Əsas Səhifə > Hadisə > NEFTÇİLƏR ÜÇÜN XÜSUSİ İPOTEKA PROQRAMI HAZIRLANIB
NEFTÇİLƏR ÜÇÜN XÜSUSİ İPOTEKA PROQRAMI HAZIRLANIB16-01-2012, 12:57 |
RÖVNƏQ ABDULLAYEVİN İŞÇİLƏRİNƏ İMTİYAZ Azərbaycanda yeni qanunvericilik aktları, o cümlədən Mənzil Məcəlləsinin qüvvəyə minməsi Dövlət Neft Şirkətini (ARDNŞ) əməkdaşlarını evlə təmin olunması üsullarını dəyişməyə vadar edib. ARDNŞ-in əməkdaşlarının pulsuz mənzillə təmin edilməsi prosesi dayandırılıb - əvəzində neftçilərin tikinti kooperativi yaradılıb və onlara şirkətin hesabına uzunmüddətli ipoteka kreditinin verilməsinə başlanıb, bu zaman ilkin məbləği də işçinin əvəzinə ARDNŞ ödəyir. ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucovun sözlərinə görə, Mənzil Məcəlləsinə əsasən, Neft Şirkətinin mənzil fondunun saxlanması və işçilərin əvvəlki qayda ilə mənzillə təmin edilməsi mümkün deyil. Bununla əlaqədar olaraq, 2008-ci ildən etibarən ARDNŞ-də mənzil növbəsinə qəbul dayandırılıb və şirkətin sosial proqramına bəzi dəyişikliklər edilib. Dəyişikliklərdən biri mənzil növbəsində duranlarla bağlı tələblərin maksimum sərtləşdirilməsi sayəsində onların sayının azaldılması, digəri işçilərin alternativ yollarla mənzillə təmin edilməsini nəzərdə tutur. Belə ki, ARDNŞ-ə məxsus qeyri-yaşayış sahələrinin təyinatının dəyişdirilərək yaşayış sahələrinə çevrilməsi və buradan işçilərə mənzillərin verilməsi, eləcə də hasilatın başa çatdığı ərazilərdəki torpaq sahələrinin Nazirlər Kabinetinin icazəsi ilə təyinatının dəyişdirilərək fərdi ev tikintisi üçün neftçilərə verilməsi kimi variantlar nəzərdən keçirilib. Digər variant kimi, neftçilərin mənzil-tikinti kooperativlərinin yaradılması seçilib. İndiyədək ev növbəsində duranlarla yanaşı, bu kooperativə şirkətin istənilən işçisi üzv ola bilər: «Yəni, neftçilər arasında öz imkanı ilə mənzil tikmək imkanı olan adamları cəlb etmək və bura şirkəti də cəlb etmək qərara alınıb». Kooperativə üzv olanlara ARDNŞ-in hesabına ipoteka kreditləri verilir. ARDNŞ əməkdaşlarına ipoteka kreditlərinin verilməsi üçün agent bank olaraq «Xalq Bank» asc seçilib. ARDNŞ-in ipoteka sxemi belə işləyir: şirkət öz vəsaitlərindən banka illik 3% dərəcəsi ilə depozit yerləşdirir. Bank isə həmin depozit hesabına «Neftçi» kooperativinin üzvlərinə illik 4%-lə ipoteka kreditləri verir. Başqa sözlə, bankın xidmət haqqı 1%-i keçmir. E.Orucovun sözlərinə görə, şirkət bu vəsaiti banka daha aşağı faizlə də yerləşdirə bilərdi, amma faiz siyasətinə görə, ARDNŞ bu vəsaiti xarici banklardan aldığı faizdən aşağı faizlə yerləşdirə bilməz: «Biz bundan heç bir mənfəət əldə etmirik». İpoteka kreditinin verildiyi müddət konkret işçinin əmək haqqından asılıdır. Bu zaman hesablama elə aparılır ki, ipoteka ödənişi işçinin əmək haqqının 50%-ni üstələməsin. Vaxtı ilə ARDNŞ-də ev növbəsində duranlara ipoteka proqramı çərçivəsində böyük güzəştlər nəzərdə tutulub. Belə şəxslər üçün ilkin məbləği (kooperativə daxil olmaq üçün - mənzilin dəyərinin 50%-ə qədəri) ARDNŞ özü ödəyir. Ödənilən məbləğin həcmi isə işçinin növbədə durduğu müddətdən asılıdır. Məsələn, 1988-92-ci ildən mənzil növbəsində duranların pulunun 70%-i şirkət tərəfindən ödənilir. ARDNŞ-in ipoteka proqramında gənc işçilər üçün də güzəştlər nəzərdə tutulub. ARDNŞ-in təqaüd proqramı ilə xaricdə oxuyaraq qurtarıb gələn gənclər də bu kooperativə güzəştli şərtlərlə üzv ola bilərlər. Onların da ilkin məbləğini (50%) ARDNŞ ödəyəcək. Bundan başqa, əvvəllər ARDNŞ-də ev növbəsində olan, sonradan isə hasilatın pay bölgüsü sazişləri əsasında yaradılan əməliyyat şirkətlərində çalışan əməkdaşlar da bu proqrama qoşula bilər. Yeni kooperativdə onlara da ev almaq hüququ verilib. Hazırda «Neftçi» kooperativi üçün evlərin tikintisi davam edir - bu gün bu kooperativ Badamdar, Xətai və digər yerlərdə yaşayış evləri inşa edir, bəzilərində isə tikinti artıq başa çatıb. E.Orucovun sözlərinə görə, sınaq kimi ipoteka kreditlərinin verilməsinə bir il əvvəl başlanıb. Bu təcrübə neftçilər arasında razılıqla qarşılanıb və indi bu şərtlərlə kooperativlərə qoşulanların sayı artmağa başlayır: «İndi təkcə əvvəllər ev növbəsinə duranlar deyil, sadəcə ev almaq istəyən neftçilər də kooperativə üzv olurlar. Bu səbəbdən kooperativə ev tikintisi üçün əlavə yerlər ayrılıb». Ötən ilin sonunda ARDNŞ-ə kooperativin xətti ilə yeni binaların tikintisi üçün yeni torpaq sahələri ayrılıb. Bunların bir hissəsi neft-qaz əməliyyatlarının dayandığı ərazilərdədir. Ümumilikdə, bu məqsədlə ayrılan torpaq sahələri 70 hektardır. Bu ərazilərdən 14 hektarı Hövsanda, 7 hektar Bibi-Heybətdə (jurnalistlərin binası üçün ayrılan yerin yanında) və s. ərazilərdədir. ARDNŞ bu torpaqların təyinatının dəyişdirilərək burada yaşayış evlərinin tikintisinə icazənin verilməsi üçün Nazirlər Kabinetinə müraciət edib, hazırda bu müraciətə baxılır. «Ümid edirik ki, bu torpaqlar ayrılandan sonra növbədə olan digər neftçilərin də mənzil problemi həll ediləcək», - deyə İdarə rəisi vurğulayıb. Geri qayıt |