Əsas Səhifə > Siyasət, Manşet > “GÜLBAXT” KARXANASI UĞRUNDA DAVADA KİM VAR?

“GÜLBAXT” KARXANASI UĞRUNDA DAVADA KİM VAR?


19-09-2013, 09:33
“GÜLBAXT” KARXANASI UĞRUNDA DAVADA KİM VAR?
ŞAKİR MUSAYEV ONLARLA SAHİBKARI KARXANA BİZNESİNDƏN ÇIXDAŞ EDİB

DİA.AZ: - Hələ zamanında Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin adı bir sıra qalmaqallı olaylarda hallandırılıb. Məsələn, hər kəs yaxşı bilir ki, Şakir Musayev "Gülbaxt" daş karxanasını zaman-zaman ələ keçirməyə çalışıb və hətta bu məqsədlə hüquq-mühafizə orqanlarındakı dostlarının da xidmətlərindən yararlanıb. Onu da bildirək ki, sözügedən karxana ərazisi uğrunda münaqişəli vəziyyət illərdir davam etməkdədir və bu işlə bağlı onlarla məhkəmə istintaqı da həyata keçirilib.

Şakir Musayevin "Gülbaxt" daş karxanasını hansı səbəbdən ələ keçirməyə çalışdığı barədə və digər bir sıra ilginc məsələlərə dair ətraflı məlumat verəcəyik. Mətləbə keçməzdən öncə qeyd edək ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində düzgün ekspertiza aparılmamaqla yanaşı, quruma müraciət edən insanların başına olmazın oyunlar açılır, meyitlər sahiblərinə vaxtında qaytarılmır.

Son zamanlar birliyin baş direktorunun adının müxtəlif xoşagəlməz hadisələrdə hallandırıldığını vurğulayan məlumatlı şəxs DİA.AZ-a açıqlamasında iddia edir ki, Qaradağ rayon ərazisində yerləşən "Gülbaxt" daş karxanasını indiyədək müxtəlif şəxslər əsl sahibinin əlindən zorla almaq istəyib:

"Bu daş karxanası müharibə veteranı, sahibkar Maşallah Cəbiyevə məxsusdur. O, bir neçə il bundan öncə karxananı alıb, onu lazım olan avadanlıqlarla təchiz edib, fəhlə götürüb işə başlayıb. Lakin qısa müddətdən sonra rayon rəhbərliyi də daxil olmaqla, ayrı-ayrı şəxslər karxananı onun əlindən almağa çalışıblar. Həmin şəxslərdən biri də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevdir.

Belə ki, o, hələ bir neçə il bundan öncə daş biznesinə girişməyə qərar verib. Ümumiyyətlə, Şakir Musayevin indiyə qədər öz işindən kənar, digər işlərlə də məşğul olmasına dair müxtəlif məlumatlar dolaşmaqdadır. Düzdür, bir müddət öncə bu məsələdə hazırda 8 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Lotu Quli"nin (Nadir Səlifov) və ona yaxın olan şəxslərin adı hallansa da, əslində "Gülbaxt" daş karxanasını mənimsəməyə çalışan şəxs Şakir Musayevdir. Belə ki, o, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun razılığını aldıqdan sonra karxananı özününküləşdirmək üçün bir sıra tədbirlərə baş vurub. Hətta bu məqsədlə Şakir Musayev "Gülbaxt" daş karxanasında tamahı olan "Ekspress-11" firmasının rəhbərliyilə də müəyyən danışıqlar aparıb".

Bu arada, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktorunun sabiq səhiyyə naziri Əli İnsanovun yaxın adamlarından olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, Şakir Musayev bir müddət öncə nüfuzlu şəxslərdən biri ilə qohumluq əlaqəsi qurub: "Şakir Musayev həmin şəxslə qohumluq əlaqəsi qurmasından istifadə edərək "Gülbaxt" daş karxanası ilə bağlı planlarını reallaşdırmağa çalışır. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru artıq qohumunun razılığını əldə edib və elə buna görə də bütün gücünü karxananı mənimsəməyə sərf edir. Şakir Musayev əmindir ki, "Gülbaxt"ı hansısa yollarla özününküləşdirsə, heç kim ona irad tutmayacaq. Daha doğrusu, tuta bilməyəcək. Çünki artıq Şakir Musayevin arxasında mühüm vəzifələrdən birində təmsil olunan qohumu dayanır. Daş karxanasını mənimsəməkdən ötrü az qala bütün qanunları ayaqları altına alan Şakir Musayev və şərikləri demək olar ki, bir sıra qanunsuzluqlara imza atıblar..."

DİA.AZ bildirir ki, bu karxana ərazisində bu vaxta qədər onlarla sahibkar məhz Şakir Musayev tərəfindən müxtəlif təzyiqlərə məruz qaldığından baş götürüb qaçmalı olub. Karxananın gəlirlərinə gəlincə isə, beş-on sotluq karxana yeri olanın qısa müddətə imkanlı şəxsə çevrilçəsi faktdır. Yəni dava milyonların davasıdır.

Araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt