yeni sezonla bağlı - «Karolina Valiant»ın rəsmi veb-səhifəsində də 2013-14-cü il üçün açıq elan olunan yeni satış sezonunda təqdim olunan mallarla bağlı verdikləri arayışlarında da xüsusi olaraq vurğulayırlar ki… «Karolina Valiant Sizi Yeni Binə ticarət mərkəzində yerləşən (Baku City Mall 2-ci mərtəbə) xəz qalereyasına dəvət edir. Xanımlarımızı heyran edəcək ən dəbli kolleksiyalarla yalnız burada tanış ola bilərsiniz. İtaliya, Yunanıstan, Skandinaviya ölkələrinin istehsalı olan xəzlərimiz Avropa ölkələrində keçirlmiş müxtəlif sərgilərdə dəfələrlə birinciliyə layiq görülmüşdür. Əziz xanımlar, artıq xəz seçmək üçün Avropa ölkələrinə səfər etməyinizə ehtiyac yoxdur. Məhz Karolina Valiant xəz qalereyasında Avropanın ən seçkin xəzlərini əldə edə bilərsiniz. Populyar brendlərin çanta kolleksiyası təqdim olunur». Göründüyü kimi müştərini çağıranda İtaliyanın, Yunanıstanın və Skandinaviyə ölkələrinin adlarını çəkirlər. Amma satışa çıxarılan malların böyük əksəriyyəti Çin istehsalıdır. Əslində burada qeyri-adi heç nə yoxdur. Çünki bu gün dünyanın əksər tanınmış şirkətləri, brendləri ucuz işçi qüvvəsinin ünvanı kimi tnınan Çində özlərinin zavod və fabriklərini qurublar. Həmin zavod və fabriklərində öz mallarını istehsal edirlər. Amma bu zaman «Çin istehsalı» olduğunu da vurğulayırlar və təbii ki, ucuz başa gələn məhsul da alıcıya ucuz qiymətə satılır. Amma Azərbaycanda «Karolina Valiant» markası altında alıcılara təklif olunan Çin istehsalı xəz-dəri malları Avropa istehsalı olan mallarla eyni qiymətə təklif olunur ki, bu da birbaşa olaraq istehlakçıların hüquqlarının pozulması anlamına gəlir. Alıcılar dəfələrlə şikayət edib DİA.AZ-ın apardığı araşdırmalardan da aydın olur ki, əslində alıcılar bununla bağlı dəfələrlə şirkətə və hətta bu məsələdən bir növ hüquqi baxımdan sorumlu hesab olunan iqtisadi inkişaf nazirliyinin (yeni adı: İqtisadiyyat və Sənaye Nazirliyi) antiinhisar departamentinə də şikayət ediblər. Amma faydası nə? Görünəni də odur ki, «Karolina Valiant»ın başbilənləri nə özləri alıcıların maraqlarını nəzərə alırlar, nə də qosqoca nazirliyin gərəkən hüquqi reaksiyanı verməsinə şərait yaradırlar. Əslində nazirlik «Karolina Valiant»dan hüquqi baxımdan asılı deyil. Amma deyilənə görə, maddi baxımdan belə bir asılılıq var. Biz axı böyük şirkətlərin öz maraqları naminə qanunların yanından necə keçmələrinə çoxdan vərdiş etmişik… Nazirlik özündə təpər tapacaqmı? Apardığımız araşdırmalardan onu da müəyyən etdik ki, şirkətin yeni sezonunda satışa çıxarılan malların böyük əksəriyyəti yenə də Çində istehsal olunan mallardır. Yəni yenə də alıcılara ucuz işçi qüvvəsi hesabına ərsəyə gələn və keyfiyyətcə də ciddi şəkildə fərqlənən mallar baha qiymətə - Avropa istehsallı malların qiymətinə satılacaq. Və artıq satılmaqdadır. Çünki yeni satış sezonu çoxdan açıq elan olunub. Görəsən, nazirlik özündə təpər tapıb, bu qanunsuzluğun qarşısını ala biləcəkmi? Görəsən, təsdiq olunması barədə sərəncamının hələ mürəkkəbi qurumamış İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev «Karolina Valiant»ın alıcılara fırıldaq gəlməsinə hansısa formada reaksiya verə biləcəkmi? Biz də yaxşı bilirik ki, «Karolina Valiant»ın arxasında dayananlar var və bu şəxslərin də iqtisadi maraqları var. Amma bu şəxslərin iqtisadi maraqları dövlətin iqtisadi inkişaf maraqlarından üstün ola bilməz. Bizim bildiyimiz həqiqət də bundan ibarətdir. Araşdırmalarımız davam edir. Bizi izləyin… Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |