Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEV 9 OKTYABR ÖNCƏSİ SU ÜZÜNƏ ÇIXDI

ELŞAD ABDULLAYEV 9 OKTYABR ÖNCƏSİ SU ÜZÜNƏ ÇIXDI


8-10-2013, 09:17
ELŞAD ABDULLAYEV 9 OKTYABR ÖNCƏSİ SU ÜZÜNƏ ÇIXDI
ARTIQ NƏYİNSƏ GİZLƏDİLMƏSİNƏ VƏ EHTİMAL OLUNMASINA GƏRƏK YOXDUR

DİA.AZ: - Məlum olduğu kimi, keçmiş ABU rektoru Elşad Abdullayev prezident seçkilərilə bağlı şok müraciət yayıb. Həmin müraciətdə artıq ənənəvi mahiyyətindən də kənarda dayanan sabiq ABU rektoru sanki 9 oktyabr tarixinin son döyüş olduğunu önə sürərək, əsl məramlarını da ortaya qoymuş olur. Bu barədə az sonra…

DİA.AZ xatırladır ki, Elşad Abdullayev əslində ilk günündən müəmmalı bir fiqur kimi xarakterizə olunmaqda idi. Və elə buna görə də kimiləri onun hakimiyyətin müəyyən qanadına bağlı olub da, başqa bir iqtidariçi qüvvə ilə döyüşən fiqur kimi səciyyələndirirdi, kimi də Elşad Abdullayevin kənardan idarə olunan bir marionetkə kimi iqtidar daxilində təfriqlərin yaranmasına xidmət etdiyini iddia edirdi.

Amma bu gün isə aydın olur ki, bu iddialar əsassız imiş. Sadəcə olaraq Elşad Abdullayevə - daha doğrusu, onun himayədarlarına müəyyən zaman kəsiyində lazım olub ki, keçmiş rektor Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qanlısı kimi çıxış etsin. Ona görə də bu üsulla Elşad Abdullayev digər cinahların, xüsusən də antimehdiyevçilərin rəğbətini qazanmağa və hətta onlardan dəstək almağa belə ümidli idi ki, onun istədikləri oldu da.

Ramiz Mehdiyevi bəyənməyənlər Elşad Abdullayevin reaksiyaları ilə hətta addımlar da atdılar və onun şərləmələrini sanki bir «Quran» ayəsi kimi qəbul edərək neçə günahsız insanı belə hədəfə çevirdilər. Elşad Abdullayev çox aktual və əzəmətli bir fiqura çevrilmişdi. Daha kimsə soruşmurdu ki, aya adam, səndə bu qədər pullar hardan idi ki, filankəslər də həmin pulları sənə «atırdılar»… Əslində bütün bunlar Elşad Abdullayevin digər iqtidariçi qüvvələr tərəfindən dəstəklənməsinin təzahürü idi.

Həm də hakimiyyətin öz daxilində də bir anlaşılmazlıq var idi. Təsəvvür edin, dünənə qədər qılıncının hər iki üzü kəsən Gülər Əhmədova kimi əzəmətli bir YAP-çının həm mandatı əlindən alınır, həm də qolları qandallanır. Eyni zamanda onlarla sahibkar, siyasi fiqur, hətta məmurlar belə Elşad Abdullayevin ağzından çıxacaq sərsəmləmələrlə həbsə atılması üçün hazırlıqlı vəziyyətə gətirilir.

Hətta Elşad Abdullayev daha da irəli gedərək prezident İlham Əliyevdən təhlükəsizliyinə təminat da istəyir. Və Azərbaycxana gəlməyə hazır olduğunu bildirir. Sanki kimlərinsə başları əslində kifayət qədər cinayətə bulaşmış olan və bir mələk kimi təqdim olunan Elşad Abdullayevin ayaqları altında kəsilməli idi…

Və nəhayətdə bu proses də durduruldu. Çünki hər şeyin bir düyün nöqtəsi var idi. Durmalı idi və durduruldu. Çünki mətbuat da ənənəvi korazehin dəst-xəttdən imtina etməyə vadar oldu. Daha «Elşad Abdullayevdən daha bir şok video» başlığı reytinq gətirmirdi. Mətbuat da anladı ki, cəmiyyət Elşad Abdullayevin seriallarına doyub. Çünki cəmiyyət anlayırdı ki, hətta Hindistanda belə bu şəkildə gopologiya mahiyyətinə müraciət olunmur.

Bəli, Elşad Abdullayev artıq yetərincə populyar olduğuna əmin olan kimi əsas niyyətini gerçəkləşdirməyə başladı. Və bu fakt idi ki, artıq neçə-neçə məmur məhz Elşad Abdullayevin və adamlarının təhdidi altında vidolarının yayılmaması qorxusundan təlaş keçirir, pullar xərcləyirdi.

İndi isə bütün kinolar başa çatıb. Əslində Elşad Abdullayevin kinosu digər tanınmış rejissor - Rüstəm İbrahimbəyovun kinosundan da erkən başa çatıb. Sadəcə olaraq keçmiş rektor final fitini bu günlərdə səsləndirdi. Müraciətini yayaraq bildirdi ki, Azərbaycan xalqını İlham Əliyevə yox, Cəmil Həsənliyə səs verməyə çağırır.

Bəlkə də hörmətli Cəmil müəllim üçün bundan böyük antireklam ola bilməzdi. Ən azından ona görə ki, Elşad Abdullayev vətənində heç də sevilən birisi deyil və onun xalq deyib ağız açdığı insanlar bu gün onun fırlatdığı, pulunu atdığı, təhsil əvəzinə bisavadlılıq verdiyi insanlardır və bu adamlar Elşad Abdullayevi məhkəməyə vermək üçün sıraya düzülüblər. Belə birisinin sözü ilə kim bir daşın üstünə bir daş qoyar ki…

Lakin burada diqqət çəkəni bir başqa məqamdır. Elşad Abdullayev bütün ittihamları İlham Əliyevin üzərinə yönəltdi. Bununla da kinosunu bitirmiş oldu. Bəli, möhtərəmlər, cənablar, misterlər. Hədəfdə hansısa məmur yox, məhz İlham Əliyev və onun hakimiyyəti idi. Elşad Abdullayevin serialları məhz buna xidmət edirdi. Adam final fitində ssenarinin ümumi mahiyyətini yetərincə anlatmış oldu. İndi isə qərar sizindir…

Geri qayıt