Əsas Səhifə > Hadisə > DEPUTATLARDAN HANSI SİLAH GƏZDİRİR?

DEPUTATLARDAN HANSI SİLAH GƏZDİRİR?


16-01-2012, 13:33
DEPUTATLARDAN HANSI SİLAH GƏZDİRİR?

“DEPUTAT ÖNCƏ SİLAHLA DAVRANMA QAYDALARINI BİLMƏLİDİR”

Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Modern.az-ın məlumatına görə, Milli Məclis üzvlərinə silahın verilməsi öncə 1997-ci il dekabrın 30-da qəbul edilən «Xidməti və mülki silah haqqında» Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur:

“Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".

Araşdırmalar göstərir ki, ötən çağırışlarda Milli Məclisin üzvlərindən bəziləri özü ilə qanuni silah gəzdirib. Amma silahlanmış deputatlardan kiminsə həyatı üçün nə vaxtsa təhlükəli hallar yaranmayıb.

Bəs dördüncü çağırış Milli Məclisin deputatlarından kimsə silah almaq istəyində olubmu?

“Milli Məclisin deputatlarından heç biri son vaxtlar xidməti silah üçün Daxili İşlər Nazirliyinə müraciət etməyib”. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az saytına belə deyib. O, bunun səbəbini belə izah edib:
“Deputatların fikrincə, bizim nazirlik də daxil olmaqla hüquq-mühafizə orqanları ölkədə asayişin qorunmasını yüksək səviyyədə təmin edirlər. Məhz bunu nəzərə alaraq deputatlar da hər bir vətəndaş kimi onların da həyatı üçün heç bir təhlükənin olmadığını düşünürlər”.

Ehsan Zahidovun sözlərinə görə, Azərbaycanda sabitliyin qorunması sahəsində hüquq-mühafizə orqanları həqiqətdə elə bir təcrübəyə malikdirlər ki, bu bütün vətəndaşların təhlükəsizliyinə tam zəmanət verirlər.

DİN rəsmisi deyib ki, deputatın statusu ilə bağlı qanunun icrasına dair nazirliyin təlimatı qəbul edilib. Əgər hansısa deputat ona xidməti silahın verilməsi üçün müraciət edərsə, mütləq araşdırma aparılır:
“Bu zaman qanunvericiliyə və təlimata uyğun olaraq ölkədəki ictimai-siyasi vəziyyət, kriminogen durum nəzərə alınır. Əgər ölkədəki ictimai-siyasi vəziyyət və kriminogen durum deputatın silah gəzdirməsinə zərurət yaratmırsa, bu halda deputata xidməti silah verilmir. Bir daha bildirirəm ki, dövlətimiz və hüquq-mühafizə orqanları bütün vətəndaşların, o cümlədən, deputatların təhlükəsizliyini tam qoruyur və onların təhlükəsizliyi üçün narahatlığa heç bir əsas yoxdur”.

Azərbaycan Milli Məclisinin deputatları qanunla xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu nəzərə alır.

Millət vəkili Konstitusiyada və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunda nəzərdə tutulduğu kimi yalnız həyat üçün təhlükə törədən xüsusi hallarda silahdan istifadə edə bilər.

Onu da qeyd edək ki, deputatlara silahla iclas zalına daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil omazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.


Geri qayıt