Əsas Səhifə > Ölkə > RAFİQ TAĞININ İŞİNDƏ YENİLİK

RAFİQ TAĞININ İŞİNDƏ YENİLİK


21-01-2012, 15:17
RAFİQ TAĞININ İŞİNDƏ YENİLİK

“QƏTLİN ÜSTÜNÜN AÇILMASI ÜÇÜN KİFAYƏT QƏDƏR İPUCU MÖVCUDDUR”

Rafiq Tağının ölümü ilə bağlı yaradılmış təhqiqat qrupu mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, təhqiqat qrupu yazıçının ölümü ilə bağlı apardıqları araşdırmaların ilkin hesabatını açıqlayıb.

Təhqiqat qrupunun rəhbəri "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev bildirib ki, R. Tağının qətli onun jurnalist fəaliyyəti ilə bağlı olub. O, yazıçının ölümünün İranın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilməsinə inanmadığını bildirib: “Rafiq Tağının ölümündən sonra yaradılmış təhqiqat qrupu bir sıra vacib araşdırmalar həyata keçirib. Araşdırmalar zamanı yazıçının bıçaqlandığı yerə təcrübəli mütəxəssislərlə birgə baxış keçirilib və həmin ərazidə xeyli sayda təhlükəsizlik kamerasının olduğu müəyyənləşib. Kameraların yerləşdirildiyi obyektlərlə əlaqə saxladıq və məlum oldu ki, həmin kameraların əksəriyyətinin yaddaş kartları istintaq orqanları tərəfindən götürülüb. Lakin bununla belə biz bir neçə obyektdə olan kamera yaddaşına baxış keçirə bildik. Həmin kamera yaddaşlarında olan görüntülər sübut edir ki, qətlin üstünün açılması üçün kifayət qədər ip ucu mövcuddur. Lakin təəssüflər olsun ki, yazıçının qətli hələ də açılmamış qalır”.

E. Fətullayev həmçinin yazıçının bıçaqlandığı ərazidə İran vətəndaşlarına məxsus mağazanın fəaliyyət göstərdiyini açıqlayıb: “Hadisə yerinə baxış keçirərkən həmin ərazidə “Seramik Mərkəzi” adında bir dükanın olduğunu gördük. Dükanın əməkdaşları ilə söhbətləşəndə məlum oldu ki, bu mağaza İran vətəndaşına məxsusdur. Dükanın təhlükəsizlik kameraları olsa da, mağazadan həmin kameraların işləmədiyini bildirdilər. Onların sözündən elə məlum oldu ki, Rafiq Tağının bıçaqlandığı vaxtdan bir müddət əvvəl kameraların fəaliyyəti dayandırılıb”.

E. Fətullayev mərhum yazıçıya qarşı tibb işçilərinin böyük məsuliyyətsizlik nümayiş etdirdiyini qeyd edib: “Necə olur ki, bir adam səkkiz bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilir və onu 25 saat sonra palataya köçürürlər”.


Geri qayıt