Əsas Səhifə > Gündəm, Manşet > KOMİTƏ SƏDRİ PUL YIĞIMINA BAŞLAYIB

KOMİTƏ SƏDRİ PUL YIĞIMINA BAŞLAYIB


21-01-2012, 12:20
KOMİTƏ SƏDRİ PUL YIĞIMINA BAŞLAYIB

KƏRƏM HƏSƏNOV «EUROVISION» ZİYANINI SAHİBKARLARA ÖDƏTDİRİR

DİA.AZ: - Bakıda gələn ilin mayında keçiriləcək «Eurovision» mahnı yarışması üçün nəzərdə tutulan «Kristal Palace»in tikintisində ciddi qalmaqal baş verib. Tikintidəki mənbələrdən redaksiyamıza məlum olub ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovun kurasiyasında olan, bir qayda olaraq hakimiyyətin bütün meqatikinti projelərində podratçı kimi yer alan «Azinko» şirkəti bu idman-konsert kompleksinin fundament işlərini keyfiyyətsiz görüb.

Məlumatda deyilir ki, kompleksin tikintisi üçün sifariş alan alman şirkətinin mütəxəssisləri «Azinko»nun həyata keçirdiyi fundament işlərini analiz edərək bu qənaətə gəliblər ki, nəhəng saray bu özülün üstündə davam gətirə bilməz. Nəticədə fundament kifayət qədər etibarlı sayılmadığından, almanlar işi yenidən başladıblar. Bununla da tikintiyə sərf edilən milyonlarla manat boşa gedib.

Xəbər verildiyi kimi, «Eurovision» mahnı yarışması üçün Bakıda yeni idman-konsert kompleksinin tikintisi şəxsən dövlət başçısının nəzarətində olan məsələdir. Tikinti üçün Dövlət Bayrağı Meydanı yaxınlığında yeri də prezident İlham Əliyev seçib. Vaxtın azlığı nəzərə alınaraq hələ tikintinin sifariş ediləcəyi şirkət tapılmadan özül işlərinə başlamaq qərarına gəlinib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kompleksin layihələndirilməsi və tikintisinin ən qısa müddətdə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə bir sıra tanınmış xarici şirkətlərlə danışıqlar aparılıb. Danışıqlar nəticəsində müvafiq sahədə beynəlxalq nüfuza və təcrübəyə malik olan, müxtəlif idman və mədəni məqsədlər üçün inkişaf etmiş Avropa ölkələrində və dünyanın digər bölgələrində çoxsaylı layihələri uğurla başa çatdırmış Almaniyanın «Alpine Bau Deutchland AG» şirkəti podratçı kimi seçilib. Azərbaycan hökuməti ilə əldə edilən razılaşmaya əsasən, «Alpine Bau Deutchland AG» şirkəti kompleksin tikinti işlərini müsabiqədən bir ay öncə başa çatdırmalıdır.

Tikintidəki mənbədən məlum olub ki, «Azinko» şirkətinin apardığı özül işlərinin alman şirkətinin standartlarına cavab verməməsi üzündən təkcə milyonlarla manat itkiyə getməyib, eyni zamanda tikintinin nəzərdə tutulan vaxtda başa çatması da risk altına düşüb. Çünki özülün yenidən bərkidilməsi işləri vaxt itkisinə səbəb olub. İndi ciddi narahatlıq var ki, kompleks gələn ilin mayına qədər hazır olmaya bilər.

Hakimiyyət düşərgəsinə yaxın digər mənbə isə deyib ki, əgər «Kristal Palace»in tikintisi K.Həsənovun kurasiyasında olan şirkətin və onun şəxsən özünün günahı üzündən ləngisə o zaman komitə sədri buna görə dövlət başçısı qarşısında cavab verməli olacaq. Çünki kompleksin nəzərdə tutulan vaxtda başa çatması ölkə üçün prestij məsələsidir. Doğrudur, hökumət yarışmanı keçirmək üçün alternativ yerlər də nəzərdə tutur. Bu məqsədlə Tofiq Bəhramov adına stadionun üstünün örtülməsi və yenidənqurma işlərinin aparılması üçün ölkə başçısı tərəfindən 20 milyon manat vəsait ayrılıb. Ancaq yarışmanın yeni sarayda keçirilməsinə nail olmaq K.Həsənovun və digər cavabdehlərin qarşısında qoyulan əsas vəzifədir.

Adının çəkilməsini istəməyən etibarlı qaynaqdan daxil olan məlumata görə, Kərəm Həsənova sözügedən obyektin tikintisində yol verilən maliyyə itikisini dərhal ödəmək tapşırılıb. Komitə sədri isə bu ziyanı kənar vasitələrlə qarşılamaq yolunu tutub. Səttarxan adına zavodun ərazisində Heydər Əliyev Mərkəzinin tikintisinə məsul olan komitə sədri ayrı-ayrı idarə və müəssisələrin rəhbərlərinə, şirkətlərə, azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına haqqında danışılan mərkəzin tikintisinə yardım etmək üçün təzyiq edir. Heydər Əliyev Mərkəzinin adı ilə komitə sədrinin faktiki olaraq qanunsuz pul yığımı ilə məşğul olduğunu deyən qaynağımız proses haqda yuxarılara məlumat verildikdən sonra qeyri-qanuni pul yığımı dayanıb. İndi isə eyni proses «Eurovision» binası üçün aparılır.


Geri qayıt