Əsas Səhifə > Siyasət, Manşet > PƏRVİZ HƏŞİMLİ İŞİNDƏ DAHA BİR ŞOK GƏLİŞMƏ

PƏRVİZ HƏŞİMLİ İŞİNDƏ DAHA BİR ŞOK GƏLİŞMƏ


23-09-2013, 11:29
PƏRVİZ HƏŞİMLİ İŞİNDƏ DAHA BİR ŞOK GƏLİŞMƏ
HƏBS OLUNAN JURNALİSTİN BÖYÜK MƏMUR «ÇEVRƏSİ» MÜƏYYƏN OLUNUB

DİA.AZ: - Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ağır ittihamlarla həbs olunan «Bizim Yol» qəzetinin əməkdaşı və «moderator.az» portalının direktoru Pərviz Həşimli ilə bağlı müəmmalı durum hələ də davam etməkdədir. Amma buna rəğmən bir sıra dairələr tərəfindən dövriyyəyə ilginc məlumatlar buraxılır.

Elə DİA.AZ-ın redaksiyasına da maraqlı bir məlumat daxil olub. Redaksiyamızın elektron poçtuna göndərilən informasiyada qeyd olunur ki, Pərviz Həşimli fəaliyyətdə olduğu dönəmdə xeçli sayda deputatlarla, icra başçıları və məmurlarla dostluq münasibətlərində olub. Qeyd edək ki, artıq onlardan bəzilərinin adları mətbuatda deşifrə olub.

Məsələn, bildirilir ki, Pərviz Həşimliyə davamlı olaraq ən böyük dəstəyi «Azəryolservis» ASC-nin prezidenti, millət vəkili Cavid Qurbanov verib. Hətta Pərviz Həşimlinin azadlığa buraxılması üçün yaxınlarının Cavid Qurbanova dəstək verməsi üçün ağız açdığı da iddia edilir.

Eyni zamanda Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin da zaman-zaman Pərviz Həşimliyə müxtəlif formada «xüsusi diqqət» ayırdığı iddia olundu və bunun sübutu kimi başçı tərəfindən jurnalistə Gəncədə yaradılan şərait diqqətə çatdırıldı. Doğrudur, artıq Elmar Vəliyev Pərviz Həşimliyə aid olduğu söylənilən çay evini «şumlatdırıb». Amma münasibətlər inkar olunmayıb.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, artıq danışmağa başlayan Pərviz Həşimlidən münasibətdə olduğu məmurlar barəsində də soruşulub: «Burada məqsəd mətbuata ötürülən faktların qaynaqlarının müəyyənləşdirilməsindən gedir. Maraqlıdır ki, «mənbə» qismində çıxış edənlər sırasında çox ciddi dövlət adamları da müəyyənləşib. Hətta Daşkəsənin icra başçısı postunu tutan keçmiş deputat Əhəd Abıyevin də zamanında Pərviz Həşimliyə müxtəlif informasiyaları təqdim etdiyi müəyyənləşib».

Hər halda, bu faktların hansı məqsədlə və hansı istiqamətdə istifadə olunacağını zaman göstərəcək. Gözləniləndir ki, bu hadisə təkcə Pərviz Həşimlinin həbsi ilə yekunlaşmasın. Ən azından ittihamda səslənən maddələrin mahiyyəti bunu diqtə edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Pərviz Həşimlinin həbsini həyata keçirən Milli Təhlükəsizlik Nazirliyi (MTN) bu barədə xüsusi məlumat yaymışdı. Məlumatda deyilirdi: «MTN-ə daxil olan məlumatlar əsasında həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində xeyli sayda odlu silah və döyüş sursatının İran İslam Respublikasından Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb.

2013-cü il sentyabrın 17-də bu qanunazidd əməlin törədilməsinə görə Azərbaycan vətəndaşları - Kəlbəcər rayonunun Zar kəndində anadan olmuş, hazırda Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Kəlbəcər qərargahında müvəqqəti qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Həşimov Pərviz Kamran oğlu və Gəncə şəhəri, Nizami rayonu, D. Bünyadzadə küçəsi, ev 120 ünvanında qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonunda yaşayan Qurbanov Təvəkkül Zəkəriyyə oğlu şübhəli şəxs qismində tutulublar.

Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb. P. Həşimov və T. Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Pərviz Həşimov və Təvəkkül Qurbanov hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının Rza və Hüseyn adlı vətəndaşları ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətirmiş, qanunsuz olaraq daşımış, gəzdirmiş və saxlamışlar. Məlum olub ki, Pərviz Həşimov və Təvəkkül Qurbanovla Rza adlı İran vətəndaşı arasında qabaqcadan əldə edilmiş razılığa əsasən, sonuncu həmin odlu silahları və döyüş sursatını satış məqsədilə İranda qanunsuz olaraq əldə edib.

Rzanın tapşırığı ilə Hüseyn adlı digər İran vətəndaşı odlu silahları və döyüş sursatını 2013-cü il sentyabrın 17-də qaçaq yolla İrandan Azərbaycana keçirib və Biləsuvar şəhərindən 14 kilometr aralıda olan ərazidə Təvəkkül Qurbanova təhvil verib. Bunun müqabilində Təvəkkül Qurbanov Pərviz Həşimovun ona verdiyi 15 min ABŞ dollarının 12 minini Hüseyn adlı iranlıya çatdırıb, qalan 3 min ABŞ dollarını isə razılaşmaya əsasən göstərdiyi xidmətin əvəzində özünə götürüb.

Təvəkkül Qurbanov həmin odlu silahları və döyüş sursatını idarə etdiyi «Volkswagen Caddy» markalı avtomobildə gizlədərək Bakı şəhərinə gətirib. 2013-cü il sentyabrın 17-də MTN-in əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində Təvəkkül Qurbanovun idarə etdiyi və Pərviz Həşimovun də içində olduğu «Volkswagen Caddy» markalı avtomobil saxlanılıb.

Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, hal şahidlərinin, eləcə də Pərviz Həşimovun və Təvəkkül Qurbanovun iştirakları ilə keçirilmiş baxış zamanı avtomaşının salonunda 6 ədəd «Makarov» tipli tapança, «Makarov» tipli tapançaya aid 6 ədəd sandıqça və 40 ədəd 9 mm çaplı patron aşkar edilərək müsadirə olunub. Həmçinin, Pərviz Həşimovun Təvəkkül Qurbanova verdiyi 3 min ABŞ dollarından 2 min 800-ü də aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir».

Geri qayıt