Əsas Səhifə > Gündəm, Manşet > ASTARANIN GÖMRÜK RƏİSİNİN FÖVQƏLGÜCÜ

ASTARANIN GÖMRÜK RƏİSİNİN FÖVQƏLGÜCÜ


19-01-2012, 11:38
ASTARANIN GÖMRÜK RƏİSİNİN FÖVQƏLGÜCÜ

«2 MİLYON MANAT VERİB QUBAYA BAŞÇI GEDƏCƏM» DEYƏN RƏİS HAQDA ŞOK FAKTLAR

DİA.AZ: - Son günlər Astara sərhəd- keçid məntəqəsindən İrana vizasız gediş-gəliş məhdudlaşdırılıb. Əslində burada çox ciddi maraqlar var. Bununla bağlı redaksiyamıza ilginc faktlar daxil olub.

Gömrükdəki mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, əslində Astara sərhəd-keçid məntəqəsində İrana vizasız gediş-gəliş Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədovun əsas gəlir sahələrindən biridir. Doğrudur, burada sual oluna bilər ki, bu qədər qanunsuz idxalın qarşılığında insanların sərhəd adlaması hansı gəliri gətirə bilər. Amma bu sualın cavabı sadədir: Hikmət Məmmədovun bu biznesdə şəriki yoxdur. Adı «vizasız gediş-gəliş» olsa da, bu gün sərhədi adlayan hər kəsdən 5-6 manat (İran pulu ilə 4-5 min tümən) alınır. Mənbəmiz bildirir ki, həftənin 2-ci, 3-cü və 4-cü günləri ərzində insanlar sərhəddi aşa bilirlər ki, bu 3 gün ərzində o taydan bu taya təxminən, ən azı 2 min adam keçir ki, bu da 10-12 min manat pul edir. Bu isə o deməkdir ki, Hikmət Məmmədov kimsə ilə bölüşmədən 3 günün içində bu qədər pulu cibinə qoyur. Və bu pullarla bağlı hətta hazırda qeyri-rəsmi olsa da gömrük sistemini nəzarətində saxlayan Kəmaləddin Heydərov da xəbərsizdir.

Mənbəmizin söylədiklərindən belə aydın olur ki, Hikmət Məmmədov heç də həmin 12 min manatın ümidinə qalmayıb: «İrana çin istehsalı olan mallar da Azərbaycandan daşınır. Və hər gün onlarla «Qazel» markalı maşınla mallar daşınır ki, buradan gələn gəlirlər də Rafael adlı gömrük müfəttişinin əli ilə Hikmət Məmmədova çatdırılır»

Bildirək ki, bu məlumatı aldıqdan sonra Hikmət Məmmədovla bağlı müəyyən araşdırmalar da apardıq və çox ilginc faktlara rast gəldik. Bu barədə daha geniş bilgiləri növbəti günlərdə diqqətinizə çatdıracağıq. Əsas olan məqamların bəzilərini isə təqdim edirik.

Mötəbər mənbələrin bildirdiyinə görə, gömrük sistemində «Rokfeller» ləqəbi ilə tanınan Hikmət Məmmədov həm də tikinti maqnatıdır. «Onunla bağlı «yuxarılara» göndərilən bütün şikayətlər qapıdan qayıdır» deyən mənbəmizin bildirdiyinə görə, təqaüd vaxtı çatdığından Hikmət Məmmədov özü üçün yeni iş yeri də müəyyən edib: «Bu günlərdə özünə yaxın olan çevrədə bəyan edib ki, Qubaya icra başçısı gedir və artıq bu barədə Kəmaləddin Heydərovla da danışıb».

FHN rəhbərinə 2 milyon manat verib, icra başçısı olmaq istəyən Hikmət Məmmədovla bağlı danışan mənbəmiz bildirdi ki, Astara gömrüyünün rəisi ərazidə qoçu dəstəsi də saxlayır: «Kimlər ki, rüşvəti vermək istəmədikdə, bu zaman həmin qoçular hərəkətə keçir. Dəfələrlə olub ki, İrana mal keçirmək və yaxud da İrandan mal gətirmək istəyən sadə vətəndaşlar Hikmət Məmmədovun qoçuları tərəfindən vəhşicəsinə döyülüb. Hikmət Məmmədov hətta bu iqtidarını nümayiş etdirərək hər kəsə «kiminsə mənə gücü çatmaz» deyərək öyünür də».

Onu da bildirək ki, Hikmət Məmmədovla bağlı araşdırmalarımız davam edir və daha dolğun məlumatları diqqətinizə çatdıracağıq. Bizi izləyin…


Geri qayıt