Əsas Səhifə > Ölkə > KÜR DAŞQINLARI İLƏ BAĞLI TƏZYİQLƏR DAVAM EDİR
KÜR DAŞQINLARI İLƏ BAĞLI TƏZYİQLƏR DAVAM EDİR18-01-2012, 16:49 |
TƏZQYİQLƏRLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ DİA.AZ: - 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının və qrunt sularının təsirinə məruz qalmış, mülkiyyət hüquqlarının bərpası məqsədilə 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsinə müraciət etmiş İmişli rayon sakinləri Elman Şahbazov və Əsəd Xəlilov yerli İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri tərəfindən təzyiq və təqiblərə məruz qalıblar. Bu barədə məlumatı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına zərərçəkənlərin özləri və qohumları veriblər. Verilən məlumatlara görə yanvar ayının 17- də (dünən) keçirilməsi nəzərdə tutulan məhkəməyə gəlmək istəyən iddiaçıların evinə gələn İmişli rayon İcra Hakimiyyətinin əməkdaşları onlara icra başçısı Əbülfəz Ağayevin tapşırığını çatdıraraq məhkəməyə getməməyi, iddialarını geri götürməyi tapşırıblar. Məhkəməyə müraciət edən, 1- ci qrup müharibə veteranı, Qarabağ qazisi Elman Şahbazov bildirib ki, ona icra hakimiyyəti və polis tərəfindən təzyiq edərək hədə- qorxu gəliblər ki, şikayətini geri götürsün, yoxsa onun üçün ağır olar; “Mən isə onlara bildirdim ki, mən haqqımı tələb edirəm. Evim qəzalı vəziyyətdədir, yaşaya bilmirəm. Şikayətimi eşidən yoxdur. Necə olur ki, rayonda evi normal şəkildə olan imkanlı, vəzifəli şəxslərə ev tikilir, amma mənim kimi kasib, arxasız, evi qəzalı insanlara ev tikilmir? Mən Qarabağ müharibəsində iştirak etmişəm, kantuziya almışam. Odun- alovun içindən keçib gəlmişəm, belə hədələr məni qorxutmur. Lazım gəlsə mən özümə intihar edərəm, amma mübarizəmdən dönmərəm. Avropa İnsan Haqları məhkəməsinə qədər gedəcəm”. Xatırladaq ki, Elman Şahbazov ona qarşı edilən ayrı- seçkilik və şikayətinə obyektiv baxılmadığı üçün 2011- ci ilin may ayında dövlət başçısının İmişliyə səfəri zamanı aclıq aksiyası keçirmiş və onunla görüşə cəhd etsə də rayon icra hakimiyyəti və polis şöbəsi onun bu istəyinin reallaşmasına imkan verməmişdir. Digər iddiaçı Əsəd Xəlilov isə ona edilən təzyiqlə bağlı dövlət başçısına müraciət edib və məktubunun surətini “Kür” Vətəndaş Cəmiyyətinə təqdim edib. Məktubda deyilir; “12 yanvar 2012-ci ildə deputat Xanhüseyn Kazımlının əmisi oğlu Zamin-bankın prezidenti Rəmzi Kazımov mənim mobil telefonuma zəng edib bildirdi ki, şikayətini dayandır, İqtisad Məhkəməsindəki şikayətini geri götür, mən sənə zamin dururam. Əks halda sənin üçün yaxşı olmayacaq. Bu mənə açıq təhdid idi, mafia birləşib. Problemimi həll etmək əvəzinə məni 70 yaşımda həbs etməklə hədələyirlər. 16 yanvar 2012-ci ildə mən kənddən Bakıya çıxan günü kəndin icra nümayəndəsi Şəmsəddin Pənahov İcra hakimiyyətinin bir qrup adamı ilə qapıma hücum edib, qardaşım Fərhadın daşdan tikilimiş yarımçıq binasını dönə-dönə videoya çəkdirib. Evi kişisiz görüb, evdəki qadınlara ”Əsəd dövləti aldatdığı üçün həbs olunacaq, ona bizdən yazdığı şikayətlər baha oturacaq, bu kəndin ağası da mənəm, qoçusu da mənəm, lotusu da mənəm”- deyərək hədələyib çıxıb gedib. Bütün bu oyunların arxasında İmişli RİH-nin başçısı Əbülfəz Ağayev, onun birinci müavini Səfa Ağayev, hüquqşunası Rahim Zahidov, onların əlaltıları Şəmsəddin Pənahov dayanır. Mən onları məhkəmədə ifşa edəcəyəm. Mən bu dünyadan binəsib köçməyəcəyəm. Mərhum eks-prezident H. Əliyevi ona görə sevirdim ki, xəyanəti və qoluzorluğu bağışlamırdı. Çoxunu bu dünyada cəzalandırıb. O böyük insan sağ qalsa idi Əbülfəz, Səfa Ağayevlər, Şəmsəddim Pənahovlar indi vəzifədə yox, başqa yerdə idilər...” Xatırladaq ki, 17 yanvara təyin olunmuş məhkəmə prosesi hakim Fəqan Əliyevin xəstə olması səbəbi ilə 26 yanvar 2012- ci ilə keçirilib. Digər iddiaçı Əmir Həsənovun FHN və Nazirlər Kabinetinə qarşı iddiası isə qismən təmin edilib. Ona Nazirlər Kabinetinin 197s saylı sərəncamında nəzərdə tutulan müvafiq kompensasiyanın ödənilməsi qərara alınıb. Öz hüquqlarının müdafiəsi uğrunda dinc, sivil yolla mübarizə aparan insanların təzyiq və təqiblərə məruz qalması ilə bağlı “Kür” Qərargahı etiraz bəyanatı yayıb. Bəyanatda Kür Araz daşqınlarının təsirinə məruz qalan insanların hüquqlarını bərpa etmək əvəzinə onlara yerli icra hakimiyyəti orqanlarının hədə- qorxu gəlməsi qətiyyətlə pislənilir, insanların öz fikirlərini azad şəkildə ifadə etmək, sərbəst toplaşmaq azadlığının təmin olunması, məhkəməyə müraciət etmək kimi elementar hüquqlarının qorunması tələb edilir. Xatırladaq ki, 07 yanvar 2012- ci ildə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvlərinin Sabirabadda daşqınların təsirinə məruz qalmış yerli sakinlərlə görüşü yerli İcra hakimiyyəti və polis tərəfindən dağıdılmış, Qərargah üzvləri Sabirabad və Saatlı polis şöbəsinin əməkdaşları tərəfindən polis zorakalığına məruz qalmışlar. Qərargahın Sabirabad rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılova müraciət edərək yanvarın 07- də baş tutmayan görüşün 21 yanvarda keçirilməsi ilə bağlı məktubuna hələ ki, rəsmi cavab verilməyib. “Kür” Qərargahının koordinatoru Oqtay Gülalıyevin isə son bir həftə ərzində Facebook- dakı sehifəsinin giriş şifrəsi 3 dəfə bərpa edilməsinə baxmayaraq sındırılaraq dəyişdirilib. Dünən isə onun [email protected] email ünvanına müdaxilə edilib və şifrəsi oğurlanıb. Geri qayıt |