Əsas Səhifə > Cəmiyyət > MİTİNQLƏR BAŞLAYIR

MİTİNQLƏR BAŞLAYIR


18-01-2012, 18:04
MİTİNQLƏR BAŞLAYIR

İCTİMAİ PALATA KÜTLƏVİ AKSİYALARA BAŞLAMAQ QƏRARI VERDİ

Bu gün İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib. İclasa Müsavat Partiyasının başqanı İsa Qəmbər sədrlik edib. İsa Qəmbərin müxbirimizə verdiyi məlumata görə, iclasda ölkədə ictimai-siyasi vəziyyət və gedən proseslər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Koordinasiya Şurası öz hüquqlarını müdafiə edən taksi sürücülərinin hüquqlarını tam şəkildə müdafiə elədiyini bəyan edib. İclasda əsas müzakirə mövzusu kütləvi tədbirlərlə bağlı olub. İP KŞ kütləvi aksiyalar mövzusunu geniş və hərtərəfli müzakirə edərək, müvafiq bir sıra qərarlar qəbul edib.

Koordinasiya Şurası hesab edib ki, fevral ayından başlayaraq piketlər, flaşmoblar və digər etiraz aksiyaları həyata keçirilməlidir. Koordinasiya Şurası İctimai Palatanın böyük mitinqlərinə sistemli hazırlığa başlamaq barədə qərar verib. İsa Qəmbərin dediyinə görə, əsas mitinqə çox ciddi hazırlıq gedəcək.

İclasda bir sıra digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb. Yanvarın 19-da saat 14-də Müsavat Partiyasının qərargahında Fransa Senatının sözdə “Erməni soyqrımı”nın inkarı haqqında qanun layihəsi məsələsi ilə bağlı Dəyirmi Masa keçirilməsi qərarı verilib. Dəyirmi Masanın mövzusu da olduqca maraqlıdır: "Fransa senatının demokratiya, Azərbaycan -Türkiyə münasibətlərinin qardaşlıq sınağı". Dəyirmi Masa mətbuata açıq keçiriləcək.

Koordinasiya Şurasının iclasında son günlər AXCP üzvlərinə hakimiyyətin təzyiqləri, rayon və şəhər təşkilatlarının toplantılarına mane olunması ilə bağlı bəyanat da qəbul edilib.


Geri qayıt