Əsas Səhifə > Gündəm, Manşet > KƏRƏM HƏSƏNOVDAN FƏRHAD ƏLİYEVƏ QARŞI AKSİYA

KƏRƏM HƏSƏNOVDAN FƏRHAD ƏLİYEVƏ QARŞI AKSİYA


24-09-2013, 11:25
KƏRƏM HƏSƏNOVDAN FƏRHAD ƏLİYEVƏ QARŞI AKSİYA
KOMİTƏ SƏDRİNİN QARDAŞI KEÇMİŞ NAZİRƏ QARŞI İMZA TOPLAYIRMIŞ

DİA.AZ: - Hazırda həbsdə saxlanılan və 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs olunan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev builki seçkilərdə prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan etdi və bunun ardından Fərhad Əliyevin prezidentə bağışlanması, həbsdən azad edilməsi üçün müraciət etdiyi məlum oldu. Bildirək ki, artıq prezident yanında əfv komissiyası artıq bir neçə iclasını keçirib və yayılan xəbərlərə görə, komissiyanın iclasında keçmiş nazirin və həmçinin onun qardaşı, «Azpetrol» Neft şirkətinin sabiq prezidenti Rafiq Əliyevin də əfv ərizələri müzakirə olunub.

DİA.AZ-a bu barədə gələn xəbərlərdən məlum olur ki, əslində Fərhad Əliyevin və həmçinin onun qardaşının azadlığa buraxılması məsələsinə yuxarı instansiyalarda birmənalı münasibət mövcud deyil. Hətta bir ara belə bir məlumat da yayılmışdı ki, iqtidar daxilindəki rusiyayanlı qüvvələr keçmiş nazirin azadlığa çıxmaması üçün hər vəchlə əllərindən gələni edirlər. Bunun üçün hətta hüquqi baryerin mövcudluğunu da əsas gətirirlər.

Belə ki, 2005-ci ilin 17 oktyabr tarixində həbs edilən Fərhad Əliyevə qarşı ilkin olaraq «dövlət çevrilişinə cəhd» ittihamı irəli sürülsə də, sonradan, bu ittiham donduruldu və keçmiş nazir 2007-ci ildə məhkəmə qarşısına yalnız iqtisadi cinayətkarlıqlara görə olan ittiham maddələri ilə çıxarıldı. Və belə bir əsas gətirildi ki, keçmiş spiker Rəsul Quliyev Azərbaycanda olmadığından bu ittiham maddəsi ilə mühakimə ertələnir. İndi də Fərhad Əliyevin azadlığı yolunda məhz bu məqam önə sürülür ki, Fərhad Əliyevin hələ mühakimə olunmadığı maddələr var.

Redaksiyamızı bilgiləndirən qaynağa görə, Fərhad Əliyevin azadlığa çıxa biləcəyi ehtimallarından ən çox əndişələnənlərdən biri də əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovdur. Xatırladaq ki, zamanında məhz Fərhad Əliyevin himayəsi altında hakimiyyətin yuxarı eşalonuna qədər irəliləməyə müvəffəq olan Kərəm Həsənov həmçinin Fərhad Əliyevin «ifşası» prosesində də yaxından iştirak edən bir fiqur kimi tanınmaqdadır. Məhz bu məsələdən dolayı Kərəm Həsənovun hətta bu gün keçmiş nazirin azadlığa buraxılmaması üçün dəridən-qabıqdan çıxdığı da söylənilir.

Məlumatı verən qaynaq iddia edir ki, Kərəm Həsənovun deputat qardaşı Malik Həsənov bu günlərdə Cəlilabad rayonuna gedərək guya ki, cəlilabadlılar adından prezidentə müraciət hazırlamağa çalışıb:

«Burada məqsəd ondan ibarət olub ki, cəlilabadlıların guya Fərhad Əliyevin azadlığa buraxılmasına etiraz etdikləri barədə rəy yaradılsın. Amma Cəlilabad sakinləri Malik Həsənovun bu arzusunu ürəyində qoyublar. Yalnız yerli məmurlardan bəzilərinin və onların qohumlarının imzası ilə müraciət hazırlansa da, kütləviliyə nail olunmadığından ideyadan vaz keçilib».

Mənbəmiz iddia edir ki, bu proses birbaşa olaraq Kərəm Həsənovun tapşırığı ilə həyata keçirilib.

Geri qayıt