Əsas Səhifə > Siyasət, Manşet > QAZAX RAYONUNDA SAKİNLƏRİN QAZ PROBLEMİ

QAZAX RAYONUNDA SAKİNLƏRİN QAZ PROBLEMİ


10-09-2013, 14:29
QAZAX RAYONUNDA SAKİNLƏRİN QAZ PROBLEMİ
YERLİ QAZ İSTİSMAR İDARƏSİ İSƏ BORULARI SATMAQLA MƏŞĞULDUR

DİA.AZ: - Redaksiyamıza daxil olan şikayət ərizələrində bildirilir ki, Qazax rayonu Qaz İstismar İdarəsinin rəhbərliyi tərəfindən törədilən əməlləri sözün əsil mənasında soyğunçuluqla müqayisə etmək olar. Məsələ bundadır ki, Qazax Qİİ-nin rəisi Rasim Zeynalov rayon əhalisinin təbii qaz yanacağı ilə təmin edilməsi üçün ayrılmış vəsait və materialların davamlı surətdə mənimsənilməsində ittiham olunur. Əlbəttə ittihamlar hələ ki, hüquq mühfizə orqanları tərəfindən deyil, sadə vətəndaşlar tərəfindən irəli sürülür. Bununla belə bu ciddi iradlar heç də əsassız deyildir.

DİA.AZ-a rayondan daxil olan məlumatlarda bildirilir ki, Rasim Zeynalov mütəmadi olaraq Qazax rayonu ərazisində kilometrlərlə ölçülən məsafələrdə qaz borularının yenilənməsi, həmçinin guya ki, görülmüş cari təmir işləri və sairə haqda saxta sənədlər hazırlayaraq yuxarı instansiyalara təqdim edir. Həmçinin məlumatlarda bildirilir ki, rayonun bir sıra kəndlərinə çəkilməsi nəzərdə tutulmuş qaz boruları da Rasim Zeynalov tərəfindən satılmışdır. Dövlət sifarişlərini yerinə yetirə bilmədiyindən idarə rəisi Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərova da mütəmadi olaraq yalan məlumatlar verir.

Qeyd edək ki, Rasim Zeynalov bir müddət bundan əvvəl Abşeron rayonu Qaz İstismar İdarəsinin rəis müavini vəzifəsində işləyirdi. Elə Qazaxa təyinatı da Rasim müəllim məhz Abşerondan alıb. Burada isə təbii ki, rəis vəzifəsi məmurun qarşısında yeni imkanlar açıb. Axı bizdə adətən belə olur, daha yüksək vəzifə məmurlar üçün nədənsə ilk növbədə yeni və daha artıq məsuliyyət yükü ilə deyil, məhz daha çox imtiyazlarla cəlbedici olur. Məsələn, belə imtiyazlardan biri kimi rayonun Daş Salahlı kəndində açılmış yeni qaz istismarı sahəsinə rəis və işçilərin təyinatı prosedurunu göstərmək oar. Məlum olduğu kimi “Azərqaz” İstehsalat Birliyi vakant yerlərə işçi qəbulunun test üsulu ilə keçirilən müsabiqələr vasitəsilə həyata keçirildiyini iddia edir. Lakin Rasim Zeynalovun bu məsələdə mövqeyi bir qədər fərqlidir. Yəni son nəticədə onun da üsulunu müsabiqə adlandırmaq olar. Lakin bu müsabiqənin əsas şərti kim çox bilir prinsipinə deyil, kim çox verəcək prinsipinə əsaslanır. Mənbələr iddia edirlər ki, Qazax Qİİ-nin rəisi Daş Salahlı qaz istismarı sahəsinin həm rəis, həm də bütün qalan vəzifələrini açıq satışa çıxarıb. Digər tərəfdən isə bu kimi “müsabiqələr” həm də sakinlərin hüquqlarının addımbaşı pozuntuları ilə müşayiət olunurlar. Belə ki, hal-hazırda da Qazaxın Bakı küçəsində yerləşən 97, 98, və 100 saylı evlərin sakinləri qazsız qalıblar. Belə ki, Rasim Zeynalovun əməkdaşları bu evlərin qaz sayğacları ilə təmin olunmasını uzun müddətdir ki, müxtəlif bəhanələrlə qəsdən ləngidirlər. Bu yaxınlarda isə elə həmin əməkdaşlar da evlərin hər birinə sayğacsız qaz istifadəsi səbəbilə 500 manat məbləğində cərimə yazıblar. Təbii ki, bu haqsızlığa etiraz edən sakinlər araşdırma tələb ediblər. Məhz elə bu “araşdırmaların” nəticəsi kimi də Qİİ onların evlərinə qaz verilişini dayandırıb.

Əlbəttə bütün bu ittihamların kifayət qədər ağır olduğunu biz də başa düşürük. Bununla belə etibarlı mənbələrdən aldığımız məlumatlar əsil vəziyyətin daha ciddi olduğunu vurğulayır. Ümid edirik ki, səlahiyyətli orqanlar lazımi araşdırmaları apararaq bütün məsələlərə aydınlıq gətirəcəklər.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt