Əsas Səhifə > Güney Press / Manşet > CORATDA İNSANLIĞA YARAŞMAYAN ŞOK MƏNZƏRƏ
CORATDA İNSANLIĞA YARAŞMAYAN ŞOK MƏNZƏRƏ23-09-2013, 14:53 |
![]() Deyirlər, mədəniyyət qəbiristanlıqdan başlayır. Bunu tədbirlərin birində bir alimimizin dilindən eşitmişdim. O deyirdi ki, qəbiristanlığa, mərhumlarımıza baş çəkmək bir adət-ənənə, bir mədəniyyətdir və bu, hər bir şəxsdə, hər bir ailədə özünü göstərməlidir. Həqiqətən də qəbiristanlıq, orada uyuyan doğma və yaxınlarımız bizim keçmişimiz və gələcəyimizin göstəricisidir. Hər bir valideyn öz övladlarına bu adəti, mədəniyyəti aşılamalı, mütəmadi olaraq orada uyuyan yaxınlarımıza baş çəkməyin vacibliyini izah etməlidir. Axı keçmişimizi unutsaq, bizə dəyər verənləri yadırğasaq, gələcəyimizi də korlaya, çox da irəli gedə bilmərik. Əslində, hamımızın yeri oradır. Onsuz hamımız haçansa orada olacağıq… Coratın 2000 yaşı var, deyirlər. Bu qəsəbəni Sumqayıtın qürur rəmzi, tarixinin, mövcudluğunun əsas dayağı hesab edirlər. Bunu sıravi sumqayıtlılarla yanaşı, şəhər rəhbərliyi də dəfələrlə, dönə-dönə vurğulayıb. Əslində Coratın dəqiq tarixini, yaşını bilən yoxdur. Deyilənə görə, qəsəbənin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyniadlı paytaxtı Çora tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yer tutub. Hətta alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş. Bir də qəsəbə məzarlığındakı pirlər, sandıq qəbirlər bu məkanın qədim yaşayış məskəni olduğunu təsdiq edir. Yeri gəlmişkən, Coratdakı köhnə qəbiristanlıq, sandıq qəbirlər Sumqayıtın tarixi turizm obyektləri sırasındadır. Qəbiristanlıq piri, Dəvə piri, Seyid Muxtar piri, 1918-ci ildə şəhid olmuş türk əsgərinin məzarı - Şəhid qəbri hələ də böyük maraq kəsb edən Corat ziyarətgahlarının arasındadır. Bunu da vurğulayaq ki, Corat sözünün mənası Cürət, Comərd kimi də yozulur. Hətta bu yaxınlarda Sumqayıtın 2 yerə bölünməsi nəticəsində yaradılan rayonlardan birinə Cürət adının da verilməsi gözlənilir. Bütün bunlar çox gözəl səslənir. Amma… Amma yox, əmma… Əmması budur ki, biz bu gün Corata, onun tarixinə, qədimiliyinə, qəsəbənin tarixi obyektlərinə lazımi diqqət, hörmət göstərmirik. Söhbətimiz, daha doğrusu reportajımız kanalizasiya suları altında batıb gedən, deyilənə görə 1000 illik tarixi olan Corat qəbiristanlığı haqqındadır. Bəli, düz anladınız. Hazırda Corat qəbiristanlığı suyun altında qalıb. Qəbiristanlığa nə sel gəlib, nə yağışlar yağıb, nə də ki, Xəzər dənizinin burda bir taqsırı yoxdur. Sadəcə ətrafdakı evlərin bütün kanalizasiyası aşkarca Corat qəbiristanlığına, qəbir daşlarından süzülərək oradan da Xəzərə axır. Buna isə bir əncam çəkən yoxdur. Bütün bunları əraziyə baş çəkərkən, sakinlərlə söhbətləşərkən aşkarladıq. İnsanlar bizi görəndə bir tərəfdən sevindilər, bir tərəfdən də “siz artıq neçənci mediasız ki, gəlirsiz, çəkirsiz, amma bir faydası olmur” deyib əllərini yelləyərək ümidsiz baxışlarla biz süzdülər. Qəbiristanlığı bir dövrə vurduq və gördüklərimizdən dəhşətə gəldik. Qəbiristanlıq uzunu zibilliklər gözümüzün önünü, üfunət qoxusu burnumuzu tərk eləmədi. Yüngülcə meh əsən kimi zibil və kanalizasiya qoxusu bir-birinə qarışaraq insana böyük diskomfort yaradırdı. Və bu zibilxanaya sahibsiz küçə heyvanlarının daraşması, kanalizasiya sularının gölməçələr yaratdığı ərazidə müxtəlif həşəratların tüğyan etməsi isə ayrı bir mövzu predmetidir… Üstəlik düşünəndə ki, biz burada müvəqqətiyik, amma insanların - uşaq və körpələrin daimi yaşayır burada, həqiqətən də onların sağlıq durumunu düşünəndə insanın ağlına xoş, pozitiv bir şeylər gəlmirdi… Bəli, sakinlər ürəkyanğısı ilə bu uzunömürlü problemlərindən danışmağa başladılar. Onlar söylədilər ki, qəbiristanlığa gələnlər öz doğmalarının qəbirlərini çox zaman ziyarət edə bilmir, elə kənardan yasin oxutdurub gedirlər. Corat sakinləri bu haqda dəfələrlə icra nümayəndəsi Cəmil Quliyevə, qəsəbənin bələdiyyə sədri Tofiq Mahmudova, şəhər icra hakimiyyəti başçısına şikayət etdiklərini söylədilər. Lakin göz görür ki, problem problem olaraq qalıb. Sakinlərdən biri əlavə etdi ki, bura hələ yayda “toya-bayrama getməlidir”, çünki istidən kanalizasiya suları nisbətən quruyur, payız və qış aylarında isə elə bir təəssürat yaranır ki, sanki Xəzər daşıb və bu ərazilərə qədər gəlib çıxıb… Digəri söylədi ki, hər şey bir yana, qəbiristanlıq yolunda işıqlandırma - işıq dirəkləri yoxdur. Gecələr buradan keçmək insanda vahimə yaradır. Bir başqa sakin isə söylədi ki, kanalizasiya xəttimiz olmaya olmaya biz hər ay Azərsu-ya ödənişlər edirik. Bildiyiniz kimi, bu ödəniş özündə həm istifadə olunan içməli suyu, həm də kanalizasiya sularını ehtiva edir... Məsələylə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə icra nümayəndəsi Cəmil Quliyevlə əlaqə saxladıq. O, problem barədə məlumatlı olduğunu söylədi və əlavə etdi ki, kanalizasiya problem ilə bağlı artıq Azərsu SC ilə danışılıb və 2014-cü ildə burada layihə həyata keçiriləcək; ətrafdakı binaların kanalizasiya xətləri yaxınlıqdakı vahid kanalizasiya xəttinə qoşulacaq. “Hələlik isə biz də bu məsələdə acızık” – sitatın sonu. “Bəs ərazidə zibil qutularının yoxluğu, zibilin vaxtında daşınmaması ilə bağlı nə deyə bilərsiniz” sualına isə Cəmil Quliyev cavab verdi ki, 5-10 günə həmin yerə 1000 litrlik tutuma malik zibil qabı qoyulacaq və çalışacağıq ki, hər məhəllənin başında zibil qutuları olsun… Amma hər halda problem dünənin və bugünün problem deyil. Təbii ki, müvafiq qurumlar Sumqayıtın fəxri sayılan Coratın, Coratın qədim obyektlərindən sayılan qəbiristanlığın su altında qalmasına imkan verməməliydilər; hər halda şəhərin özünə ayrılan büdcədən onun qəsəbələrinə də pay düşməliydi düşüncəsi ilə… Bəli, təəssüf ki, bizim qəbiristanlığa, orada uyuyan və artıq haqq dünyasına qovuşan mərhumlarımıza qoyduğumuz hörmət hələ ki, budur... Yeri gəlmişkən, sabah Sumqayıtda təmtəraqla Şəhər günü keçiriləcək və şəhər gününə Coratdan, Corat qəbiristanlığından təxminən 150-200 metr aralı olan ərazidən başlanılacaq. Görəsən, bayramın açılış mərasimi, səsləndirilən musiqi su altında qalmış qəbiristanlığın məzar daşları arasında necə əks-səda verəcək?! \ xeberle.com \ Elnur Ağayev Kamal Almuradlı ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri qayıt |