Əsas Səhifə > Siyasət, Manşet > MİKAYIL CABBAROV FƏRQLİ OLDUĞUNU SÜBUT ETMƏLİDİR

MİKAYIL CABBAROV FƏRQLİ OLDUĞUNU SÜBUT ETMƏLİDİR


2-10-2013, 12:21
MİKAYIL CABBAROV FƏRQLİ OLDUĞUNU SÜBUT ETMƏLİDİR
TƏHSİL NAZİRİ BU GÜN MİSİR MƏRDANOVUN YOLUNU DAVAM ETDİRMƏKDƏDİR

DİA.AZ: - Təhsil naziri Mikayıl Cabbarov hazırki vəzifəsinə ilk təyin olunduğu günlərdə özünü işbaz bir məmur kimi tanıtdırmağa çalışsa da, artıq onda bu cəhdlərinin uğursuz alınması barədə qətiləşmiş bir fikir var. Artıq belə bir təəssürat yaranıb ki, Mikayıl Cabbarovu Misir Mərdanovdan qalma köhnə heyət idarə edir. Ona görə ki, Mikayıl Cabbarov bu gün demək olar ki, Misir Mərdanovdan «miras qalan» ənənəyə sədaqət nümayiş etdirməkdən fərqli bir tövr ortaya qoymur ki, bu da nəzərlərdən yayına bilməz.

İlk başdan burada Mikayıl Cabbarovun rəhbəri olduğu Təhsil Nazirliyinin də Misir Mərdanovun dövründə olduğu kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə konfliktə getməsini misal çəkmək olar. Doğrudur, əvvəllər yeni nazir TQDK ilə TN-nin ortaq mövqedə olmalarını nümayiş etdirməyə cəhd göstərdi. Lakin sonradan bu münasibət yenilənməsinin müvəqqəti olduğu üzə çıxdı və indi qətiləşmiş bir qənaət var ki, Mikayıl Cabbarov TQDK ilə ədavət estafetini Misir Mərdanovdan alaraq uğurla davam etdirir. Təbii ki, burada kimin haqlı, kimin haqsız olması söz konusu deyil. Hər halda, iki dövlət qurumunun dil tapması mümkündür və ən azından ona görə ki, hər iki tərəf aradakı konfliktin məhz Azərbaycanda biabırçı bir nəslin yetişməsinə gətirib çıxardığını dərk etməli idi. Lakin xırda ambisiyalar burada ümummilli hədəfləri yediyindən Mikayıl Cabbarov da bu gün TQDK ilə əks səngərdə qərarlaşıb.

Təbii ki, bu kimi faktlar yetərincədir. Yəni bu gün Mikayıl Cabbarovun əslində Misir Mərdanovun yolunu davam etdirdiyini sübutlayan məqamları saymaqla çox vaxt almaq mümkündür. Və bunlar arasında nəzərləri cəlb edənlərdən biri də yeni nazirin özəl ali təhsil ocaqları ilə bağlı qərarsızlığıdır. Daha doğrusu, ənənəvi taktikaya nümayiş etdirdiyi sədaqət…

Hər kəs yaxşı bilir ki, bu gün özəl təhsil sektorunda durum heç də ürəkaçan deyil. Bu, elə Misir Mərdanovun dövründə də sübutlanıb. Bu gün Fransada oturub rəsmi Bakını top atəşinə tutan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin timsalında da sübutlandı ki, yalnız tək-tük özəl ali məktəblər bu gün həqiqətən də tələbələri maarifləndirməklə məşğuldurlar və əksəriyyəti daha çox bazar mahiyyətindədir.

Onlardan biri də başında deputat Əhməd Vəliyevin dayandığı «Odlar Yurdu» universitetidir. Təbii ki, Mikayıl Cabbarovun bu gün «Odlar Yurdu» universiteti kimi bir təhsil ocağına, bu ali məktəbin fəaliyyətinə müdaxilə imkanları sıfıra bərabərdir. Bunu hər kəs yaxşı bilir. Amma ən azından islahatlar aparma imkanı ki, var… Buna nə deyiprsiniz, cənab nazir?

Bu gün Azərbaycan vətəndaşları Mikayıl Cabbarovdan radikal islahatlar gözləyir. Bu faktdır. Amma əksini gördükcə Mikayıl Cabbarov kimi bir gənc kadrın Misir Mərdanovun yaratdığı bataqlıqda boğulduğu qənaəti formalaşır ki, bu qənaət də çox üzücüdür… Çünki sual altına düşən ölkəmizin gələcəyidir…

Azər - DİA.AZ

Geri qayıt