Əsas Səhifə > Ölkə > AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ TƏHLÜKƏLİ NÖQTƏDƏ

AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ TƏHLÜKƏLİ NÖQTƏDƏ


20-01-2012, 16:36
AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ TƏHLÜKƏLİ NÖQTƏDƏ

EKSPERT RƏYİ

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin Bakıda əcnəbi ictimai xadimlərin qətli məqsədilə hazırlanmış sui-qəsdi ifşa etməsi Azərbaycanın rəsmi Tehranı ittiham etməsi kimi başa düşülməlidir. Eyni zamanda, dövlət televiziyasının reportajında terrora hazırlığın yəhudi müəllimlərə qarşı olması fikrinin səsləndirilməsi situasiyanı daha da gərginləşdirir.

Terrora hazırlığın ötən ilin oktyabrında ifşa edilməsi və bu barədə məlumatın ictimaiyyətə Azərbaycanın rəsmi saytlarına haker hücumunun İrandan təşkil edilməsi iddiaları ortaya atıldıqdan sonra açılmasını da təsadüf saymaq olmaz. Yeri gəlmişkən, yazıçı-publisist Rafiq Tağı da noyabrın 19-da qətlə yetirilib. O, İran rəhbərlərini tənqid edən “İran və qloballaşmanın qaçılmazlığı” məqaləsini dərc etdirdikdən sonra qətlə yetirilib.

Azərbaycan MTN dünən Bakıda əcnəbi ictimai xadimlərinin qətli məqsədilə hazırlanmış sui-qəsdi ifşa etdiyi barədə məlumat yayıb. Məlumatda deyilir ki, qətlləri planlaşdıran iki Azərbaycan vətəndaşı - Rasim Əliyev və Əli Hüseynov həbs edilib, hazırlanan terror aktlarının digər mühüm iştirakçısı, əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş Balaqardaş Dadaşov hazırda İranın Ərdəbil şəhərində gizlənir. MTN terrora hazırlıq üçün İrandan keçirilərək Azərbaycan ərazisində gizlədilmiş çoxsaylı silah, sursat və avadanlığı aşkar edərək götürüb.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib ki, bu məlumat İran-Azərbaycan münasibətlərinin təzahürünün göstəricisidir. ”Məlumatın nə qədər həqiqət olub-olmamasını iddia edə bilmərəm. Amma bir fakt məlumdur ki, Azərbaycan-İran münasibətlərinə ciddi müdaxilələr görünür. Bu da vəziyyətin gərginləşməsinə xidmət edir. O cümlədən, Azərbaycanın rəsmi saytlarına haker hücumunun İrandan təşkil edilməsi və əksinə İran saytlarına haker hücumlarının Azərbaycanın cavab tədbiri olması barədə iddialar buna xidmət edir. Bu iddialar qeyri-rəsmi idisə, Azərbaycanda yəhudi müəllimlərə qarşı terrora hazırlığın İran tərəfindən hazırlanması barədə məlumatlarda rəsmi Tehran ittiham olunur”, - deyə politoloq qeyd edib.

Hüquq müdafiəçisi Eynulla Fətullayev MTN-nin məlumatına şərh verməyin hələ tez olduğunu bildirib. “Ancaq bildirəm ki, terrora hazırlıqda adı hallanan Balaqardaş Dadaşovun adı Hacı Məmmədovun cinayət işində keçir və o vaxtilə aktyor Hacıbaba Bağırovun ögey oğlunu oğurlayıb. B.Dadaşovun 90-cı illərdə Bakı Şəhər Baş Polis İdarəsinin agent şəbəkəsi ilə əlaqəli olduğunun ehtimal edilməsi barədə məlumatlar səslənib. O, artıq 10 ildən çoxdur İranda gizlənir”, - E.Fətullayev qeyd edib.

Bununla yanaşı, hüquq müdafiəçisi bu terrora hazırlıqla yazıçı Rafiq Tağının qətli arasında paralellər aparıb. “İndiki terrora hazırlıqla Rafiq Tağının qətli eyni aylara təsadüf edir. Amma MTN-nin məlumatının təhlili göstərir ki, İran kəşfiyyat orqanları qətl hadisələrini kameraların qarşısında törətməkdən çəkinir. Ona görə snayper silahından istifadə variantını seçir. Amma Rafiq Tağının qətli çoxsaylı kameranın qarşısında və primitiv üsulla həyata keçirilib”,- o vurğulayıb.

Ekspertlər həmçinin dövlət televiziyasının nümayiş etdirdiyi silah, sursat və avadanlıqların yalnız bir qətl hadisəsi üçün nəzərdə tutulmadığı qənaətindədir. Həmin silah, sursat və avadanlıqları İrandan gətirilməsi, gizlədilməsi və sonradan istifadə ediləcəyi nəzərə alınarsa, istintaq çoxsaylı üzvü olan mütəşəkkil dəstəni və ya qrupu üzə çıxarmalıdır.


Geri qayıt