Əsas Səhifə > Gündəm, Manşet > PƏRVİZ HƏŞİMLİNİN HƏBSİ İLƏ BAĞLI ŞOK İDDİALAR

PƏRVİZ HƏŞİMLİNİN HƏBSİ İLƏ BAĞLI ŞOK İDDİALAR


19-09-2013, 10:47
PƏRVİZ HƏŞİMLİNİN HƏBSİ İLƏ BAĞLI ŞOK İDDİALAR
CAVİD QURBANOVUN YOXA ÇIXAN SÜRÜCÜSÜNÜN BU İŞLƏ NƏ ƏLAQƏSİ VAR?

DİA.AZ: - Məlum olduğu kimi, «moderator.az» portalının direktoru, «Bizim Yol» qəzetinin əməkdaşı, hüquq-müdafiəçisi Pərviz Həşimli iki gün öncə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edildi. Həbslə yanaşı, Pərviz Həşimlinin evində və iş yerlərində axtarışlar həyata keçirildi və onun evindən silahın tapıldığı iddia olundu.

Bu barədə MTN-nin rəsmi açıqlamasında isə aşağıdakılar qeyd olunurdu: «Azərbaycan vətəndaşları - Həşimov Pərviz Kamran oğlu və Qurbanov Təvəkkül Zəkəriyyə oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilindiklərinə görə 2013-cü il sentyabrın 17-də tutulublar. Bu barədə Trend-in sorğusuna cavab olaraq Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumata görə, Pərviz Həşimov və Təvəkkül Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin 18 sentyabr tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir».

Onu da bildirək ki, artıq müxalifət partiyaları bu həbsi siyasi sifariş kimi dəyərləndirib. Amma əksər təşkilatlar «hələ məsələ aydın deyil, informasiya qıtlığı var» deyərək hər hansı şərh verməkdən çəkinirlər ki, burada tamamən haqlıdırlar.

DİA.AZ-ın apardığı araşdırmalar zamanı isə ortaya bir sıra məqamlar çıxıb. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Pərviz Həşimlinin həbsi təsadüfi deyil və bu həbsin miqyası genişlənə bilər. Xatırladaq ki, dünən belə bir ehtimalın olması barədə məlumatları diqqətinizə təqdim etmişdik və Pərviz Həşimlinin yaxın dostu kimi adı hallandırılan «Azəryolservis» ASC-nin prezidenti, millət vəkili Cavid Qurbanovun, həmçinin Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri, keçmiş baş prokuror Eldar Həsənovun da bu proses nəticəsində zərbə alması gözləniləndir.
PƏRVİZ HƏŞİMLİNİN HƏBSİ İLƏ BAĞLI ŞOK İDDİALAR

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, bu həbs qərarı əslində bir müddət əvvəl yoxa çıxmış Mahir Lənkərani ilə əlaqələndiriləcək. Xatırladaq ki, Mahir Lənkərani Cavid Qurbanovun sürücüsü olub və hazırda barəsində axtarış elən edilib. Məlumatlara görə, Mahir Lənkərani axtarışda olsa da, onun hələ də Cavid Qurbanov tərəfindən himayə olunaraq gizlədilməsi haqda da iddialar var.

Onu da qeyd edək ki, artıq Pərviz Həşimlinin adı xəbər portallarının birində İran xəfiyyəsi ilə də birgə çəkilib. Belə ki, «azerinyus» saytında «Pərviz Həşimli İran kəşfiyyatının əmədaşı çıxdı?» başlıqlı informasiya yerləşdirilib. Və həmin məlumatda iddia olunur ki, Pərviz Həşimli İranın xüsusi xidmət orqanı olan ETTEALAT-la əməkdaşlıq edərək Bakıda tanınmış iş adamlarından birinə qəsd təşkil etməli imiş. Və burada məqsəd sçkiqabağı qarışıqlığın törədilməsindən ibarət imiş.

Hər halda, artıq ortada belə bir iddiaların olması faktı da Pərviz Həşimli ilə bağlı həyata keçirilən əməliyyatın tək bir həbslə yekunlaşmayacağından xəbər verməkdədir.

Araşdırmalarımız davam edir. Bizi izləyin…

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt