Əsas Səhifə > Gündəm, Manşet > MÜXALİFƏTİN «TƏRLAN ƏHMƏDOV» TƏRZİNDƏ SİYASƏTİ
MÜXALİFƏTİN «TƏRLAN ƏHMƏDOV» TƏRZİNDƏ SİYASƏTİ13-09-2013, 10:31 |
SEÇKİYƏ QƏDƏR ÖZ QAPISINI QOL YAĞIŞINA TUTAN MÜXALİFƏTİN NAĞILI DİA.AZ: - Artıq prezident seçkilərində kimlərin üz-üzə gələcəyi aydındır. Söhbət burada təbii ki, müxalifətin əsas qüvvələrinin dəstəklədiyi namizədlə hazırki hakimiyyətin lideri arasında gedən rəqabətdən gedir. Milli Şuranın əsas deyil, ehtiyat namizədinin rəsmiləşdirilməsi əslində daha çox hakimiyyətin işinə yarayırmış kimi görünsə də, burada yetərincə fərqi məqamlar da var. Yəni bu o demək deyil ki, hakimiyyət Milli Şuranın seçkilərə tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun namizədliyi altında qatılmasından ehtiyat edirdi. Bu, tamamən yanlış qənaətdir. Ehtiyatlanma var idisə də, bu namizədlərin şəxsi keyfiyyətlərinə aid olan bir məsələ kimi dəyərləndirilə bilməz. Nəzər yetirsək, görərik ki, Rüstəm İbrahimbəyovun dönəmi Putinin Bakıya səfərinin ardından bitmiş oldu. Elə bunu aşkar surətdə hiss etdirən kinorejissorun özünün də artıq «siyasəti» bir kənara atıb, yenidən montaj stolunun arxasına keçməsilə də bir sıra məqamlar aydınlaşdı. Yəni hakimiyyət Rüstəm İbrahimbəyovdan yox, onun missiyasından ehtiyatlanırdı. Bu missiyanın konturları isə Kremlə aid idi. Burada Azərbaycanın yerli ənənəvi iqtidar-müxalifət münasibətlərinə aid olan heç nə yox idi. Bu prosesə qatılan və qatılması ilə böyük bir xəyanətə imza atmış Azərbaycanın yerli siyasiləri də fərqində idilər ki, düşdükləri oyunun onlara dəxli yoxdur. Və bu oyun Rusiya ilə Azərbaycan hakimiyyətləri arasında idi. Azərbaycan müxalifəti isə elə bir təəssüratt yaratmağa çalışırdı ki, sanki hakimiyyətin bu oyun boyu keçirdiyi həyəcan məhz onun əməyinin məhsuludur. Daha arxasındakı kölgənin əzəmətinin ona aid olmamasının fərqinə belə varmırdı. Nəhayətdə Putin Bakıya gəldi və getdi. Bununla da müxalifətin YARATDIĞI AJİOTAJ bitdi. Bu isə o demək idi ki, həmin səs-küyün müxalifətə aidiyyatı yox idi. Səs-küyü yaradan istədiyini qoparandan sonra müxalifətin də atəşi söndü. Bununla da ehtiyat namizəd məsələsi gündəmə gəldi. Əslində, ehtiyat namizəd məsələsi, müxalifətin mövcudluğunu qoruması üçün düşünülən ehtiyat variant idi. Əks halda, Rüstəm İbrahimbəyovdan sonra müxalifət seçkiləri boykot etməli idi. Belə bir ideya səslənmişdi də. Milli Şuranı qanadlandıran qanadlarndan biri olan AXCP bu ideyanın memarı idi. Digər qanad hesab olunan Müsavat isə bu ideyanın əksinə gedirdi. Ona görə də Müsavatla AXCP Milli Şurada təkrar razılığa gəlməli oldular. İdeya Müsavatdan, namizəd AXCP-dən. Yəni Müsavatın ehtiyat namizəd ideyası dəstəkləndi. Namizəd kimi isə AXCP şinelindən çıxmış və özünü hələ də bu şinelə doğma hesab edən Cəmil Həsənlinin namizədliyi irəli sürüldü. Və beləliklə rusların əlində alətt olma şanslarını belə itirən müxaliflər Cəmil Həsənlinin namizədliyi altında seçkilərə qatıldılar. Hakimiyyət isə Cəmil Həsənlinin namizədliyini asanlıqla qeydə aldı. Çünki artıq problem qalmamışdı. Hər şey Putinlə müzakirə olunmuşdu. Bu müzakirələrin isə müxalifətə aidiyyatı yox idi… Beləliklə, daha bir seçkilərə gedirik. Nəticə isə indidən məlumdur. İlham Əliyevin əsas rəqibi hesab olunası cinahlar seçkilər ərəfəsi öz qapılarına o qədər qol vurublar ki, artıq hakimiyyətin əlavə zərbə endirməsinə ehtiyac da qalmayıb. Tək qalanı isə hakimin oyunun başa çatmasını bildirən fitini çalmasıdır… Geri qayıt |