Əsas Səhifə > Siyasət, Manşet > RAZİM MƏMMƏDOV QIZIL BİZNESİNDƏ MEYDAN SULAYIR
RAZİM MƏMMƏDOV QIZIL BİZNESİNDƏ MEYDAN SULAYIR9-09-2013, 12:30 |
XƏTAİNİN İCRA BAŞÇISININ “TOXUNULMAZLIĞININ” DAHA BİR SİRRİ AÇILDI DİA.AZ: - Təxminən, bir neçə ay öncə Milli Məclisin deputatı İlyas İsmayılov korrupsiya ilə bağlı məsələlərə toxunaraq tənqidi fikirlər səsləndirmişdi. O söyləmişdi ki, Azərbaycanın ən böyük problemlərindən biri korrupsiya ilə mübarizədir: «Fikrimcə, korrupsiyaya qarşı mübarizə hətta Qarabağ münaqişəsindən də mürəkkəb problemdir. Prezident İlham Əliyev də hər dəfə bölgələrə səfər çərçivəsində, eləcə də Nazirlər Kabinetinin iclaslarında etdiyi çıxışlarında korrupsiyaya qarşı mübarizəni ön plana çəkir. 2011-ci ilin fevral ayında Qazaxa səfəri zamanı da bu məsələni gündəmə gətirib. Dövlət başçısı çıxışında müvafiq qurumlardan korrupsiyaya qarşı mübarizə aparmağı tələb edib. Elə həmin ilin dekabr ayının sonunda, Yeni il axşamı Azərbaycan xalqına müraciətində də bu məsələnin üstündə dayanıb. Bu yaxınlarda Nazirlər Kabinetinin iclasında da korrupsiyaya qarşı mübarizəni qabartdı. Korrupsiya ilə mübarizə isə bir çox tədbirlərin həyata keçirilməsini zəruri edir». Millət vəkili onu da qeyd edib ki, vəzifə sahibi paralel olaraq biznes fəaliyyəti ilə də məşğul olursa, bu zaman o, tutduğu vəzifədən ancaq öz maraqları naminə istifadə edir: «Korrupsiyanın da mahiyyəti sadəcə, kiminsə mənfəət güdməsindən, rüşvət almasından deyil, eyni zamanda məhz bundan da ibarətdir. Korrupsiyanın mahiyyəti ondan ibarətdir ki, dövlət aparatında məhz cinayətkar maraqlar çulğalaşır. Vəzifəli şəxsin bizneslə məşğul olması da məhz buna aparan yoldur. Bu yolun qarşısını kəsmək lazımdır». Deputatın da söylədiyi kimi, bu gün ölkəmizdə vəzifə tutan bir çox məmurlar vəzifələrindən sui-istifadə edərək bizneslə məşğul olurlar. Mövcud qanunvericilik isə məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını birbaşa qadağan edir. Belə məmurlardan biri də Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Razim Məmmədovdur. DİA.AZ bildirir ki, bu barədə “gundelik-baku” tərəfindən məlumat yayılıb. Onun biznes fəaliyyəti ilə bağlı bu vaxta qədər mətbuat səhifələrində çox danışılıb. Məlumat üçün qeyd edək ki, məmurun Xətai rayonu ərazisində yüzlərlə obyekti-çay evləri, restoranları, avtoyuma məntəqələri, aptekləri, uşaq geyim dükanları, şadlıq sarayları fəaliyyət göstərir. Baxmayaraq ki, ayda 1200 manata yaxın maaş alır, amma bu qədər var-dövlətə sahibdir. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, icra başçısı qızıl biznesi ilə də məşğul olur. Onun yaxın adamları Azərbaycana Rusiya və Dubaydan qızıl gətirirlər: «Paytaxtın qızıl satışı həyata keçirilən ticarət mərkəzlərində icra hakiminin qızıl «polka»ları var. «Laçın», «Lotos», «Diqlas» və «Mərkəzi Univermaq»da, eləcə də Gənclikdəki qızıl dükanlarında icra hakiminin yaxın adamları onun qızıl biznesini idarə edirlər. Razim Məmmədov Rusiyadakı yaxın tanışlarının vasitəsilə qızılları ordan ucuz qiymətə aldırır və Bakıdakı satışa çıxarır». Mənbənin sözlərinə görə, icra başçısı ölkəyə gətirdiyi qızıl məmulatlarını gömrük orqanlarındakı tanışlarının sayəsində çox asanlıqla qeydiyyatdan keçirir: «Ölkənin qızıl biznesinin bəlkə də yarısı icra hakiminin nəzarəti altındadır. Məmur bu biznesə qoyduğu sərmayəni Xətaidə satdığı torpaqların və sahibkarlardan yığdığı «şirinlik»lərin hesabına əldə edib». Qaynağın iddiasına əsasən, qızıl biznesindən milyonlar qazanan icra hakimi həmin pulları tikinti sektoruna yatırır: «O, gələcəyini fikirləşib indidən özünə gün-güzəran yaradır. Heç kim vəzifədə əbədi deyil. Nə vaxtsa onu da işdən çıxaracaqlar. Bunu nəzərə alan icra başçısı bacardığı qədər sərvət toplayır ki, sabah vəzifədən çıxarılanda çətin vəziyyətdə qalmasın. Deyilənə görə, Bakının müxtəlif yerlərində hündürmərtəbəli binalar tikdirir. Bu işlərə onun yaxın qohumları və ailə dostları rəhbərlik edirlər. Xətai rayonu sürətlə xarabalığa çevrilir, məmur isə özünə gün ağlayır». Bir daha vurğulamaq istəyirik ki, ölkəmizdə məmurların biznes fəaliyyəti ilə məşğul olması qəti qadağandır. Razim Məmmədov bunu bildiyi halda, niyə qanunlara riayət etmir? Bütün bu işlər ondan xəbər verir ki, icra başçısı artıq heç kimə, hətta prezidentə belə tabe olmaq istəmədiyini göstərir. Biz isə inanırıq ki, cənab İlham Əliyev Xətainin rəhbərini öz bildiyi formada cəzalandırıb, rayona işini bacaran şəxsi başçı təyin edəcək. Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq. Geri qayıt |