Əsas Səhifə > Cəmiyyət > BAKIDA "YOL FACİƏSİ" - 334 ÖLÜ

BAKIDA "YOL FACİƏSİ" - 334 ÖLÜ


14-01-2012, 15:08
BAKIDA "YOL FACİƏSİ" - 334 ÖLÜ

QƏZALARA VƏ ÖLÜMLƏRƏ ƏSAS SƏBƏB YÜKSƏK SÜRƏT OLUB

Bakıda ötən il qeydə alınan yol qəzalarının yarıdan çoxu avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Bu barədə şənbə günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

Əsədovun sözlərinə görə, 2011-ci ildə Bakıda qeydə alınan 1102 yol qəzasının 575-i (52 faizi) avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmin qəzalarda 207 nəfər ölüb, 485 nəfər xəsarət alıb.

Əsədov bildirib ki, ötən il ümumilikdə Bakıda baş verən yol qəzasında 334 nəfər ölüb, 1108 nəfər xəsarət alıb. Qeydə alınan ümumi hadisələrin 144-ü (51 ölüm, 205 xəsarət), ötmə, manevr qaydalarını pozma səbəbindən baş verib.

Hesabat dövründə qeydə alınan yol qəzalarının 51,2 faizini (564 hadisə) piyadaların vurulması təşkil edib. Nəticədə 176 piyada ölüb, 428 piyada isə xəsarət alıb.

Əsədovun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin 47,1 faizi (519 hadisə, 148 ölüm, 522 xəsarət) günün 13:00-18:00 və 20:00-00:00 saatlarında baş verib.

Hadisələrin 25,4 faizi paytaxtın Heydər Əliyev (60 hadisə, 18 ölüm, 53 xəsarət), Nobel (57 hadisə, 21 ölüm, 64 xəsarət), Babək (52 hadisə, 9 ölüm, 59 xəsarət), Ziya Bünyadov (45 hadisə, 11 ölüm, 49 xəsarət), Qara Qarayev (36 hadisə, 7 ölüm, 35 xəsarət) prospektlərində və Aeroport şosesində (30 hadisə, 11 ölüm, 35 xəsarət) qeydə alınıb.

Bölmə rəisi bildirib ki, ötən il ərzində sürücülər tərəfindən Bakıda 336 222 inzibati qayda pozuntusu qeydə alınıb. Bunlardan 41 027-si yolayrıcını keçmə qaydalarını pozma, 4426-sı avtomobilin yüksək sürətlə idarə olunması, 1699-u ötmə, manevr qaydalarını pozma, 4214-ü avtomobili sərxoş vəziyyətdə idarəetmə, 14 236-sı işıqforun qırmızı işığında keçmə, 2591-i sərnişindaşıma qaydalarını pozma, 1833-ü qəza şəraiti yaratma, 10 973-ü avtomobili pərdə-plyonka ilə idarəetmə, 54-ü avtomobili dövlət nömrə nişansız idarəetmə, 409-u lüzumsuz olaraq səs siqnallarından istifadə, 1108-i isə sükan arxasında mobil telefonla danışma ilə bağlı olub.

Hesabat dövründə 2604 piyada yol-hərəkət qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib.


Geri qayıt