Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCAN BANKLARININ KREDİT FIRILDAĞI

AZƏRBAYCAN BANKLARININ KREDİT FIRILDAĞI


21-01-2012, 12:23
AZƏRBAYCAN BANKLARININ KREDİT FIRILDAĞI

VƏTƏNDAŞ TALANININ ARXASINDA KİMLƏR DAYNIR?

DİA.AZ: - Bu gün ölkədə 50-ə yaxın iri bank fəaliyyət göstərir ki, onların da bəziləri «krişa»larının köməkliyilə bir çox sahələrdə inhisarı əldə saxlamaqla külli miqdarda vəsait əldə edirlər. Məsələn, bu cür banklar məişət məhsullarından tutmuş, texniki avandanlıqların və xarici avtomobillərin kreditlə satışını həyata keçirirlər və təbii ki, bu zaman tətbiq etdikləri yüksək faiz hesabına tez bir zamanda ağlasığmaz pullara yiyələnirlər.

Məsələ ilə bağlı apardığımız araşdırmaların nəticəsində məlum oldu ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bankların verdiyi kreditlər üzrə faiz dərəcələri 28-29 faizdən az deyil. Maraqlı məqam orasındadır ki, bütün qeyd olunanlarla yanaşı, bankların qəbul etdiyi ən yüksək əmanət 18-20 faizdən çox deyil. Halbuki, bank sektorunun inkişafı üçün yaradılmış mövcud şərait və bu şəraitin nəticəsində toplanmış külli miqdarda gəlirlər imkan verir ki, kredit verilişində faiz dərəcələri azaldılsın, əmanət qoyuluşunda isə əksinə olaraq, bir qədər artırılsın. Tam əminliklə demək mümkündür ki, bu sahədə qeyd olunan dəyişikliklər baş verərsə, həm bankların gəliri artacaq, həm də əhalinin sosial durumunda müəyyən qədər irəliləyiş hiss olunacaq. Lakin əfsuslar olsun ki, hələ də banklar və onların sahibləri bu istiqamətdə konkret iş görməkdə maraqlı deyillər.

Bu arada, bir çox ekspertlər də hesab edirlər ki, hazırda ölkədə kreditlərin nisbətən aşağı faizlərlə verilməsi mümkündür. Lakin bir neçə iri inhisarçı banklar var ki, məhz onların «əməyi» sayəsində faiz dərəcələri 28-20-dan aşağı düşmür. Düzdür, ara-sıra olur ki, bu və digər bankın təmsilçisi faiz dərəcələrinin yüksək olmasını müxtəlif yollarla əsaslandırmağa çalışır. Lakin əksər hallarda onların əsaslandırmaları heç də reallığı əks etdirmir. Belə ki, faiz dərəcələrinin yüksək olmasının əsas səbəbi kimi əsasən, dünya maliyyə böhranı, son dövrlər ölkədə infliyasiyanın yüksək olması və nizamnamə kapitalını artırmaq üçün geniş imkanların olmaması göstərilir. Məhz bu qeyd olunanları əldə bayraq tutan bir çox banklar nizamnamə kapitallarını artırmaq məqsədilə kreditlərin verilməsi zamanı yüksək faizlərin tətbiqinə üstünlük verirlər. Ki, sonda bunun da əsas yükünü və fəsadlarını banka müraciət etmək məcburiyyətində qalan sadə vətəndaşlar daşımalı olurlar. Məhz bu fikirdə olan ekspertlər hesab edirlər ki, faiz dərəcələrinin yüksək olması ilə bağlı bankların əsaslandırmaları absurddur və heç bir əsası yoxdur. Çünki yerli bankların məntiqilə çıxış etsək, onda gərək qonşu dövlətlərin, hətta bir çox inkişaf etmiş ölkələrin bank sektoru çoxdan iflasa uğramalı idi. Digər bir arqument isə ondan ibarətdir ki, kreditlər verilən zaman risq dərəcəsi yüksək olur və ona görə də, faiz dərəcələri artırılır ki, bununla dəyə biləcək zərərin qarşısı alınsın. Deməli, yuxarıda da qeyd etdiyimiz yerli bankların biznes siyasəti məhz o məntiq üzərində qurulub ki, nə olursa olsun bank xeyir götürsün, müştəriyə ziyan dəysə də olar.

Söz yox ki, indinin özündə də müəyyən normalar çərçivəsində əhaliyə xidmət göstərən və bu zaman hər iki tərəfin maraqlarını bərabər qaydada qorumağa çalışan, ya da ən azından bu istiqamətdə müəyyən addımlar atan banklar var. Lakin ətrafında söhbət apardığımız həmin iri inhisarçı banklar və onların «krişa»ları müxtəlif yollardan istifadə edərək, rəqiblərini tez bir zamanda neytrallaşdırmağa nail olurlar. Elə bu səbəbdən də bu gün heç bir sıravi vətəndaş aşağı faizlə kredit götürə bilmir. Yalnız müxtəlif nüfuzlu şəxslər bu şansdan yararlana bilərlər ki, bu da ölkənin bank sektorunun hansı vəziyyətdə olduğunu gün kimi ortalığa qoyur.

Apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, bəzi banklar əlavə qazanc əldə etmək məqsədilə bəzi maxinasiyalardan istifadə edirlər. Məsələn, bu gün elə inhisarçı banklar var ki, onlar öz pullarını ümumi dövriyyədən çıxarmaq üçün analoqu olmayan üsullara əl atırlar. Bunun üçün ən sərfəli variant əmlakın girov qoyulması yolu ilə kreditlərin verilməsidir. Belə ki, bankın işçisi əmlakını girov qoymaq istəyən şəxslə anlaşaraq, onun əmlakını real dəyərindən 30 faiz baha göstərir. Əvəzində isə müştəridən həmin 30 faizi alaraq cibinə qoyur. Kredit verildikdən sonra əmlakının tam dəyəri məbləğində pul almış şəxs isə sonradan həmin pulu qaytara bilmədiyini banka çatdırır. Nəticədə, bankın nümayəndələri krediti ödəyə bilməyən şəxsin əmlakını müsadirə edir. Heç nə itirməyən müştəri isə bundan sonra oyundan çıxmış olur. Beləliklə, bank müəyyən məbləğ itirməklə əmlak əldə edir. Lakin bank tərəfindən mənimsənilmiş əmlakın sonradan nəzərdə tutulan qiymətə satılması bir qədər müşkül məsələdir. Odur ki, növbəti hərracda qiymət bir qədər aşağı salınmaqla əmlak satılır. Nəticədə, ümumilikdə bank uduzsa da, müştəri ilə bankın nümayəndəsi kifayət qədər xeyir götürürlər.

Ümumiyyətlə, hazırkı şəraitdə sıravi vətəndaşın banklardan kredit alması o qədər də asan məsələ deyil. Bunu çoxları təsdiq edə bilər. O da məlumdur ki, birinci müraciətdən sonra bu və digər bankdan kredit ala bilməyən şəxs müxtəlif yollara əl atmalı olur ki, bunların da ən aktualı bankla əlaqəsi olan, yəni müştəri ilə kredit verən arasında maklerlik funksiyasını yerinə yetirən şəxsin tapılmasıdır. Məhz bundan sonra müəyyən məbləğdə «şapka» ödəmək şərtilə kreditin alınması reallaşır. Əks halda, bankdan kreditin alınması arzu olaraq qala bilər..


Geri qayıt