Əsas Səhifə > Hadisə > MİKAYIL CABBAROVDAN QRİF QADAĞASI

MİKAYIL CABBAROVDAN QRİF QADAĞASI


23-10-2013, 10:25
MİKAYIL CABBAROVDAN QRİF QADAĞASI
“Təcrübə göstərir ki, bu qədər prosedurlardan sonra dərsliklərdə müəyyən problemlər qalır”

Azərbaycan Təhsil Nazirliyi ali məktəb dərsliklərinə qrif verilməsini dayandırıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib. Nazirlikdən Lent.az-ın sorğusuna verilən cavabda qeyd olunub ki, ali məktəb dərslikləri müvafiq sahələr üzrə mütəxəssis alimlər tərəfindən hazırlanır, aidiyyəti kafedralarda, fakültə elmi şuralarında müzakirə olunur, kənar rəylər alındıqdan sonra tədris müəssisəsinin rəhbərinin (rektorun) imzası ilə qrif (nəşr hüququ) alınması məqsədilə Nazirliyə təqdim olunur: “Nazirlik isə işi Elmi-Metodik Şuranın müvafiq bölməsinə göndərərək müzakirə olunmasını, tələblərə uyğunluğunun müəyyənləşdirməsini və qərar qəbul edilməsini tapşırır. Bölmənin müsbət qərarı olduğu təqdirdə dərslik təsdiq olunur. Təcrübə göstərir ki, bu qədər prosedurlardan sonra dərsliklərdə müəyyən problemlər qalır. Nazirlik bu və digər məsələləri nəzərə alaraq qrif verilməsi məsələsini müəyyən qərar qəbul edilənədək dayandırıb”.

Nazirlik “müxtəlif ali məktəb müəllimləri tərəfindən dərsliklər hazırlanaraq ali tədris olacaqlarının tələbələrinə satılır. Həmin dərsliklərə hansı formada nəzarət olunur” sualına da aydınlıq gətirib. Verilən məlumatda qeyd olunur ki, ali məktəb dərsliklərinin yayılması ümumi qaydalarla həyata keçirilir və nazirlik bu işə nəzarət etmir. Bu, nazirliyin funksiyasına daxil deyil.
Onu da qeyd edək ki, ali məktəblərdə hələ də Sovet dövründə çap olunmuş dərsliklərdən istifadə olunur. Həmin dərsliklərdə isə tariximizlə bağlı müəyyən ziddiyyətli fikirlər var. Nazirliyin bununla bağlı məlumatında isə bildirilir: “Sovet dövründə hazırlanmış bir sıra dərsliklər əlbəttə, öz əhəmiyyətini itirib və təbii ki, ali məktəblər bunu nəzərə almalıdırlar”.

Geri qayıt