Əsas Səhifə > Siyasət, Manşet > İLHAM ƏLİYEVİN YENİ KOMANDASINDA KİMLƏR OLMAYACAQ?

İLHAM ƏLİYEVİN YENİ KOMANDASINDA KİMLƏR OLMAYACAQ?


22-10-2013, 09:59
İLHAM ƏLİYEVİN YENİ KOMANDASINDA KİMLƏR OLMAYACAQ?
HAKİMİYYƏTİNİN 10 İLİ ƏRZİNDƏ PREZİDENT ÖZ ŞƏRTLƏRİNİ AÇIQLAYIB

DİA.AZ: - Son günlər Nazirlər Kabinetinin yeni heyəti ilə bağlı yeniliklər xüsusi ictimai diqqət mərkəzindədir ki, bu da normaldır. Prezident seçkilərinin ardından Nazirlər Kabinetinin köhnə heyətinə müvəqqəti səlahiyyət verən prezident İlham Əliyevin kimlərə «əlvida», kimlərə «yola davam» deyəcəyi həm də hakimiyyətin yeni komandası ilə bağlı müəmmalara son qoyacağı baxımından cəlbedicidir.

DİA.AZ-ın bu yöndə apardığı araşdırmalardan aydın olur ki, prezidentin öz yeni komandasını formalaşdırma niyyəti NK-nın yeni heyətinin müəyyənləşdirilməsi prosesində də prioritet xətt kimi diqqətə gələcək. Bu barədə redaksiyamızı bilgiləndirən hökumət içindəki qaynaq bildirir ki, İlham Əliyev əslində, illərdir öz komandasını formalaşdırmaqla məşğuldur:

«Təbii ki, bu proses çətin və uzun dönəmi əhatə edə biləndir. Doğrudur, İlham Əliyev prezident kürsüsünə əyləşənə qədər onun ixtiyarında mərhum prezident Heydər Əliyevlə işləmiş köhnə komanda var idi. Və bu da bir üstünlük hesab olunurdu. Amma buna baxmayaraq, həmin köhnə komandada ciddi ələmələr aparıldı. Namiq Abbasov, Əli Nağıyev kimi kifayət qədər əhatəli fiqurlardan imtina olundu. Əli İnsanov, Fərhad Əliyev kimi fiqurlar hətta həbslə də cəzalandırıldı. Halbuki onların hər biri Heydər Əliyev dövrünün nazirləri olmuşdular».

Bu faktoru xatırladan mənbəmiz bildirir ki, İlham Əliyevin yeni komanda qurma təşəbbüsləri yolunda kiminsə «toxunulmaz» qalacağı heç də gözlənilən deyil: «İlham Əliyev bunu hər zaman nəzərə çarpdırıb. Özünün 10 illik hakimiyyəti boyunca kiminlə işləyə biləcəyini kifayət qədər net şəkildə hiss elətdirib. Yəni onunla işləmə qaydaları, işləmə şərtləri yetərincə aydın olan bir məsələdir. Və bu gün həmin aydın mənzərənin fonunda özlərini İlham Əliyevlə işləmə qaydalarına uyğunlaşdıra bilməyənlər təbii ki, hər ələmə mərhələsində xəlbirin dəliyindən aşağı düşməli olacaq».

«Bu dəfə hansı nazirlər yola salına bilər» sualının cavabında isə mənbəmiz maraqlı bir məqamı açıqladı: «İlham Əliyevin zamanında Heydər Əliyevlə işləmiş bütün kadrlardan imtina edəcəyini söyləyənlər yanılır. Elə fiqurlar var ki, onlar bu gün İlham Əliyevin komandasında özlərinə çox ciddi şəkildə yer ediblər və prezident onlardan imtina fikrində deyil. Əslində onlar arasında bütün hakimiyyətlər üçün lazımlı kadr hesab olunan yetərincə simalar var. Və belə bir şəraitdə İlham Əliyevin köhnə eşalondan qalma bir sıra vacib fiqurlardan imtinası gözlənilən deyil. Amma bəzi dövlət qurumları da var ki, onların fəaliyyətlərində çeviklik tələb olunmasına rəğmən, bu heç də hiss olunmur və nəticədə həmin kadrla vidalaşma zərurətə çevrilir».

Mənbəmiz «kimdir onlar» sualına da aydınlıq gətirib: «Məsələn, bu gün Azərbaycanın kənd təsərrüfatı sektorununi ciddi şəkildə axsaması müşahidə olunur. Əslində Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Yəni neft Azərbaycan xalqı üçün bir ilahi fürsəti olsa da, insanlarımızın əsas dolanışıq yeri məhz kənd təsərrüfatı olmalıdır və bu sahənin inkişafından asılıyıq. Amma görünəni odur ki, İsmət Abbasov illər ərzində ona verilən fürsəti fövtə verib.

Əslində adam fürsətini qaçırmayıb. Şəxsi mənafe və şəxsi maraqlar baxımından İsmət Abbasov bu gün yetərincə böyük işlər görüb. Onun sərvəti milyonlarla ölçülür və bu gün dünyanın bir çox yerlərində biznesinin və villalarının olduğu iddia edilir. Real işə gəlincə isə İsmət Abbasov Azərbaycan insanının xatirində fermerlərə nəzərdə tutulan dövlət qayğısını müxtəlif saxta təsərrüfat birliklərini yaradaraq mənimsəmə faktı ilə yadda qalıb.

Və əgər bu gün hüquq-mühafizə orqanları, habelə ölkənin maliyyə institutları İsmət Abbasovun müvafiq fəaliyyətini araşdırarlarsa, ortaya böyük yeyinti faktı çıxmış olacaq ki, buna görə də İsmət Abbasov təkcə nazir postundan azad etmək yox, həm də onu qanun qarşısına çıxarmaq da lazım olacaq. Təbii ki, belə bir nazirlə yenidən «yola davam» deyiləcəyi inandırıcı görünmür və Nazirlər Kabinetinin yeni heyətində İsmət Abbasovu görə bilməyəcəyik».

Mənbəmiz DİA.AZ-a açılamasında daha sonra mövqeləri kifayət qədər oynaq olan digər nazirlik və komitə rəhbərlərinin də adlarını çəkib: «Bu gün İsmət Abbasovdan başqa Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovu da eyni qaydada ittiham etmək olar və onu da eyni qaydada yeni komandanın dəst-xəttinə ayaq uydurmamaqda suçlamaq mümkündür. Diqqət yetirin, əmək və əhalinin sosial müdafiə nazirliyinin rəhbərliyində son illərdə yetərincə gənc kadrlara üstünlük verilməkdədir. Və bu da nəticədə ƏƏSMN-nin işinin keyfiyyətinin artmasına gətirib çıxarıb. Diqqət edin, bu qədər narazılıq mühitində ƏƏSMN-nin fəaliyyətiylə bağlı yalnız xırda nöqsanlar mətbuat səhifələrinə yol tapır. Halbuki normalda kifayət qədər əsəbi vətəndaşlar zümrəsinə aid olan ƏƏSMN-nin cavabdeh olduğu sosial təbəqənin səsi-küyü kəsilməməli idi. Səs çıxmırsa, demək razılıq var və görülən işlər onları qane edir. Təbii ki, bu da birbaşa olaraq qeyd olunan nazirlikdə çalışan heyətin mobil və çevik bir komanda şəklində hərəkət etməsilə əlaqədardır.

Amma DTXK barəsində eyni fikirləri söyləyə bilmirik. Bu bir faktdır ki, bu gün sözügedən dövlət komitəsində bilgisayarı işlətməyi bacarmayan rəhbər vəzifəli şəxslər də var. Halbuki dəyişən zamənədə gəlişən texnologiyadan istifadə bəlkə də daha çox onların sahələrinin vacib şərtlərindəndir. Belə bir halda kifayət qədər yaşlanmış heyətlə irəliləməyi məqsəd edən Qərib Məmmədovun özünün köhnəlməsi təəssüratı yaranır ki, bu da yeniləşən İlham Əliyev komandası üçün arzuolunan hesab oluna bilməz».

Mənbəmiz iş yarıtmayan məmurlarla yanaşı, eyni zamanda işə mane olan və daha çox qrup maraqlarına qulluq edən məmurların da sərt formada cəzalandırılacağını və bu cəzalandırmanın Nazirlər Kabinetinin yeni heyətinin tərkibindən də duyulacağını bildirdi. Bu barədə isə yaxın günlərdə diqqətinizə ilginc məqamları çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt