Əsas Səhifə > Ölkə > SOVET DÖVRÜNÜN ƏMANƏTLƏRİ NİYƏ QAYTARILMIR?
SOVET DÖVRÜNÜN ƏMANƏTLƏRİ NİYƏ QAYTARILMIR?24-01-2012, 12:14 |
BUNUN ÜÇÜN 3 MİLYARDA YAXIN PUL LAZIMDIR Əhalinin 1992-ci il yanvarın 1-dək AzSSR-in Əmanət Bankındakı əmanətlərinin qaytarılması üçün 1,9 milyard manat (təxminən 2,4 milyar dollar) tələb olunur. Bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib. Onun sözlərinə görə, əhalinin əmanətlərinin indeksləşdirilməsi haqqında qanun layihəsi artıq komitə tərəfindən hazırlanıb. Məsimli deyib ki, qanun layihəsi dünya praktikasında tətbiq edilən mexanizm üzərində qurulub. Əmanətlərin qaytarılması 2 milyona yaxın əmanətçini əhatə edir ki, bunun üçün 1,9 milyard manat vəsait tələb olunur. Onun sözlərinə görə, əmanət bankının hesablarının inventarizasiyasının nəticələrinə görə, 1 yanvar 1992-ci il vəziyyətinə Əmanət Bankında 2 milyona yaxın əmanətçinin 5,4 milyard rubl məbləğində əmanəti olub. "Onun 40 faizə yaxını 2000 rubla qədər, 30 faizə qədəri 2001-5000 rubl, 20 faizə yaxını 5001-10 000 rubl arasında, 10 faizdən artığı isə 10 000 rubldan artıq olan əmanətlərdir. İndiyə kimi ən yüksək dəyişmə məzənnəsi Litvada olub, 1 sovet rublu qarşılığında 40 sent verilib. Belarusda məzənnə 33 sent olub. Qazaxıstanda 150 sovet rublunun əvəzinə 1 dollar veriblər ki, bu, simvolik rəqəmdir. Bizim layihəmizdə isə bir sovet rublunun əvəzində 63 sent verilməsi nəzərdə tutulur. Layihədə nəzərdə tutulan bu kompensasiya nisbəti və dəyişmə məzənnəsi MDB məkanı üzrə ən yüksəkdir", - Məsimli deyib. Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi, Milli Məclisə təqdim olunan layihədə də əmanətin məbləği artıqca indeksasiya məzənnəsinin azalması nəzərdə tutulur. Başqa sözlə, əmanət qalığı 2000 rubla qədər olan əmanətçilərin əmanətlərinə hər rubla görə 0,50 manat, yəni 2000 sovet rubluna görə 1000 Azərbaycan manatı verilməsi təklif edilir. 2001-5000 rubl arasında olan əmanətlərə görə isə hər rubla görə 0,30 manat verilməsi nəzərdə tutulur. Bu zaman 2000 rubla qədər məbləğdə əvvəlki məzənnə saxlanacaq, 1 sovet rublu qarşılığında 0,30 manat məzənnəsi 2001-5000 rubl arasında olan əmanətlərə şamil ediləcək. Əgər Məsimlinin təklif etdiyi variant qəbul olunarsa, 5001-10000 rubl arasında olan əmanətlərə 1900 manat, üstəgəl 5000 rubldan artıq hər rubla görə 0,25 manat, əmanət qalığı 10000 rubldan yuxarı olan əmanətlərə isə 3150 manat, üstəgəl 10000 rubldan artıq hər rubla görə 0,20 manat məbləğində təzminat təklif olunur. Onun sözlərinə görə, layihədə sovet dövrünə aid əmanətlərin indeksasiyasının üç mərhələdə aparılması və 6 ilə başa çatdırılması nəzərdə tutulur. Həmin dövrün 5 ili əmanətlərin bilavasitə qaytarılmasına, bir ili isə mübahisəli məsələlərə baxılmasına həsr olunacaq. Hər mərhələyə iki il ayrılıb. İlk növbədə daha yaşlı sakinlərin, həmçinin bu pullara daha çox ehtiyac duyan əmənatçilərin vəsaitləri indeksasiya ediləcək. İki il çəkəcək birinci mərhələnin birinci ilində şəhid ailələrinin, müharibə əlillərinin, birinci qrup əlillərin və 1935-ci ilə qədər anadan olan əmanətçilərin vəsaitlərinin indeksasiya edilməsi nəzərdə tutulur. Birinci mərhələnin ikinci ilində isə Qarabağ müharibəsi iştirakçılarına, 1940-cı ilə qədər anadan olan əmanətçilərə təzminat ödənilməsi düşünülür. İkinci mərhələnin birinci ilində 1945-ci ilə qədər anadan olanlara, ikinci ilində isə 1950-ci ilə qədər anadan olanlara və əvvəlki illər də daxil olmaqla onların varislərinə əmanətlərin qaytarılması nəzərdə tutulur. İki il çəkəcək üçüncü mərhələnin birinci ilində 1950-ci ildən sonra anadan olanların və onların varislərinin vəsaitləri qaytarılmalıdır. Məsimlinin fikrincə, itmiş əmanət kitabçalarına ayrıca bir ilin ayrılması vacibdir, çünki hər 10 əmanətçinin iksinin əmanət kitabçası ilə bağlı problem ola bilər. Ona görə də indeksasiyanın son ilində müvafiq komissiyalar tərəfindən araşdırmalardan sonra əmanət kitabçası itmiş, əmanət kitabçası almamış və digər səbəblər üzündən qanunvericilikdə müəyyən olunmuş təzminatı ala bilməyən əmanətçilərə və onların varislərinə əmanətlərin qaytarılması nəzərdə tutulur. Məsimli sovet dövründən qalma əmanətlərin qiymətli kağızlar vasitəsilə qaytarılması variantına münasibət bildirərkən qeyd edib ki, bu qanun layihəsi hazırlanarkən həm beynəlxalq təcrübə, həm də sosioloji sorğu vasitəsilə əmanətçilərin öz mövqeyi də öyrənilib. Əhalinin əksəriyyəti əmanətlərini nağd pul formasında istəyir. Ona görə də təzminat həm nağd pul şəklində, həm qiymətli kağızlarla verilə bilər, həm də depozit şəklində əmanətçinin bank hesabına yatırıla bilər. Onun sözlərinə görə, bu qanunun qəbul ediləcəyi təqdirdə Vergi Məcəlləsinə və "Dövlət borcu haqqında" qanuna düzəlişlər edilməsi də nəzərdə tutulub. "Biz Nazirlər Kabinetindən və Maliyyə Nazirliyindən konkret addımların atılmasını gözləyirik. Əhalinin əmanətlərinin qaytarılması, qaytarılma mexanizmi, qanun layihəsinin ayrı-ayrı bəndləri üzrə izahatın yazılması artıq Parlamentin İqtisadi siyasət komitəsi tərəfindən hazırlanıb", - Məsimli deyib. Geri qayıt |