Əsas Səhifə > Ölkə, Manşet > AEROPORT GÖMRÜYÜNDƏ İLGİNC MAXİNASİYALAR

AEROPORT GÖMRÜYÜNDƏ İLGİNC MAXİNASİYALAR


9-09-2013, 13:19
AEROPORT GÖMRÜYÜNDƏ İLGİNC MAXİNASİYALAR
DEMYƏİN Kİ, SADİQ ABDUYEVİN BUNDAN XƏBƏRİ YOXDUR

DİA.AZ: - Gömrük keçid məntəqələrində yaşanan müxtəlif problemlər, rüşvət və korrupsiya halları bu gün mətbuatda ən çox qaldırılar öproblemlərdəndir. Elə redaksiyamıza daxil olan məlumatlarda da bu istiqamətdə cərəyan edən özbaşınalıqlardan danışılır.

DİA.AZ-ın əldə etdiyi bilgilərə görə, bu kimi problemlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gömrük-keçid məntəqəsində ciddi şəkildə mövcuddur. Mənbənin təqdim etdiyi məlumatlardan aydın olur ki, ciddi maxinasiya halları ölkəyə daxil olan mobil telefonlardan, eləcə də qida və sənaye məhsullarından tutmuş fərdi avtomobil idxalına qədər həyata keçirilən bütün sənədləşdirmələr zamanı baş verir.

Xüsusilə məntəqədə bəzi ərzaq məhsullarının tam sənədləşdirilmədiyi, yəni bir hissəsinin qeyri-qanuni ölkəyə buraxıldığı vurğulanır. Qeyd edək ki, mənbə bu haqda kifayət qədər faktların mövcud olduğunu iddia edir. Həmçinin məlumatda xüsusi olaraq vurğulanır ki, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər bu gömrük-keçid məntəqəsində daha çox rüşvət tələbləri ilə üzləşməli olurlar. Ticarət məqsədilə xarici ölkələrə getmək istəyən və bu zaman özləri ilə nəğd valyuta aparan şəxslər isə demək olar ki, xüsusi risk qrupuna aid olurlar. Ayrı-ayrı şəxslərdən alınan məlumatlara görə onlardan ölkədən çıxarmaq istədikləri nəğd pulun 10-20%-i tələb olunub. Buna etiraz edən vətəndaşlar isə ən müxtəlif formada təsirlərə məruz qoyulurlar. Hətta təsir vasitəsi kimi vətəndaşa qarşı cinayət işinin açılması halları da məntəqənin fəaliyyəti zamanı dəfələrlə müşahidə olunub.

Maraqlıdır ki, bəzi hallarda Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gömrük-keçid məntəqəsində cərəyan edən hadisələr, sanki kimlərinsə qəsdən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək niyyətini büruzə verir. Mövzuya dair ötən yazılarımızda da biz qeyd etmişdik ki, bu gün ölkə iqtisadiyyatının daha dinamik inkişafını əngəlləyən amillərdən biri kimi məhz müxtəlif sahələrdə monopolist inhisarların yaranmasını göstərmək olar. Qəribədir ki, dövlətin yeritdiyi antiinhisar siyasətinə tamamilə zidd olaraq bu monopolizasiyanın formalaşmasına bəzi dövlət strukturları özləri xüsusi şərait yaradırlar.

Elə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin fəaliyyətində də bu ziddiyyəti müşahidə etmək olar. Qeyd etmək lazımdır ki, gömrük xidməti general-mayoru Sadiq Abduyevin rəhbərlik etdiyi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) fəaliyyəti digər dövlət qurumları arasında mətbuat üçün daha qapalı olmağı ilə fərqlənir. Əlbəttə, bu məqama bəraət qazandırmaq məqsədilə İdarənin rəhbərliyi tərəfindən təhlükəsizlik konsepsiyasının müddəaları bəhanə gətirilsə də, əslində məsələnin kökündə bu qurumun fəaliyyətində yer almış rüşvətxorluq və digər korrupsiya hallarının gizlədilməsi cəhdlərinin durduğu hamıya aydındır. Lakin bu tədbirlər bilavasitə vətəndaşlarla işləyən təşkilatda qapalılığı qətiyyən təmin edə bilməz.

Məlumdur ki, HNBGİ-nin əməkdaşları ölkəyə gətirilən müəyyən malların müqabilində astronomik məbləğlərdə rüşvət tələb etməklə bir tərəfdən monopolistlərin sifarişlərinə əməl edərək onların fəaliyyətlərini dəstəkləyir, digər tərəfdən isə daxili bazarda süni qiymət artımını stimullaşdırırlar. Xüsusilə Çin və Dubay kimi ölkələrdən idxal olunan məhsulların bazarında isə bir çox hallarda bu idarənin əməkdaşları özləri monopolist kimi çıxış edirlər. Maraqlıdır, görəsən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev öz əməkdaşlarının yol verdikləri bu əməllərdən nə dərəcədə xəbərdardır? Hər halda bunu müəyyən etmək üçün falçılığa gərək yoxdur. Çünki baş verən özbaşınalıqların məhz general mundirinin kölgəsi altında cərəyan etməsi faktdır.

Geri qayıt