Əsas Səhifə > Cəmiyyət > ZİYA MƏMMƏDOV ARXAYIN OLMASIN

ZİYA MƏMMƏDOV ARXAYIN OLMASIN


20-01-2012, 16:40
ZİYA MƏMMƏDOV ARXAYIN OLMASIN

TAKSİ SÜRÜCÜLƏRİ AKSİYALARI DAVAM ETDİRƏCƏKLƏR

Yanvarın 19-da taksi sürücülərinin etiraz aksiyası zamanı saxlananlardan biri, Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Qurban Məmmədov və taksi sürücüsü İlham Əmiraslanov Yasamal Rayon Məhkəməsinin qərarı ilə 5 sutka həbs edilib.

Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Pərviz Əzimov Turan-a bildirib ki, aksiyada saxlanılan 15-dən çox adam məhkəmə və polis tərəfindən xəbərdarlıq edilərək azad buraxılıb.

Nəqliyyat Nazirliyinin lisenziya qaydalarını sərtləşdirməsi, yalnız 2006-cı ildən sonra istismara buraxılan avtomobillərə lisenziya verilməsi və Rusiya istehsalı olan avtomobillərə lisenziya verilməməsi narazılıq yaradıb.

Nazirliyin qərarından sonra taksi fəaliyyəti ilə məşğul olan minlərlə avtomobilin lisenziyası uzadılmayacaq və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sürücüləri cərimələnəcək.

Son illər bir qayda olaraq şəxsi avtomobillərindən taksi kimi istifadə edən sürücülərlə Nəqliyyat Nazirliyi arasında problem yaşanmaqdadır. Bu problem ölkəyə “London taksi”ləri gətiriləndən sonra başlanıb. İlk öncə “London taksiləri” üçün paytaxtın mərkəzi küçələrində dayanacaqlar yaradılıb və digər taksiləri həmin küçələrdə dayanmağa qoymayıblar. Sonra isə lisenziya şərtləri sərləşdirilib.

Nəqliyyat Nazirliyinin lisenziyaları sərtləşdirmək qərarı minlərlə sürücünün qazancını əlinədn alacaq. Ekspertlər hesab edirlər ki, nazirlik bazarda monopoliya yaradır, nəhayət, taksi xidmətinə nəzarəti tam əlinə keçirəcək və qiyməti diqtə edəcək.

Lisenziyaların sərtləşdirilməsi nəticəsində taksi sürücüləri arasında sosial narazılıq genişlənməkdədir. Vətəndaşlara hökumət problem yaratdığından narazılığın hədəfi də hökumət olur.

Sürücülər aksiyalarını davam etdirmək niyyətindədir. Çünki Nəqliyyat Nazirliyi problemin həlli istiqamətində addımlar atmır, sürücüləri qəbul edib onların problemini müzakirə etməyib.


Geri qayıt