Əsas Səhifə > Hadisə > "SOVETSKİ"NİN YERDƏ QALAN HİSSƏSİ DƏ SÖKÜLÜR
"SOVETSKİ"NİN YERDƏ QALAN HİSSƏSİ DƏ SÖKÜLÜR27-09-2013, 11:01 |
“Bakı ilə bağlı gələcək planlardan biri də şəhərdə geniş yaşıllığın salınmasıdır”. Bunu “APA-Economics”ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, bu tədbirlər Böyük Bakının Regional İnkişaf Planında da əsas istiqamətlərdən biri kimi götürülüb. Bakının yaşıllaşdırılmasının hələ sovet dövründə planlaşdırıldığını xatırladan C.Qocayev deyib ki, həmin vaxt Dəniz Vağzalından Hüseyn Cavid bağına qədər yaşıllıqdan ibarət xiyabanın, yaşıl parkların salınması düşünülürdü: “Lakin müstəqillik dövründə ancaq indiki Heydər Əliyev Sarayının qarşısında park salındı. Təzəlikcə də “Qış bulvarı” kimi tanınan park açıldı. Çünki qış vaxtı dəniz kənarında gəzmək olduqca soyuqdur. Lakin gələcəkdə bu parkın da uzadılması nəzərdə tutulub. Bu park Hüseyn Cavid bağına qədər gedib çıxa bilər. Bağın ora qədər salınması isə həmin ərazidə elmi mərkəzlərin olması ilə əlaqədardır. Məsələn, Milli Elmlər Akademiyası, bir sıra ali məktəblər, bir sözlə, elmlə məşğul olan insanların bu cür bağlarda, xiyabanda gəzməsinə böyük ehtiyacı var”. C.Qocayev əlavə edib ki, “Qış bulvarı”nın uzadılması üçün söküntülər qaçılmaz olacaq. Onun sözlərinə görə, bulvarın uzadılması üçün söküntülər gedən ərazilərdə mütləq yaşıllıq salınmalı, həm də söküntü kütləvi deyil, seçmə olmalıdır: “Elə tikililər var ki, hazırda orada yaşayış münasib deyil, həm də insanların sağlamlığı üçün ziyanlıdır. Məsələn, “Kubinka”, Sirkin ətrafı kimi yerlərin sökülməsi hesabına bu cür yaşıllıqları salmaq mümkün ola bilər. Çünki belə xiyabanlara çox ehtiyac var”. Geri qayıt |