Əsas Səhifə > Hadisə > ZİYA MƏMMƏDOVDAN ƏSƏBİ ADDIM
ZİYA MƏMMƏDOVDAN ƏSƏBİ ADDIM27-09-2013, 12:47 |
Məlum olduğu kimi, sentyabrın 23-dən 24-nə keçən gecə Bakı və Abşeron yarımadasında güclü yağış yağıb. Leysan xarakterli yağış bir müddət davam edib. Nəticədə paytaxtın bir çox yollarında avtomobillərin hərəkəti üçün problemlər yaranıb. Eyni zamanda, yaranan iri gölməçələr Bakının bəzi əsas küçə və prospektlərində səhər saatlarından tıxaclar yaradıb. Belə ki, Babək prospektinin şəhərə yaxın hissəsində yolda yaranan gölməçə şəhərə və əks istiqamətə gedən yolda ciddi tıxacın yaranmasına səbəb olub. Hətta şəhərin bəzi yerlərində işıqforların işləməməsi də tıxaclar yaradıb. Bakının bəzi tunellərini də su basıb. Gecə yağan güclü yağış səbəbindən paytaxtın Heydər Əliyev prospekti (şəhər istiqaməti), Babək prospekti (şəhər istiqaməti), Yusif Səfərov küçəsi (şimal istiqaməti) və Badamdar şossesində (şəhər istiqaməti) saatlarla tıxaclar müşahidə olunub. Bir sözlə, sentyabrın 24-də səhər açılar-açılmaz Bakıda həyat, demək olar ki, dayanıb. Gecə yağan yağış sularının küçələrdə, tunellərdə və həyətyanı sahələrdə yığılıb qalması gecədən yaranan problemi ikiqat artırıb. Diqqətçəkən məqamlardan biri də yeraltı tunelləri su basdığına görə böyük tıxacların yaranmasıdır. Şəhərdən aeroport yolu istiqamətində əsas yolda yeraltı su borusunda baş verən qəza ilə əlaqədar Heydər Əliyev prospektində əsas yol bağlanıb. Onu da qeyd edək ki, sentyabrın 23-dən 24-nə keçən gecə Bakıda və Abşeron yarımadasında 4 saat ərzində yağan yağıntının miqdarı 30-33 mm olub ki, bu da aylıq normadan təxminən iki dəfə (192 faiz) çoxdur. Bu, sentyabr ayı üçün rekord göstəricidir. Maraqlıdır, yeraltı tunellərdə suyun yığılıb qalmasının başlıca səbəbi nədir? Bəlkə tunellər tikilərkən yağış suyunun ötürülməsi üçün drenaj sistemi qurulmayıb? Ekspertlər bildirirlər ki, inkişaf etmiş ölkələrdə tunellər tikilərkən layihənin hazırlanmasında bir sıra müvafiq qurumlar iştirak edir. Yəni tikintiyə başlayan qurumla kanalizasiya idarələri layihəni əvvəlcədən birgə hazırlayır. Ən azından onu nəzərdən keçirir. Bu zaman bütün faktorlar nəzərə alınır. Aydın şəkildə göstərilir ki, yağış yağarkən hansı ölçüdə və kubda su axa bilər. Körpü, tunel tikilərkən mütləq bu ölçülərə diqqət yetirilir. Bizdə isə bu kimi məqamlar nəzərə alınmır. Görünən odur ki, güclü yağışların yağması nəticəsində yeraltı yol ötürücülərində yerləşən borular böyük həcmdə suyu ötürmək gücündə deyil. Yağan yağış normadan artıq olduğu üçün belə xoşagəlməz vəziyyət yaranıb. Digər tərəfdən, yaxşı olardı ki, yeraltı yol ötürücüləri tikilərkən ehtiyat suötürücü xətlər tikilsin. Xüsusən də bu kimi tikililərdə drenajların sayını artırmaq lazımdır. Drenaj sistemi mükəmməl qurulsaydı, yağışlı havalarda o cür acınacaqlı vəziyyət yaşanmazdı. "Unikal"a daxil olan məlumata görə, artıq yaranmış biabırçı situasiya nəqliyyat naziri Ziya Məmmədova da məruzə edilib. Nazir baş verənlərdən qəzəblənib və təcili iclas çağırıb. İclasda üç gün əvvəlki yağış zamanı yeraltı tunel və keçidlərdə baş verənlər müzakirə edilib. Ziya Məmmədov xüsusilə bu cür sifarişlərin əsas icraçısı olan "Akkord" şirkətinə öz kəskin iradlarını çatdırıb. Şirkət direktorunu yaşananlara görə danlayan nəqliyyat nazirinin olduqca sərt bir qərar verildiyi də bildirilir. Belə ki, adıçəkilən şirkət bundan sonra Nəqliyyat Nazirliyiinin tunel və yeraltı keçidlərin inşası ilə bağlı sifarişlərinin icraçıları arasında yer almayacaq. Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" baş verənlərlə bağlı üç gün əvvəlki açıqlamasında bildirib ki, 7-ci mikrorayon istiqamətindən gələn sel sularını yağış sularının drenaj xətləri tam olaraq qəbul edə bilmədiyi üçün sel Atatürk və Ziya Bünyadov prospektləri ilə "Gənclik" metro stansiyası tərəfə istiqamətlənib. Bu səbəbdən "Gənclik" metro stansiyası ətrafında yeni inşa edilən "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı"nda su yığını əmələ gəlib. "Tunelə yığıla biləcək yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan 1 saylı nasos stansiyasının gücü sellə yığılan su yığıntısını tam olaraq kənarlaşdıra bilmədiyi üçün operativ olaraq fövqəladə vəziyyət üçün əvvəlcədən nəzərdə tutulmuş 2 saylı nasos stansiyası işə salınıb və sel suları tunellərdən nəqliyyatın hərəkəti məhdudlaşdırılmadan qısa müddətə kənarlaşdırılıb. Sel sularının yığılması və kənarlaşdırılması zamanı tunellərə heç bir ziyan dəyməyib, hazırda tunellərdə nəqliyyatın hərəkətinə heç bir maneə yoxdur" deyə şirkətin açıqlamasında bildirilirdi. Amma Ziya Məmmədovun həmin izahatı da yetərli hesab etmədiyi deyilir. Elə bu səbəbdən də şirkət direktoru kəskin iradların hədəfinə çevrilib, şirkət özü isə bundan sonra adıçəkilən nazirliyin sifarişlərinin icraçısı olmaqdan məhrum edilib. Geri qayıt |