Əsas Səhifə > Siyasət, Manşet > SEÇKİLƏRƏ QƏDƏR KİMİN KÜRSÜSÜ YERİNDƏN OYNAYIR?

SEÇKİLƏRƏ QƏDƏR KİMİN KÜRSÜSÜ YERİNDƏN OYNAYIR?


9-09-2013, 11:30
SEÇKİLƏRƏ QƏDƏR KİMİN KÜRSÜSÜ YERİNDƏN OYNAYIR?
HAKİMİYYƏT DAXİLİNDƏ GEDƏN OYUNLAR DƏYİŞİKLİYİ ZƏRURİLƏŞDİRİR

DİA.AZ: - Hakimiyyət daxilində yeni silkələnmələr gözlənilir. Bu ilginc məlumatı DİA.AZ-a mötəbər mənbələr ötürüb. Hökumət içindəki qaynaq iddia edir ki, prezident seçkilərinə ənənəvi reaksiyalardan da əsər-əlamətin qalmaması deyilənlərin sübutu kimi qəbul olunmalıdır.

Mənbə deyir: «Əvvəllər hər hansı seçki prosesi, ələlxüsus da prezident seçkiləri ərəfəsində hakimiyyət daxilindəki qruplaşmalar istənilən bir umu-küsünü, özəl maraq toqquşmasını bir kənara ataraq vahid mərkəzdə birləşdiyini nümayiş etdirirdi. Yəni çəkici eyni zindana vururdular.

İndi isə tamam fərqli atmosfer müşahidə olunmaqdadır. Ənənəvi müvəqqəti əməkdaşlıqdan belə əsər-əlamət qalmayıb. Yetərincə özfəaliyyət meyilləri hiss olunmaqdadır ki, bu da iqtidar daxilindəki qruplaşmaların seçkilərdən sonra prosesləri bəri başdan önləmək niyyətindən doğur».

Mənbə iddia edir ki, seçkidən sonra hədəfə alınacaq məmurlar özlərinə müdafiə çətiri formalaşdıra bilmələri üçün hərəkətdədirlər: «Onların hansı formada pozuculuq fəaliyyəti ilə məşğul olduqlarını görməmək mümkün deyil. Və bu fəaliyyətlərdən hətta hakimiyyətin ümumi maraqlarının təhlükə altına düşməsi də faktdır. Elə buna görə də seçki dövründə çox ciddi dəyişikliklər baş verə bilər ki, bu da əslində «müqavimətçi»lərin susdurulmasına hesablanıb».

Mənbəmizə görə, məhz bu müstəvidə çox ciddi fiqurlardan birinin vəzifəsindən alınması gözlənilir.

Geri qayıt