Əsas Səhifə > Ölkə > ARDNŞ-DƏN DAHA BİR “SÖKÜLMƏYƏCƏK” AÇIQLAMASI

ARDNŞ-DƏN DAHA BİR “SÖKÜLMƏYƏCƏK” AÇIQLAMASI


18-01-2012, 18:00
ARDNŞ-DƏN DAHA BİR “SÖKÜLMƏYƏCƏK” AÇIQLAMASI

XƏTAİ SAKİNLƏRİ NARAHAT OLMASIN...

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılov və Hüquq idarəsinin rəisi Eldar Orucov Xətai rayon sakinləri ilə görüş keçirib.

“APA-ECONOMICS”in xəbərinə görə, görüşün mövzusu ARDNŞ-a məxsus ərazilərdə tikilmiş qanunsuz tikililərlə bağlı olub.

M.İsmayılov bildirib ki, Xətai rayonu üzrə qanunsuz tikililərin sökülməsi ilə əlaqədar məhkəmələrdə 444 iddia qaldırılıb. Onların bir qisminin icrası məhkəmə tərəfindən dayandırılıb, qalan hissəsi - məhkəmədə icraatda olan və hələlik qərar çıxarılmamış iddialar üzrə də müvafiq qərar qəbul olunacaq.

“Lakin siz öz evlərinizdə rahat yaşayın, əmin olun ki, Xətai rayonu ərazisində heç bir qanunsuz tikili sökülməyəcək” - deyə M.İsmayılov qeyd edib.

ARDNŞ nümayəndələri onu da bildiriblər ki, şirkət məhkəmələrdə qaldırdığı iddiaları geri çəkə bilməz: “ARDNŞ qanunsuz tikililərin sökülməsi ilə bağlı iddia qaldırarkən əsas məqsədi yaşayış evlərinin sökülməsindən daha çox onların qanunsuz olmasını göstərmək və baş verə biləcək bədbəxt hadisələrə görə ARDNŞ-ın məsuliyyət daşımayacağını öncədən məhkəmə yolu ilə sübut eməkdir”.

ARDNŞ və Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri qeyd ediblər ki, yaxın 3-4 il ərzində Xətai rayonundakı neft emalı müəssisələri paytaxtdan kənara köçürüləcək: “O zaman sizin evlərinizin sənədləşməsi ilə bağlı problemlər də həll olunacaq”.


Geri qayıt